Həcc ziyarəti sadələşdirilir

post-img

Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiən ilə görüşüb.

Azərbaycanda din–dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən A.Paşa­zadə bildirib ki, ölkəmizdə məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur. Qafqaz Müsəlmanla­rı İdarəsi Şimali Qafqazda İslamın bütün ənənəvi məzhəblərinin vəhdətinin tərəfdarıdır. Şeyxülislam diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər də çox yax­şı, qardaşlıq səviyyəsindədir. O, qonaqları, eyni zamanda, COP29 konfransı çərçivəsində BMT-nin dinlərarası pavilyonunun təşkil olunacağı və dini liderlər sammitinin keçiriləcəyi barədə məlumat­landırıb.

Nazir Taufiq bin Fauzən Əl Rabiən bu gün Pre­zident İlham Əliyevlə görüşündən böyük məmnun­luqla danışıb. Bildirib ki, bu, iki ölkə arasında olan yüksək səviyyəli əlaqələrin nəticəsidir. 

Azərbaycandan zəvvarların, turistlərin Səudiy­yə Ərəbistanına getmələri üçün prosesin daha da asanlaşdırıldığını deyən nazir diqqətə çatdırıb ki, artıq vizanı onlayn və ya hava limanında əldə et­mək mümkündür. 

***

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə səfərdə olan Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə fevralın 27-də Azərbaycan Respublikasına səfəri ilə bağlı brifinq keçirib. 

Nazir Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə edərək deyib ki, Azərbay­candan müqəddəs məkanlara ziyarətlərin prose­durlarının sadələşdirilməsi yolları və Krallıq hö­kumətinin bu sahədəki səyləri müzakirə olunub. 

Qonaq daha sonra bildirib ki, Krallığın hö­kuməti və onun bütün dövlət və özəl sektorları iki Müqəddəs Məscidi ziyarət etmək üçün dünyanın hər yerindən daha çox müsəlmanın gəlməsini asanlaşdırmaq məqsədi daşıyan prosedurlar və qanunlar hazırlamağa səy göstərir, onların Ümrə ziyarəti və iman səyahətlərini təkmilləşdirməyə, mədəni təcrübələrini zənginləşdirməyə çalışır. Azərbaycan Respublikası vətəndaşlarının ziyarə­tini sadələşdirmək məqsədilə, VİSİTSAUDİ por­talı vasitəsilə və ya ölkəyə gəldikdən sonra hava limanlarında əldə edə biləcəkləri, bir il müddətinə çoxdəfəlik E-Viza istifadəyə verilib. Onunla qal­ma günlərinin ümumi sayı 90 günə qədərdir. Bu da zəvvarlara Ümrə ziyarətini yerinə yetirmək və Krallığın qalan bölgələri ilə tanış olmaq imkanı ve­rir, həmçinin Nusk tətbiqi vasitəsilə Ümrə icazəsi və ər-Raudə əş-Şərifə ziyarət icazəsini asanlıqla və rahatlıqla əldə etməyə şərait yaradır. 

Nazir Taufiq bin Fauzən Əl Rabiə dövlət qu­rumları və özəl sektor tərəfindən həyata keçirilən birgə səylərin Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verdi­yini vurğulayıb. 

Ə.ƏLİYEV
XQ

Son xəbərlər