Ermənipərəst Qərbin min oyunu...

post-img

Daşnaksütyun partiyasının Amerika cinahı da sancı içərisindədir

Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ-ın ermənipərəst senatorları Ed Marki və Bill Kessidi ölkə Konqresinə Xarici Yardım Aktının 502B(c)-ci bəndinə uyğun olaraq, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat tələb edən ikitərəfli qətnamə çıxarıblar. Sənəd Birləşmiş Ştatların ali qanunverici orqanına ölkəmizdə insan hüquqlarının vəziyyəti haqqında məlumat istəməyə imkan verir. 

Məsələnin mahiyyəti budur ki, alınan məlumat əsasında  ABŞ Azərbaycana təhlükəsizlik yardımını dəyişdirə və ya dayandıra bilər. Qeyd edək ki, sənədə müasir dövrün “çılğın ermənipərəstləri” sayılan senatorlar – Marko Rubio, Qari Piters, Elizabet Uorren, Şeldon Uaythaus, Bob Menendez və Piter Uelç də qoşulublar. Təsəvvür edin ki, ABŞ Konqresi Azərbaycandan hesab sormalı imiş. Görəsən, kim ona belə bir haqqı verib? Az qala, unutmuşduq, Amerika bütün haqları özü uydurur. 

Məsələnin ikinci tərəfinə diqqət yetirək. Birləşmiş Ştatların qanunvericilik külliyyatında çox sayda lazımsız, zamanla ayaqlaşmayan qanunlar mövcuddur. Həmin qanunlar sırf mühafizəkarlıq nöqteyi-nəzərdən dövriyyədən çıxarılmır. Amma, bir qayda olaraq, onlara istinad da olunmur.  Xarici Dəstək Aktının 502B
(c)-ci bəndi də belə sənədlərdəndir. Yəni, bu aktın qeyd olunan bəndi ABŞ hökumətini beynəlxalq səviyyədə tanınmış insan haqlarını kobud şəkildə pozan hansısa ölkəyə Birləşmiş Ştatların təhlükəsizlik dəstəyini qadağan edən, lakin təcrübədə istifadəsiz qalan müddəalardandır. Özü də 1976-cı ildən. 

Ancaq, görünür, ABŞ ermənipərəstlərinin Azərbaycana hiddəti o qədər böyükdür ki, 1976-cı ildən bəri tətbiq edilməyən qanuna baş vurmaqdadırlar. Həqiqətən də, gülünc mənzərədir. Əslində, Daşnaksütyun partiyasının Birləşmiş Ştatlardakı mərkəzi ofisinin proqram rəhbəri Gevorq Qukasyanın bildirdikləri də gülməlidir. Amma nəzərə alsaq ki, Qukasyan Amerikadakı erməni lobbi və diaspor təşkilatlarının ölkə hakimiyyəti ilə iş prinsiplərini açıqlayır, onun söylədiklərinə nəzər salmaq zərurəti yaranır. Yeri gəlmişkən, terrorçu təşkilatın təmsilçisi əsasən Xarici Dəstək Aktının 502B(c)-ci bəndinin tətbiqindən, daha doğrusu, onun qəbulu istiqamətində görülən və görüləcək işlərdən söz açıb. Əlbəttə, digər məqamlara da toxunub. 

Qukasyan bildirib ki, sözügüdən qətnamə ilə bağlı növbəti addım sənədə mümkün qədər daha çox konqresmenin cəlbindən, onun ikipartiyalı dəstəyini qazanmaqdan ibarətdir. Prosedura uyğun şəkildə bundan sonra qətnamə müvafiq komitəyə təqdim edilə bilər. Daha sonra isə plenar iclasa çıxarılması mümkündür. 

