Akademik Şahin Mustafayev Antalya Diplomatik Forumunun panel sessiyasında çıxış edib

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Antalya Diplomatik Forumunun “Regional əməkdaşlıqda mədəniyyət və təhsilin rolu” adlı panel sessiyasında çıxış edib.

Tədbirdə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, İslam, İncəsənət və Mədəniyyət Tarixi Araşdırmalar Mərkəzinin (IRCICA) direktoru Mahmud Erol Kılıç, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova və digərləri iştirak ediblər.

Panel müzakirəsində akademik Şahin Mustafayev regional təşkilatların qlobal siyasətdə rolunun önəmini qeyd edib. O, mədəniyyət və təhsil sahəsində tərəfdaşlığın diplomatik tərəqqidə vacibliyinə diqqət çəkib. Bildirib ki, mədəniyyət, elm və təhsil sahələrində regional birgə fəaliyyət xalqlar arasında qarşılıqlı anlaşmaya və tolerantlığa kömək edir.

“Təhsilin keyfiyyətinə sərmayə qoymaqla biz iqtisadi artıma, yoxsulluğun azaldılmasına və sosial həmrəyliyin inkişafına töhfə veririk”, – deyən akademik Şahin Mustafayev Türk Universitetləri Birliyi və Orhun Mübadilə Proqramı kimi təhsil sahəsində regional əməkdaşlığın uğurlu nümunələrini göstərib. 

O, bu il Əhməd Yasəvi Universiteti və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə Türküstanda yay məktəbinin təşkil olunacağını diqqətə çatdırıb.

Akademiya prezidenti, həmçinin müasir dövrdə texnoloji yeniliklərin gündəlik həyatımızda tətbiqinin qaçılmaz olduğunu söyləyib, müəssisələri texnoloji tərəqqi ilə ayaqlaşmaq üçün inklüziv təhsilə və müəllim hazırlığına çağırıb: “Ölkələrimizi Dördüncü Sənaye İnqilabına hazırlamaq üçün beynəlxalq əməkdaşlığın inkişafında müasir texnologiyalardan istifadə etməliyik”.

Akademik Şahin Mustafayev çıxışının sonunda diplomatiyanın və sülhməramlılığın təşviqində təhsil, mədəniyyət və texnologiya potensialından səmərəli istifadə etmək üçün ölkələri birgə səylər artırmağa çağırıb.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər