ABŞ hakimiyyəti Culian Assanjı söz azadlığının gözdağına çevirir
(əvvəli https://www.xalqqazeti.az/az/dunya/167621-demokratiyanin-telebi-yoxsa-qerbin-menevi)
“Cablegate” nədir?
“WikiLeaks” 2007-ci ildə Bağdadda, iki jurnalist də daxil olmaqla, mülki şəxslərin öldürüldüyünü göstərən ABŞ hərbi helikopterindən video görüntülərı saytında yerləşdirdi. Bu, 2010-cu ildə oldu. Rabitə qurğusunda pilotla danışan amiranə bir səs "Onların hamısını yandırın" deyir və pilotu helikopterin kiçik çaplı topundan mülki şəxslərə atəş açmağa təhrik edir.
O zaman “WikiLeaks” KİV-ə bildirmişdi ki, bu video “ABŞ hərbçilərinin silahdan istifadə edilməsi qaydalarının mükəmməl olmadığını” göstərir.
Bundan sonra “WikiLeaks” ABŞ hərbi kəşfiyyatının keçmiş analitiki Çelsi Manninqin təqdim etdiyi yüz minlərlə sənədi və diplomatik yazışmaları dərc etdi. Bu sənədlərdə Əfqanıstan və İraqdakı müharibələr zamanı mülki əhalinin itkiləri ilə bağlı hesabatlar öz əksini tapmışdı. Bəlli olurdu ki, ABŞ hərbçiləri İraq müharibəsi zamanı 66 min dinc sakini qətlə yetiriblər. Bu isə ABŞ hökumətinin əvvəllər açıqladığından xeyli çox idi.
Assanja qarşı irəli sürülən ittihamda ABŞ səlahiyyətliləri iddia edirlər ki, bu məlumatların dərci “adları çəkilən şəxsləri Əfqanıstan və İraqda ciddi zərər, işgəncə və hətta ölüm riski ilə üz-üzə qoyub”. Demokratiya və insan haqları “çarcı”sının bu yanaşması hiddət doğurmaya bilərmi? Necə olur ki, ABŞ vətəndaşı olan hərbçilər İraqın 10 minlərlə mülki vətəndaşını, dinc insanı qətliama məruz qoyur, amma ABŞ hökuməti bunları törədənlərin həyatları üçün narahat olur. Demək ki, İraqın 10 minlərlə sakininin taleyi ABŞ hakimiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir. Elə Əfqanıstanın, Liviyanın, Yəmənin, Suriyanın, bir sözlə ABŞ ordusunun hərbi əməliyyatlarda iştirak etdiyi bütün digər ölkələrdəki insanlar da bunun kimi...
Bir müddət keçməmiş Assanj məxfi məlumat əldə etmək üçün hərbi bazalara sızma ilə bağlı 18 cinayətdə ittiham olunur. 2010-cu ildə Assanja qarşı daha bir ittiham irəli sürülür: İsveç hökuməti onu ölkənin iki vətəndaşını zorlamaqda ittiham edir. İki həbs orderi aldıqdan sonra Assanj 2012-ci ildə qaçqın həyatı sürməyə başlayır. Zorlama ittihamları ilə üzləşməmək və İsveçə ekstradisiyası olunmamaq üçün Böyük Britaniya Ali Məhkəməsinə verdiyi apellyasiya şikayəti təmin edilmədiyindən toxunulmazlığını itirir və Ekvadorun Londondakı səfirliyinə sığınmaq məcburiyyətində qalır.
2019-cu ildə İsveçdə Assanja qarşı istintaq dayandırılandan sonra Ekvador hakimiyyəti onu səfirlikdən çıxarır. Nəhayət, Britaniya polisi Assanjı səfirliyin qarşısındaca həbs edir. O, London polisi tərəfindən girovdan yayındığına görə 50 həftə həbs edilir.
2021-ci ildə ilk məhkəmə prosesində Britaniya məhkəməsi bu qənaətə gəlir ki, ABŞ-a mümkün ekstradisiyası Assanjın psixi durumuna ciddi təsir edə və onu intihara sövq edə bilər.
İşgəncəyə bərabər ekstradisiya
"Mən hesab edirəm ki, indiki vəziyyətində cənab Assanjın Amerika Birləşmiş Ştatlarına ekstradisiyası ona əzab verməyə bərabər olardı", – deyə hakim Vanessa Barayttser jurnalistlərə bildirib. Buna baxmayaraq, Birləşmiş Ştatların hakimiyyət orqanları onun ekstradisiyasında təkid edirlər.
Bir çox təşkilatlar və tanınmış şəxslər ABŞ hökumətinin bu ittihamlarına qarşı çoxsaylı arqumentlərlə çıxış edirlər. Məsələn, BMT-nın insan haqları üzrə eksperti Elis Cill Edvards İngiltərə Ali Məhkəməsində Assanjın ABŞ-a ekstradisiyası məsələsinə baxılarkən mediaya bildirib ki, “WikiLeaks” təsisçisinin hüquqlarının pozulmasından ciddi narahatdır. İşgəncə məsələləri üzrə ekspert olan Edvards İngiltərə hakimiyyətinə müraciət edərək Assanjın ekstradisiyasına imkan verməməyə çağırıb. BMT-nin xəbərlər xidmətinə müsahibəsində Assanjın psixi vəziyyətindən narahat olduğunu bildirib.
