Mart soyqırımı babamın xatirələrində...

post-img

XX əsrdə erməni quldurlarının dinc azərbaycanlı əhaliyə qarşı vəhşilikləri barədə, demək olar ki, artıq bütün Azərbaycan xalqı məlumatlıdır. Bu məlumatlılıq əsasən ötən əsrin sonlarında baş verən Qarabağ münaqişəsindən sonra daha çox kütləviləşdi. Lakin etiraf etməliyik ki, Qarabağ münaqişəsi başlayana qədər erməni vəhşilikləri çoxları tərəfindən unudulmuş və yaxud yaddaşımızın açmaq istəmədiyimiz arxa qatlarına keçmişdi. 

Sovet ideologiyasının durmadan manşetlərə çıxardığı “xalqlar dostluğu” təbliğatından unutqanlıq payı götürən ən çox bizim toplum oldu. Amma çox keçmədi ki, sovetlərin bu şüarı ermənilərə nisbətdə nə qədər qeyri-səmimi olduğunu sübut etdi.  Sonra baş verən dəhşətli qətliam və soyqırımı hadisələri, işğal və talan 70 il zorla ört-basdır edilməyə çalışılan mart soyqırımının, əslində, növbəti ssenarisi idi. Mart soyqırımı barədə çoxsaylı şahidlər və faktlar mövcuddur. Amma mənim faktım mərhum babamın bizə sağ ikən nəql etdikləridir. Heç vaxt yadımdan çıxmaz, biz kəndə gedəndə və ya o bizə geləndə həmişə tarixdən söhbətlər açardı. Babamın şəxsiyyəti, dediyi sözlər bizim üçün qanun idi. Onu hünərli və sözübütöv ağsaqqal kimi tanıyırdılar. Biz də fəxr edirdik. Və onun söhbətlərinə canikönüldən qulaq asardıq. 

Hadisələr başlayarkən babam Xanbaba Əliyevin cəmi 8 yaşı olub. 1910-cu ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. Babası Bəyalı bəy kəndin çox imkanlı bəylərindən olduğu üçün atası Hümmət kişiyə xeyli mal-qara  sürüsü, mal-mülk qoyub getmişdi. Babam danışırdı ki, Əngəxarana hücumlar qəfil başlamışdı. Erməni silahlıları və onlara dəstək verən malakan dəstələri onları mühasərəyə almış və kəndin nüfuzlu insanlarını öldürmüş, kişilərin bir çoxunu əsir aparmışdılar. Atası Hümmət kişi ailəsini Məlhəm kəndinə qaçıra bilmiş və orada dostunun evində gizlətmişdi. Özü isə kəndə qayıtmış, lakin bir daha geri, ailəsinin yanına qayıtmamışdır. Deyirdilər ki, ermənilər tərəfindən əsir alınmış və qətlə yetirilmişdir.  

Yadımdadır ki, babam bunlardan danışanda təkcə atasını itirmiş oğul kimi deyil, millətinin bilməli olduğu nüanslları çatdırmaqda özünü mükəlləf bilən bir ağsaqqal, bilgə kimi söhbət açardı. 

Danışardı ki, hadisələrin başında Stepan Şaumyan dayanıbmış. Onun tapşırığı ilə Şamaxı ermənisi Stepan Lalayev qırğınlara rəhbərlik edib. Lalayev bölgəni yaxşı tanıyırdı, ona görə də özü bu işə rəhbərlik edirdi. Mədrəsədə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin də ruslar yaşayan kəndlərə - Hilmilliyə, Qızmeydana, Çuxuryurda silah, sursat paylatmış, onları başdan-ayağa silahlandıran məhz o olmuşdur. Hadisələrin balaca şahidi olaraq babam danışırdı ki, Şamaxının ən çox qırğına məruz qalan kəndlərindən biri də məhz Əngəxaran olmuşdur. Burada yüzlərlə insan vəhşicəsinə öldürülmüş, neçə-neçə aşıqlar, mollalar şəhid edilmiş, onların mal-mülkləri talan edilmişdi. Dediyinə görə, kəndə qayıdanda görüblər ki, atasının yüzlərlə baş mal-qarası da, evləri də erməni quldurlar tərəfindən yağmalanıb. Hə, onu da xüsusi qeyd etməyi həmişə özünə borc bilirdi ki, onlar kəndə yalnız Osmanlı türk ordusunun erməniləri məğlub etdiyini eşidəndən sonra axışıb gəliblərmiş. Hər dəfə türk ordusundan danışanda, onların Şamaxının Acıdərə deyilən yerində erməni-bolşevik quldurlarını necə darmadağın etdiyindən fəxrlə danışardı. Hətta duyğulanardı da... Deyirdi ki, türklər gəlməsəydi, indi bəlkə də biz yox idik. Çünki ermənilər əvvəl-axır bizi də tapıb öldürəcəkdilər. 

Babamın xatirələrini professor, soyqırımı tədqiqatçısı Seyfəddin Qəniyev də öz araşdırmalarında təsdiqləyirdi. O da Şamaxının ən çox soyqırımına məruz qalan yaşayış məntəqələrindən birinin Əngəxaran olduğunu yazılarına bildirirdi. Tədqiqatçı əldə etdiyi məlumata görə, Əngəxaranda 510 nəfər qətlə yetirilmiş, onlardan 70 nəfərinin başı “Qanlı dərə” və ya “Əngəxaran dərəsi” adlanan yerdə vaxtilə Şamaxıda qəssab işləmiş bir erməni tərəfindən kəsilib. Kənddəki 186 evdən 181-i yandırılmış, 7 aşığın külliyyatı məhv edilmiş, bir aşığı isə qanına qəltan etmişlər. Cümhuriyyət dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarına əsasən, bütövlükdə Şamaxı qəzasında 10 minə yaxın soydaşımız qətlə yetirilmişdir. Bu isə açıq-aşkar soyqırımı aktı, bir millətin məhvinə yönəlmiş dəhşətli cinayət əməlləridir. 

Babam soyqırımı hadisələrindən danışıb, uşaqlağını dərin təəssüf hissilə xatırlayırdı. Onun çox keşməkeşli uşaqlıq illərinin olduğunu qeyd edirdi. Hətta deyirdi ki, sizə nə var, siz kef çəkirsiniz. Biz nələr görmüşük, nələr... Beləcə, atasının öldürülməsi uşaqlıqdan onun yaddaşında dərin izlər buraxmışdı.

Sovetin qondarma “xalqlar dostluğu” şüarını qəti rədd edərdi. Deyirdi ki, gərək həmişə əli tətikdə olaq. Özümüzün güclü ordumuz olsun. Onlar 1918-ci ildə bizə qarşı düşmənçilik etdilər, bizi qırdılar, yenə də imkan düşdükcə qıracaqlar. Əlbəttə, Xocalı soyqırımı baş verəndə mən babamın nə qədər haqlı olduğunu bir daha anlamışdım. 

Bir şeyə təəssüf edirəm ki, o Azərbaycanın 44 gündə düşməni necə darmadağın etdiyini, millət olaraq, dövlət olaraq böyük qələbəmizi görə bilmədi. Ömür vəfa etmədi. Lakin əminəm ki, indi onun da, şəhid edilmiş atasının da ruhu şaddır. Çünki 44 günlük müharibədə bütün erməni şovinistləri azərbaycanlılar qarşısında son 100 illiyin hesabatını vermiş, etdiklərinin bədəlini ödəmiş oldular. 

Anar TURAN

XQ



Qan yaddaşı