“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb

post-img

Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu martın 16-da öz işini panel iclaslarla davam etdirib.

Sloveniyanın sabiq Prezidenti Borut Pahorun moderatorluğu ilə keçirilən gü­nün ilk, ümumilikdə isə səkkizinci panel iclasında “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda geniş müzakirələr aparılıb.

Avropa İttifaqına üzvlük məsələsinə münasibət bildirən Münxen Təhlükəsiz­lik Konfransı Fondu Şurasının prezidenti Volfqanq İşinger vurğulayıb ki, Aİ-nin sıralarının genişlənməsi özü ilə sülh gətir­məlidir. Müharibələr, münaqişələr artdıq­ca, istər-istəməz bütün qitələrə təsir edir. O, burada söhbətin Qərbi Avropada, Bal­kan regionunda baş verənlərdən getdiyi­ni də qeyd edib. Vurğulayıb ki, müharibə amili qarşıya yeni çağırışlar qoyur.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Mladen İvaniçin fik­rincə, Avropa İttifaqının üzvlərinin sayının artması sabitlik şəraitində mümkündür. 

İnteqrasiya məsələsinə toxunan M.İ­vaniç ölkəsinin yaxın zamanlarda Aİ-yə üzv olmasını imkansız hesab edib. Bildi­rib ki, müəyyən problemlər həll olunarsa, üzvlük prosesi sürətlənə bilər. 

Avropa İttifaqı üçün ilkin prioritetin Qərbi Balkan regionunun olduğunu vur­ğulayan Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç bu bölgədə son 10 il ər­zində vəziyyətin daha da gərginləşdiyini xatırladaraq bildirib: “Biz etnik cəmiyyət­lərin hökm sürdüyü bir zamanda yaşayı­rıq. Əgər Avropa İttifaqı dağılsa, bu, Qərbi Balkan regionunda böyük güclərin cəm­ləşməsinə gətirib çıxara bilər. Mən özüm Avropa İttifaqının gələcəyinə inanmıram”. 

“Dünyanın son 20 ildə necə dəyişdi­yinin şahidiyik”, – deyən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov diqqətə çatdırıb ki, Avropa İttifaqı Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün yaradılıb. O bildirib ki, Avropa İttifaqı bö­yük səhvlərə yol verməklə qitədə dağıdıcı müharibələrə səbəb olub. 

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç isə qeyd edib ki, Qərbi Bal­kan ölkələri Avropa İttifaqına ən yaxın ölkələrdir. Ancaq Avropa İttifaqı (Aİ) Qər­bi Balkan regionu ilə natamam qalacaq. Aİ-nin strateji və təhlükəsizlik problemləri var. Bu İttifaqın ölkələrlə bağlı mövqeyi aydın deyil. “Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Mən buna təəssüflənirəm. Türkiyənin Avropa İttifaqında olmasından daha çox fayda götürə bilərik”, – deyə İvo Yosipoviç vurğulayıb. 

Maltanın sabiq Baş naziri Cozef Mus­kat diqqətə çatdırıb ki, qlobal problem­lərin hökm sürdüyü dünyamızda əsas problemlərdən biri də ortaq məxrəcə və ya kompromisə gəlməməkdir. 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təş­kilatının Baş katibi Lazar Komanesku söyləyib ki, Avropa İttifaqına üzvlük, qon­şuların sayının artırılması strateji hədəf­lərə əsaslanmalıdır. Hamımız üzvlüklə bağlı Türkiyəyə qarşı edilənləri yaxşı bi­lirik. Onun sözlərinə görə, Avropa İttifaqı qonşularla münasibətdə üzvlüklə bağlı müəyyən konsepsiya hazırlamalıdır və bu konsepsiya hər iki tərəfin marağına uyğun olmalıdır.

Qərbi Avropada və Balkan regionunda baş verən hadisələrdən təəssüfləndiyini dilə gətirən Albaniyanın sabiq Prezidenti İlir Meta regionda sabitliyin pozulması­nın yaxşı hal olmadığını və istər-istəməz qonşularda da təşviş yaratdığını diqqətə çatdırıb. “Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur. Bunun qarşısı alınmalıdır”, – deyə Albani­yanın sabiq Prezidenti qeyd edib.

İnkişaf üzrə sabiq Avropa komissarı, enerji üzrə sabiq Avropa komissarı And­ris Piebalgs bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı vaxt qoyulmalıdır. “Düşü­nürəm ki, qonşular üzv olduğu təqdirdə, Aİ tərəfindən onlara dəstək göstəriləcək. Aİ-yə üzvlük yeni pəncərədən yeni imkanlar deməkdir”, – deyə o qeyd edib. 