Əlbəttə, Qukasyanın danışdığı yuxu kimi də görünə bilər. Çünki bir qayda olaraq, belə təşəbbüslər heç də həmişə uğur qazanmır. Başlıca məqam erməni millətçisinin əmin tərzdə danışmasıdır. Bu, Birləşmiş Ştatların qanunvericilik sistemində təmsil olunanlarla ölkədəki erməni lobbi və diaspor təşkilatlarının sıx fəaliyyət göstərdiyinin növbəti təsdiqidir. Qukasyan həmin “fəaliyyətin” nəticəsi kimi nəzərdə tutulan prioritetləri açıqlayıb. Məlum olub ki, Daşnaksütyun partiyasının anti-Azərbaycan kursu, kifayət qədər, “zəngindir”. Məsələn, partiyanın adını çəkdiyimiz təmsilçisi bildirir ki, son illərdə ABŞ-dakı erməni diasporunun başlıca vəzifəsi Azərbaycanın Amerikanın hərbi yardımından məhrum duruma salınmasıdır. Bu baxımdan Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə bağlı fəaliyyət də ön plandadır. 

Məlum olduğu kimi, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa Dəstək Aktına əlavə edilmiş 907-ci düzəliş Azərbaycana Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edirdi. Qadağa ölkəmizi iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün Vaşinqtondan birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdi. Sənədin müəllifi ermənipərəst senator Con Makkeyn olmuşdu. Düzəliş Azərbaycan tərəfindən Qarabağın “işğalı” və Ermənistana qarşı blokadanı dayandırmaq məqsədilə qəbul edilmişdi. Deməli, ölkəmizin əraziləri işğala məruz qalır, üstəlik ona təcavüzkar damğası vurulur... 

Əlqərəz, 2001-ci ilin 11 Sentyabr terrorundan sonra Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə geniş dəstək göstərdi. Buna görə də ABŞ Konqresi ölkə prezidentinə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyətini verdi. Həmin vaxtdan Birləşmiş Ştatların dövlət başçıları bu səlahiyyətlərindən istifadə edirlər. İndi ABŞ-ın erməni lobbi və diaspor təşkiları, o cümlədən, Daşnaksütyun partiyasının mərkəzi ofisi çalışır ki, belə bir imtiyaz aradan qalxsın. Yəni, Vaşinqton Bakıya yardımını dayandırsın. Hər halda, Qukasyanın söylədiklərindən gəlinən nəticə budur. Əlbəttə, daha böyük məqsəd də var.

Ümumən, aydın görünür ki, hazırda həm Xarici Yardım Aktının 502B(c)-ci bəndi, həm də Azadlığa Dəstək Aktına əlavə edilmiş 907-ci düzəlişlə bağlı “fəaliyyət” ABŞ-dakı erməni diasporunun başlıca vəzifəsidir. O da məlumdur ki, ötən ilin sonunda Birləşmiş Ştatların Senatı, yəni Konqresin Yuxarı Palatası Prezidenti 907-ci düzəlişin qüvvəsini dayandırmaq hüququndan məhrum edən qətnamə çıxarıb. Lakin Qukasyanın fikrincə, proses müəyyən qanunvericilik mərhələlərindən keçməli və Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilməlidir ki, tam hüquqi xarakter daşısın.

Xarici Yardım Aktının 502B(c)-ci bəndinə gəlincə, daşnak Qukasyanın sözlərinə görə, təşəbbüs müəlliflərinin iddiası ondan ibarətdir ki, Azərbaycan “Qarabağda etnik təmizləmə, soyqırım siyasəti və bu siyasət daxilində insan hüququları ilə bağlı ümumən dəhşətli problemlər halında” Vaşinqtondan yardım ala bilməz. Elə qətnamənin təşəbbüskarı senator Ed Marki həm bunu, həm də digər “məsələləri” vurğulayıb: “Azərbaycan hökumətinin məsuliyyətə cəlb edlməsinin vaxtı çoxdan çatıb. Hərbi əməliyyatla Qarabağda sülh və sabitlik problemi həll olmayıb. Bu qətnamə insan haqlarını qorumaq və regionda etnik ermənilərə qarşı cinayətləri dayandırmaq üçün Azərbaycan hökumətinə təzyiq göstərir. Biz Qarabağ xalqının iradəsini, hüquqlarını və əsas azadlıqlarını müdafiə etməliyik”. 