Edvards narahatlığını əsaslandırarkən vurğulayıb ki, C.Assanjın işi Birləşmiş Krallıqda uzun müddət davam edən “hüquqi dastan”a çevrilib. “BMT-nin xüsusi məruzəçisi kimi mənim vəzifəm kiminsə işgəncə və ya qeyri-insani, ləyaqəti alçaldan rəftar riski ilə üzləşdiyi yerə göndərilə biləcəyinə dair əhəmiyyətli məlumat aldıqda, bu barədə açıq çıxış etməkdir.
Birləşmiş Krallıq BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına, eləcə də İnsan Hüquqları üzrə Avropa Konvensiyasına üzvdür. Hər iki sənəddə mövcud hakimiyyətlərə insanların bu cür rəftarla üzləşə biləcəkləri yerlərə göndərilməsini qadağan edən ekvivalent maddə, üçüncü maddə var. Assanj məsələsində, mənə təqdim edilən materiallara, eləcə də məhkəmə tərəfindən sənədləşdirilənlərə əsaslanaraq, bu mərhələdə məni xüsusilə narahat edən üç səbəb görürəm.
Birincisi, cənab Assanj depressiv xəstəlikdən əziyyət çəkir. Bu, onun ekstradisiyasının bu günə qədər saxlanmasının çox yaxşı sənədləşdirilmiş və məhkəmə tərəfindən də qəbul edilmiş əsas səbəbidir. Birləşmiş Ştatlara hər hansı bir ekstradisiya onun xəstəliyini pisləşdirə bilər və real intihar riskinə yol açar.
İkinci səbəb odur ki, ABŞ-da məhkəməni gözləyərkən və mühakimə zamanı cənab Assanjı həbsxana gözləyir. Günahı sübuta yetirilərsə, təbii ki, o, həbslə də cəzalandırılacaq. Birləşmiş Ştatlarda insanların ünsiyyət imkanı olmayan ayrı-ayrı kameralarda saxlanıldığı təcrid və təkadamlıq kameralardan istifadənin uzun tarixi var.
Məhkumlarla rəftar üçün minimum standart tələbləri tənzimləyən Nelson Mandela Qaydalarında deyilir ki, 15 günlük təcrid və ya bir nəfərlik kamerada saxlanma işgəncəyə bərabərdir. Beləliklə, hər hansı təcrid və təkadamlıq kameranın Assanjın psixoloji və hətta potensial fiziki sağlamlığına dözülməz təsir göstərməsi ehtimalı yüksəkdir.
Bu ekstradisiyanın çox güman ki, üçüncü maddənin tələblərinə cavab verməyəcəyinə inanmağımın üçüncü səbəbi isə cənab Assanjı 175 il həbs cəzasının gözləməsidir...
Avropa İnsan Haqları Məhkəməsi müəyyən edib ki, kobud şəkildə qeyri-mütənasib cəzalar beynəlxalq hüquqa əsasən pis rəftardır. Məncə, Assanja qarşı ittihamlara görə tələb edilən 175 illik cəza da bura daxildir”.
Amma ABŞ-da bu qaydalara əsla əməl olunmaması və məhkumlarla dözülməz rəftar edilməsi heç kimdən gizli deyil. Məgər cənab Assanj təsisçisi olduğu saytda məhz bu kimi məxfi sənədləri dərc etməyibmi? Məgər bunlardan sonra ABŞ-da ədalət mühakiməsinə və həbsxanalarda insan haqlarına hörmətlə yanaşmağa inanmaq olarmı? Əsla yox. Dünyadan demokratiya, söz azadlığı və insan haqlarına hörmət tələb edən və buna “əməl etməyən“ dövlətlərdə hakimiyyətləri devirən, bir çox dövlətlərə bomba yağdıran ABŞ nədən öz daxilində bunlara əməl etmək istəmir? Nədən ABŞ-ın kolonial rejimindən miras qalan ölüm hökmü, yüz illərlə həbsxana, ağlasığmaz işgəncələrlə ölümə məhkum etmə və sair cəzaların tətbiqini tələb edən qanunlar bu gün də Amerika hakimiyyətinin əlində ona qarşı çıxanlara qarşı işgəncə mexanizminə çevrilib?