***

Forum çərçivəsində “Qlobal çağı­rışlara qarşı davamlılığı artırmaq: Qey­ri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzu­sunda panel iclası keçirilib. 

İrqçiliyə qarşı Avropa Şəhərlər Koali­siyasının prezidenti Benedetto Zakkiro­linin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Beynəlxalq Telekommunika­siya İttifaqının Baş katibinin müavini To­mas Lamanauskas səhiyyə və sənaye sektorlarının vacibliyini qeyd edib. Bildirib ki, müharibə dağıntılarının fəsadlarının qarşısını almaq üçün çalışmaq lazımdır. 

İqlim dəyişikliklərinin tektonik şəkildə cərəyan etdiyini deyən Çex Respublika­sının sabiq Baş naziri Yan Fişer bildirib: “Biz postqloballaşan dünyada yaşamaq məcburiyyətindəyik. Özümüzü sanki pan­demiyadan çıxmamışıq kimi hiss edirik. Parçalanmaya məruz qalan dünyada problemlərin həllini tapmaq üçün buna uyğun davranmalıyıq”.

Birləşmiş Millətlər Təşkilatının Soma­li üzrə sabiq xüsusi elçisi, Mavritaniyanın keçmiş xarici işlər və beynəlxalq əmək­daşlıq naziri Ahmedou Ould-Abdallah miqrasiyanın narahatlıq doğuran əsas məsələlərdən biri olduğunu deyib. 

Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyarti qeyd edib ki, 50 milyona yaxın qadın, kişi, uşaq insan alverinin qurba­nına çevrilib. Bunlar, sadəcə, rəqəmlər deyil. Hər birinin arxasında simalar, insan taleyi durur. Müharibələri dayandırmasaq insanların həyatı məhv olunmağa davam edəcək” , – deyə o vurğulayıb. 

Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat­ları üzrə Məşvərət Qrupunun icraçı direk­toru, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmihan Elouafi müharibələrin ayrı-seçkilik gətirdiyini söyləyib. “Biz mü­haribələrlə bağlı etirazımızı bildirməsək tarix bizi bağışlamaz. Mən özümü ana ola­raq xoşbəxt hiss etmirəm. Çünki analar var ki, uşaqlarına yemək tapa bilmir”, – deyə İsmihan Elouafi qeyd edib.

Beynəlxalq Elm Şurasının baş icraçı direktoru Salvatore Ariko pandemiyanın yaratdığı yeni mühitin süni intellektin ge­nişlənməsinə yol açdığını vurğulayıb. De­yib ki, bu da iş yerlərinin dayanıqlılığına təsir göstərdi. 

İsveçrə İnkişaf və Əməkdaşlıq Agent­liyinin sabiq baş direktoru Valter Fust bildirib ki, 2030 gündəliyində yer alan üç əsas məsələ iqtisadiyyatın, cəmiyyətin və ətraf mühitin inkişafıdır. Burada dördüncü məsələ isə iqlim dəyişikliyidir. Bərabər­sizliyin aradan qaldırılması üçün birgə yaşamağı təmin etməyin vacibliyini vur­ğulayan V.Fust inkişafsız təhlükəsizliyin olmadığını, inkişafın isə təhlükəsizliyin ol­madığı yerdə mövcud olmadığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Qloballaşma və İnkişaf Strategiyaları şöbəsinin direktoru Riçard Kozul-Rayt bərabərsizliyin azal­dılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyi məsələsindən bəhs edib. 

***

Forumu çərçivəsində keçirilən növbəti panel iclası “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusuna həsr olunub.

Iclasa moderatorluq edən Federal Ra­bitə Komissiyasının sabiq komissarı Su­san Ness rəqəmsal parçalanmanın baş verdiyini, rəqəmsallaşmaya insani etik normaların daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. 

BMT Baş Qərargahının informasiya və kommunikasiya texnologiyaları ofi­sində baş katibin köməkçisi Bernardo Mariano texnologiyadan maksimum şə­kildə faydalanmağın və lazımi istifadənin vacibliyini qeyd edib. “İnsan və maşın arasında nə isə düzgün getmir. Bu isə idarəetmədən asılıdır. Hökumət inqilab­lara uyğunlaşmalı və bunu tənzimləməli­dir”, – deyən B.Mariano insan zəkasının süni zəkadan daha mürəkkəb olduğunu, süni intellektin sürətli olmasına baxma­yaraq, insan beyni ilə ayaqlaşa bilmədi­yini vurğulayıb. 

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məm­mədov regionda baş verən münaqişələ­rin kiberhücumlarla müşayiət olundu­ğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çev­rilib.

Dünyanın daha çox rəqəmsallaşaca­ğını bildirən Monteneqronun sabiq müda­fiə naziri Miliça Peyanoviç-Durisiç əlavə edib: “Süni intellekti düzgün formada isti­fadə etməsək, hər bir problem kəskin şə­kildə dərinləşəcək. Bununla bağlı müza­kirələr apardıqca risklərin yumşaldılması yollarını kəşf edirik. Hərbi sahədə daha çox süni zəkaya əsaslanan həll yolları üs­tün tutulur. Amma süni intellektin yaratdığı münaqişələrin qarşısını almalı, narahatlı­ğımızı sərgiləməliyik”.

Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov süni zəkanın son dövr­lər dünyada çox populyarlaşdığını deyib. Qeyd edib ki, süni intellekt insanlara qarşı potensial risklər törədir. Yanlış süni intel­lektin qarşısı alınmalıdır. 

Qlobal Tərəfdaşlıq Forumunun prezi­denti və baş icraçı direktoru Amir Dossal süni intellektin hökumət tərəfindən deyil, özəl sektor tərəfindən idarə olunduğunu diqqətə çatdıraraq bildirib: “Əslində, süni intellektin sosial məqsədlər üçün istifadə­si arzuolunandır. Hər bir texnologiya yaxşı məqsədlərlə yanaşı, mənfi niyyətlər üçün də istifadə oluna bilər. Təəssüf ki, hazırda süni intellekt silah kimi istifadə olunur". 

Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Prezident İlham Əliyevin re­gionda enerji təhlükəsizliyini faktiki olaraq təmin etdiyini vurğulayıb. Deyib ki, bunun­la da bu sahədən bizə qarşı silah kimi is­tifadə edənlərin təhdidi aradan qaldırılıb.

Türkiyənin Çexiyadakı səfiri, qardaş ölkənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Bağış isə çıxışında Azərbaycanın müharibə zamanı çoxsay­lı kiberhücumlara məruz qaldığını söy­ləyərək bildirib ki, Zəfər qazanılana qə­dər ABŞ-dakı erməni diasporu çox geniş fəaliyyətlə məşğul idi. E.Bağış Türkiyənin dron texnologiyalarında qabaqcıl ölkə kimi fərqləndiyini və onların müxtəlif ölkələrin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öz qabiliyyətini təsdiqlədiyini diqqətə çatdı­rıb. “Süni intellekt və kibertəhlükəsizlik qlo­bal gündəmə daha çox salınmalıdır. NATO 2016-cı ildə kibertəhlükəsizliyi yeni döyüş meydanı hesab etməyə başladı. Təsadü­fi deyil ki, genişmiqyaslı kiberhücumlarla rastlaşırıq”, – deyə sabiq nazir bildirib.

***

Forumun son panel iclası “Gənc­lər danışır, biz dinləyirik” mövzusuna həsr olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi­nin gənc lideri Assen Plevnelievin mo­deratorluğu ilə keçirilən tədbirdə gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə edilib. 

“McKinsey & Company” şirkətinin idarəçilik üzrə müşaviri Adelin Suvana ətraf mühitə həsr olunmuş layihəsi barə­də forumun iştirakçılarına məlumat verib. 

Çinin “Schwarzman Scholars” proqra­mının üzvü Çengkai Siye öz növbəsində bir milyard uşağın iqlim dəyişmələrinin təsirinə məruz qaldığını qeyd edib. Deyib ki, dünya bununla barışmamalıdır. Ümu­mi gərginliyin günbəgün artdığını bildirən Çengkai Siye bunun gənclərin də həyatı­na təsir göstərdiyini diqqətə çatdırıb. 

“Capitakk solutions” şirkətinin me­neceri Manthan Şah gənclərin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə­çilərindən ruhlandıqlarını deyib. O bildi­rib: “Azərbaycanın ev sahibliyi etdiyi bu Forumda biz artıq əməli addımlar barədə düşünməliyik”. 

Avstriya Xarici İşlər Nazirliyinin inteq­rasiya üzrə səfiri Elnara Maria Abdalla enerji keçidi haqqında danışıb. Yaşıl ener­jiyə keçidin Afrika, Asiya, Latın Amerikası üçün problem yaratdığını bildirib. Elnara Maria Abdalla Azərbaycanda keçiriləcək COP29-un böyük fürsətlər yaradacağını söyləyib.

İtaliyanın Trieste Universitetinin Bey­nəlxalq və diplomatik elmlər fakültəsinin məzunu Mitya Husu insanların və təbii proseslərin düzgün idarə edilməsinin məqsədəuyğun olduğunu qeyd edib. 

Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Fo­rumu başa çatıb. 

XQ



Son xəbərlər