Azərbaycanın “İdman paytaxtı” Qubada 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilir

post-img

Olimpiya İdman Kompleksində keçirilən paradda gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, idman ictimaiyyəti və şəhər sakinləri iştirak edirlər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən İlqar Mahmudov 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu əlamətdar gün ölkəmizdə kütləvi idman tədbirləri ilə geniş miqyasda qeyd edilir. Vurğulanıb ki, 8 min qubalı gənc idmanla məşğul olur: -İnanıram ki, üzərimizə düşən öhdəliyi birgə ən yüksək səviyyədə tam məsuliyyətlə yerinə yetirəcəyik.

Gənclər və idman naziri Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hər kəsi təbrik edib. O bildirib ki, bu əlamətdar tarix 19 ildir ki, geniş tədbirlərlə qeyd edilir:

-Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə idmanımız böyük tərəqqiyə nail olub.  O zamanlardan olkəmizdə olimpiya idman komplekslərimiz inşa edilib, idmana qayğı göstərilib. Bu gün Qubada parad keçiririk. Təşkilatçılara, xüsusilə də Quba Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. İdmançılarımıza isə yeni-yeni uğurlar arzulayırıq.

Rəsmi çıxışlardan sonra 2024-cü ilin “İdman səfirləri” ictimaiyyətə təqdim olunub. Daha sonra 13 regionda eyni anda təşkil olunan parad onlayn şəkildə ekranda nümayiş etdirilib.

Qubada təntənəli parad açıq elan edilib. Müxtəlif növlər üzrə federasiyalar, regional gənclər və idman idarələri və idmançılar paraddan keçiblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

L.QURBANOVA

Ş.XANKİŞİYEVA

XQ













İdman