Mərkəzi Seçki Komissiyasında görüşlər

post-img

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. 

Sonra Məzahir Pənahov qonaqlara seçki prosesi barədə məlumat verib. O, ölkəmizdə medianın müstəqil olduğunu və seçki prosesini izləmək üçün onlara lazımi şəraitin yaradıldığını deyib.  

Ahmet Yener səhər saatlarından etibarən məntəqələrdə yüksək seçici fəallığının müşahidə edildiyini bildirib. O, seçkiyə bu dərəcədə marağın olmasını çox sevindirici hal kimi qiymətləndirib.

Ahmet Yener diqqətə çatdırıb ki, seçki prosesi şəffaf şəkildə həyata keçirilir. Məntəqələrdə seçici fəallığı çox yüksəkdir. 

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri Nagy Atilla Mihalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Seçkilərin ilk dəfədir bütöv Azərbaycan ərazisində keçirildiyini diqqətə çatdıran MSK-nın sədri ölkədə 6,5 milyon seçicinin olduğunu və onların 6537 məntəqədə səs verdiklərini deyib. O, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu diqqətə çatdırıb. 

Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri dəvətə görə minnətdarlığını bildirib, seçki prosesini sona ­qədər fəal şəkildə müşahidə edəcəklərini diqqətə çatdırıb. 

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Məzahir Pənahov Azərbaycanla Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. 

O, qonaqlara seçki prosesi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə seçicilər və müşahidəçilər üçün bütün şərait yaradılıb. 

Özbəkistan nümayəndə heyətinin Azərbaycanda çox səmimi qarşılandığını qeyd edən Zayniddin Nizamxodjayev Azərbaycanda seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurduqlarını, müşahidələrinə əsasən, seçkilərdə xüsusilə də gənclərin daha fəal şəkildə iştirak etdiklərini bildirib. 

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Türkmənistan, Belarus və Bolqarıstan Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə də görüşüb. 

MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb. 

Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

XQ

 

Son xəbərlər