Bu məsələ ilə bağlı BMT-nın insan haqları üzrə eksperti Edvardsın yanaşması daha məntiqli səslənir və obyektivdir. Ekspert deyir: “İstər dövlətə xəyanət haqqında qanun, istərsə də milli təhlükəsizlik haqqında qanun olsun, hər bir qanunda ittiham olunanların müdafiəsi təmin olmalıdır. İndiki mərhələdə ABŞ-da, mənim anladığım qədər, vəziyyət fərqlidir. Tətbiq olunan qanunlar XXI əsrin insan hüquqları standartlarını əks etdirmək üçün əsla yenilənməyib. Və bu, cənab Assanjın vəziyyətinə bənzər bir vəziyyətdə olan, hökumətləri tərəfindən həyata keçirilən və ya hökumətləri tərəfindən həyata keçirildiyi iddia edilən fəaliyyətlər haqqında məlumatı ifşa etmək istəyən hər kəs üçün çox ciddi problemdir”.
Ekspert Edvardsın daha bir fikri ABŞ rəsmilərinin vədlərinə işıq tutur: “Birləşmiş Ştatların hökuməti tərəfindən təqdim edilən humanist davranmaya əmin etmək, Assanjın müdafiəsinə kifayət edən təminat sayıla bilməz, çünki qanun nöqteyi-nəzərindən onların icrası mütləq deyil“.
Bu araşdırmamızı hazırlayarkən Culian Assanjla bağlı “TUCKER CARLSON NETWORK”-da yenicə nəşr edilən daha bir maraqlı materialla tanış olduq. Material məşhur amerikalı jurnalist Taker Karlsonun “WikiLeaks”-in təsisçisindən aldığı müsahibə haqqında danışır və qeyd edir ki, Vaşinqtonun bütün hakim sinfi Culian Assanja qarşı köklənib və məhz buna görə o, artıq neçə ildir ki, Londonun Belmarş həbsxanasındadır.
Taker Karlson deyir: “ABŞ-ın daimi dövlət aparatının əvəzedilməz elementləri tərəfindən ona (Assanja) o qədər edirlər ki, hansısa bir məqamda MKİ direktoru Mayk Pompeo Assanjın siyasi sığınacaq istədiyi Londondakı Ekvador səfirliyində onun öldürülməsi imkanlarını müzakirə edib. Amma Pompeo heç vaxt buna görə ittiham olunmayıb, bu cinayətdir – seçkili olmayan bürokratlar sadəcə onlara yaramayan insanları öldürə bilməzlər. Çox yəqin ki, ona (Pompeoya) qarşı belə ittihamlar heç vaxt irəli sürülməyəcək”.
Jurnalist haqlı olaraq deyir ki, Assanja qarşı Böyük Britaniyada heç bir ittiham irəli sürülməyib, lakin o, orada həbsxanada saxlanılır.
Bəzi məsələləri araşdırmaq məqsədi ilə ötən payızda Belmarş həbsxanasına gedən Taker Culian Assanjla görüşür və ondan soruşur: "Necə düşünürsən, heç bir cinayət ittihamı olmadan sizi Amerikada ən çox axtarılan adam kimi nə üçün mühafizə altında saxlayırlar?"
Amerikalı jurnalist Assanjın ona cavabından heyrətə gəldiyini, bütün həyatını Vaşinqtonda keçirməsinə baxmayaraq, müsahibinin tamamilə haqlı olduğunu bildirir. Bəs Assanj nədə haqlı idi?
“O dedi ki, onu ilk dəfə məşhurlaşdıran “WikiLeaks” vasitəsilə ABŞ rəsmilərinin məxfi saxladıqları İraq və Əfqanıstandakı müharibələrə dair sənədləri və videoyazıları yayımlaması olub. Onlar Pentaqonu xeyli gözdən saldılar. Lakin qırmızı xətti keçməyim bu yox, bir neçə il sonra həmin “WikiLeaks” vasitəsilə Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı gizli izləmələr haqqında məlumatları dərc etməyim oldu”.
Burada maraqlı məqam ondan ibarət deyil ki, Assanj MKİ-nin apardığı gizli izləmələri faş edib. Əgər Assanjın bu hərəkəti cinayətdirsə, bəs MKİ-nin hərəkəti nədir? Axı ABŞ qanunlarına görə məhkəmənin əsaslandırılmış müvafiq qərarı olmadan kimisə izləməyin özü də çox ciddi qanun pozuntusudur. Əgər belə isə, o zaman qanun MKİ-nin bu əmri verən şəxsinə niyə tətbiq olunmur?
Əlbəttə, deyə bilərsiniz ki, axı bunun bizə nə aidiyyəti var? Doğrudur, heç bir aidiyyəti yoxdur. Amma ABŞ administrasiyası, onun konqresi və digər qurumları niyə təkidlə bütün ölkələri, o cümlədən müstəqil Azərbaycanı xırda bir məsələdə belə demokratiya prinsiplərinin pozulmasına görə ittiham edirlər? Ataların gözəl bir məsəli var –“Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır”. Yaxşı olmazmı ki, ABŞ, o cümlədən demokratik Qərb əvvəlcə özündə lazımi məsələləri qaydasına salsın, sonra hansısa ölkəyə demokratiya tələbi irəli sürsün.
İlqar RÜSTƏMOV
XQ