“Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

post-img

Hörmətli konfrans iştirakçıları!

Sizi “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzu­sunda Bakıda keçirilən beynəlxalq kon­fransda salamlayıram. Bugünkü tədbirin İslam aləmi üçün mübarək Ramazan ayının başlaması və “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində keçirilməsi rəmzi məna kəsb edir.

Təəssüflər olsun ki, dünyada islamo­fobiya meyilləri sürətlə artmaqdadır. İsla­mın potensial təhlükə mənbəyi kimi aşı­landığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dö­zümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.

Acınacaqlı haldır ki, hazırda islamo­fobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam tə­zahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək sə­viyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azad­lığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bə­rabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəl­manların hüquq və azadlıqlarının məh­dudlaşdırılmasına yönəlmiş qanunverici­lik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəl­man vətəndaşlar sıxışdırılır.

Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri is­lamofob əhvali-ruhiyyəni daha da qızış­dırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. Təəs­süflər olsun ki, özlərini demokratik ad­landıran bəzi Qərb təsisatları da anti-İs­lam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında si­yasət yürüdən platformalara çevrilmişdir.

Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özü­nü büruzə verir. Bu qurumlar tərəfindən İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyət aparılır, İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirilir.

Biz vüsət almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş bu meyilləri qəti şəkildə pisləyirik. İslam sülh, mər­həmət, dözümlülük və ədalət dinidir. Dünya xəritəsinə baxdıqda, terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlman­lar olduğunu görə bilərik.

Azərbaycan da islamofobiyadan əziy­yət çəkən ölkədir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırma­lara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilər­də yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yer­lərinin, məscid və türbələrimizin təyina­tının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə oluna­raq orada dinimizdə haram sayılan hey­vanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir.

Eyni zamanda, Ermənistan ərazi­sində yerləşən Azərbaycanın İslam ta­rixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur. Azərbaycan UNES­CO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndiril­məsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış etmişdir. Əfsuslar olsun ki, UNESCO in­diyə kimi bu çağırışa cavab verməmişdir.

Biz Azərbaycanın çoxmillətli və çox­konfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə mil­li sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tər­zidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.

Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərləri­nin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir. Azərbaycan müxtəlif mədə­niyyətlər arasında ahəngdar münasibət­ləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədə­niyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. May ayında Bakıda keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdün­ya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir.

XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələn­dirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiy­yətlər daxilində nifaq və qarşıdurma ya­ratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm idealların­dan və ümumbəşəri dəyərlərdən məh­rum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.

Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobi­ya ilə mübarizə əzmini nümayiş etdirir. Əminəm ki, konfrans islamofobiyaya qar­şı birgə səylərlə mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsas­lanan tolerantlıq və sülh mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konf­ransın işinə uğurlar diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2024-cü il

Məktublar