Qətnamənin digər müəllifi senator Bill Kessedi də, demək olar ki, E.Marki ilə eyni düşüncədədir: “Senatorların bu qətnaməsi Dövlət Departamentindən Azərbaycan tərəfindən törədilən insan hüquqlarının pozulması, o cümlədən, özbaşına qətllər, əsirlərə işgəncə verilməsi, etnik ermənilərin Qarabağdan deportasiyası, dini və mədəni obyektlərin dağıdılması ilə bağlı ətraflı məlumat verilməsini tələb edəcək”. 

Bəli, ayının min oyunu bir armudun başındadır. ABŞ-ın ermənipərəst senatorlarının da məqsədi odur ki, Azərbaycan dünyada antipod kimi tanınsın. Sözügedən Xarici Yardım Aktının 502B(c)-ci bəndi üzrə alınan məlumatlar əsasında ABŞ-ın hesabat aparılan ölkəyə təhlükəsizlik yardımı dayanacaqsa, həmin ölkə sanki lənətlənmiş kimi göstəriləcək, onun ərazi bütövlüyü və suverenliyi ikinci plana keçəcək. Hətta tam əhəmiyyətsizləşəcək. Erməni lobbisinin istəyi də elə budur. 

Qukasyan onu da bildirib ki, Amerikadakı erməni lobbisinin əsas vəzifələrindən biri də, guya, insan hüquqlarının pozulmasında və hərbi cinayətlərdə əli olan Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiqidir və bu, “Maqnitski sanksiyaları” adı altında rəsmiləşdirilir. Onun sözlərinə görə, Amerika qətnamələri digər ölkələrin parlamentlərinin qəbul etdikləri qətnamələrdən bir qədər fərqlidir. Yəni, ABŞ-ın hüquq normaları, ümumən, fərqli xarakter daşıyır. “Məsələn, birbaşa hüquq-mühafizə əhəmiyyəti olan qətnamələr var. 907-ci düzəlişi sanksiya hesab etsək, o, indi qüvvədədir, lakin biz qlobal Maqnitski sanksiyalarının tətbiqindən də danışırıq ki, bununla bağlı təkcə ABŞ-da deyil, Avropa ölkələrində də çətinliklər yaranır. Son vaxtlar Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı söhbətlər geniş vüsət alıb”, – deyən daşnak fikrini əsaslandırmaq üçün Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin anti-Azərbaycan bəyanatlarının üzərində dayanıb. Ancaq o, Azərbaycana qarşı maddi, fərdi və məqsədyönlü sanksiyalar baxımından indiyədək heç bir irəliləyişin olmadığını da deyib.

Sonda onu da bildirək ki, hazırda dünyada ölkəmizə qarşı genişmiqyaslı anti-təbliğat gedir. Haqqında söz açdığımız iki məsələ və mövcud xüsusda Daşnaksütyun partiyasının təmsilçisinin fikirləri həmin anti-Azərbaycan fəaliyyətin elementləridir. Ancaq o da görünür ki, bütün bunlar heç bir halda ölkəmizi tutduğu haqq yolundan döndərə bilməyəcək. Haqq isə Cənubi Qafqazda dinclik və əmin-amanlıq mühitinin formalaşmasıdır. Bunun yolu Ermənistanın sülhə məcbur edilməsidir. Dünyada aparılan qlobal anti-Azərbaycan xətti isə ədalətsiz sülhün təminatına, erməni avantürası üçün zəmin saxlamağa hesablanıb. Belə yanaşma əsla qəbuledilməzdir. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət