Bölgələrdə seçki hazırlıqları

post-img

Şimal-qərb dairələri

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Preziden­ti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün maarifləndirmə proqramının əhəmiyyəti böyükdür. Növbəti belə tədbir respublikanın şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün keçirilib. Aşağı seçki ko­missiyaları üzvləri üçün keçirilən treninqlərin məqsədi komissiya üzvlərinin peşəkarlıq səviyyəsini artırmaqdır.

113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və 6 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 72 seçki məntəqə­sindən 432 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiya­ları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açıl­ması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslə­rin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və di­gər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.

110 saylı Balakən seçki dairəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Məşğələlər MSK tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rə­cəb Ustayev tərəfindən aparılır.

Şimal dairələri

Dünəndən başlayaraq 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub.

Treninqlər Mərkəzi Seçki Komissiya­sının treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən keçirilir. Təlimlərdə istifa­də etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” ki­tabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi, həmçinin bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Treninq layihəsi, ümumilikdə, 38 minə yaxın aşağı seçki komissiyası üz­vünü əhatə edir. Treninqlər seçki dairələ­ri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

Fevralın 7-nə təyin edilmiş növbə­dənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkə­zi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki ko­missiyalarının üzvləri üçün treninqlərə start verilib.

Ağdam dairəsi

118 saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd seçki dairələrinin 118 seçki məntəqəsi üzrə, ümumilikdə, 700-dən artıq aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur. Məşğələlər Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş trenerlər tərəfindən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazır­lanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil ol­maqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə edirlər. Təlimdə iştirak edənlərə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” ki­tabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani ma­teriallar da təqdim olunur.

Əliqismət BƏDƏLOV
XQ





Son xəbərlər