Bakıda islamofobiya ilə mübarizədə qlobal dialoqa çağırış

post-img

Martın 8–9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkil etdiyi konfrans 15 Mart İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunub. 

Beynəlxalq məclisin açılış mərasimin­də Azərbaycan Respublikası Prezidenti­nin köməkçisi - Prezident Administrasiya­sının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına mü­raciətini oxuyub (Müraciət qəzetin bu­günkü nömrəsində dərc olunub). 

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direk­toru Rəvan Həsənov bildirib ki, Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, bugünkü dün­yada xristianlar da ayrı-seçkiliyin qurbanı olur. Ona görə də bütün dünya bu ay­rı-seçkiliyə qarşı mübarizə aparmalıdır. Fransada Xurşidbanu Natəvanın abidə­sinə qarşı törədilən vandallıq aktından da danışan F.Şəfiyev bildirib: “Azərbaycan həmin abidəni Fransadakı səfirliyinə kö­çürdü. Bu vandallıq aktı Fransanın ölkə­mizə qarşı siyasəti ilə bağlıdır”.

Konfransın açılış mərasimində səs­ləndirilən BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nü­mayəndəsi Migel Anxel Moratinosun təd­bir iştirakçılarına müraciətində bildirilib ki, dünyada bir çox müsəlmanın islamofobi­yanın qurbanı olmağı böyük təəssüf do­ğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qar­şı nifrət deyil, fobiyadır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei konfransda çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini İslamofobiya ilə Bey­nəlxalq Mübarizə Günü elan etməsi is­lamofobiyaya qarşı mübarizədə mühüm addımdır. Bu mübarizədə bizim üzəri­mizə böyük məsuliyyət düşür. 

Konfransda çıxış edən G20 Dinlə­rarası Dialoq Forumunun prezidenti Kol Durham deyib ki, islamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. O qeyd edib ki, dünyada İslam dininə qarşı qərəzli mü­nasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də isla­mofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.

Açılış mərasimindən sonra bey­nəlxalq konfrans işini “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda plenar iclasla da­vam etdirib. ADA Universitetinin prorek­toru Fariz İsmayılzadənin moderatorluq etdiyi müzakirələrdə Qafqaz Müsəlman­ları İdarəsinin sədri, şeyxülislam Allahşü­kür Paşazadə, ICESCO-nun Sivilizasiya­lararası Dialoq Mərkəzinin direktoru Xalid Fətəlrahman Ömər Məhəmməd, İslam Əməkdaşlıq Təşkilatının İslamofobiya­nın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto, Cənubi Afrika Respublikasının ABŞ-dakı sabiq səfiri, Hamı üçün Dün­ya Fondunun təsisçisi Ebrahim Rasul, Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri, Böyük Brita­niya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan islamofobiyanın müxtəlif təzahürlərini kəskin tənqid edib­lər.

Beynəlxalq konfransın “Multikultu­ralizm, İslam və sivilizasiyaların toqquş­ması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi”, “İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofo­biya”, “Ali təhsil kontekstində islamo­fobiya ilə mübarizə”, “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları”, “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları”, “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları”, “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdı­rılması”, “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edil­məsi və müqaviməti, cins və cəmiyyət” mövzusunda panel iclaslarında da Qərb islamofobiyası ittiham edilib, bu bəşəri bəlaya qarşı ümumi mübarizəyə çağırış səslənib. 

Sonda beynəlxalq konfransın Birgə Kommünikesi qəbul olunub.

XQ



Son xəbərlər