Bu gün investisiya – sabah yüksəliş, bolluq, rahatlıq!

post-img

Ötən il iqtisadiyyata 20 milyard manatdan çox sərmayə yatırılıb 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib.

Məlumata görə, neft-qaz sektoru­na yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 mil­yon manatı (4,8 faizi) isə yaşayış evləri­nin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Həmin vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatla­rın öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3 faiz, digər vəsaitlər isə 6 faiz təşkil edib.

Azərbaycanın qeyri-neft-qaz sahə­sinə yatırılan birbaşa xarici investisiyala­rın həcminə gəldikdə isə qeyd edək ki, bu sektora cəlb olunan birbaşa xarici inves­tisiyaların həcmi 2003-cü ildə 45 milyon ABŞ dolları olduğu halda, 2022-ci ildə 1 milyard 834 milyon ABŞ dolları olub ki, bu da 40,4 dəfə artım deməkdir.

Qeyd edək ki, hesabat ilində ölkə iqti­sadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sis­temli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyya­tın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edi­lib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimu­ma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisa­diyyata çevrilməsi, biznes və investisi­ya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəy­yənləşdirilib.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət–sahibkar münasibətlərinin inkişaf etdi­rilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi­nin, o cümlədən inzibati qayda və pro­sedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkan­larının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbir­lər həyata keçirilib. 

Dövlət–sahibkar münasibətlərinin inkişafından bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, son dövr­lərdə ölkədə özəl sektorun genişlənməsi diqqətdə saxlanılıb. Bu məqsədlə yaradı­lan Sahibkarlığın İnkişafı Fondu tərəfin­dən hesabat ilində 3276 investisiya la­yihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat dəyərində güzəştli kredit ayrılıb.

Ölkədə daxili investisiya qoyuluşu ilə bağlı yüksək göstəricinin əldə edilməsi demək olar ki, innovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin ar­tırılmasının diqqətdə saxlanılmasından irəli gəlir. Bununla bərabər, ölkədə da­vamlı makroiqtisadi və maliyyə sabitliyi də investisiya fəallığını sürətləndirir. Sağ­lam və şəffaf biznes mühitinin yaradılma­sı isə respublikaya yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Bu strateji istiqamə­tin önəmi “Azərbaycan 2030: sosial-iq­tisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznesin fəaliyyətinin beynəlxalq norma­lar əsasında formalaşması, həmçinin özəl sektorun inkişaf tempinin yüksəldil­məsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir. 

Azərbaycanda investisiya cəlbedicili­yinin güclənməsində 1995-ci il yanvarın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd investisiyaların iqtisadiyyata cəlbini stimullaşdırmaqla bərabər, mül­kiyyət formasından asılı olmayaraq bü­tün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investi­siyaların qorunması haqqında” Qanun da sərmayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması­nı şərtləndirir. 

Bu və digər tədbirlərin nəticəsində 2003–2022-ci illərdə Azərbaycan iqtisa­diyyatına qoyulan investisiyaların ümumi həcmi 310,4 milyard dollara yüksəlib, hə­min göstəricinin, təxminən, yarısı –154,1 milyard dolları isə xarici investisiyalar olub.

Beləliklə, ölkəmizdə davamlı makro­iqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını sti­mullaşdırır. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivə­sində 30-dək ölkə ilə sərmayələrin təş­viqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırı­lan daxili və xarici investisiya həcminin artırılmasını sürətləndirir. 

Azərbaycanda iqtisadi artımın get­dikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaf­laşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzi­batçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədə­niyyətinin formalaşması əsaslı rol oyna­yır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaş­dırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir. 

Hazırda respublikada dövlət müəs­sisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, bu müəssisələrin maliyyə sağlamlığı­nı və dayanıqlılığını yaxşılaşdırmaq, ma­liyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsa­sında idarə etmək məqsədi ilə Azərbay­can İnvestisiya Holdinqi yaradılıb. 

Bu, dövlət müəssisələrinin profisiti­nin artırılmasına, onların büdcədən ası­lılıqlarının azaldılmasına, azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürət­ləndirilməsinə hesablanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İn­vestisiya Holdinqinin yaradılması respub­likada yerli və xarici investisiyaların sağ­lam təməllər üzərində reallaşdırılmasına öz müsbət təsirini göstərir, ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumla­rının yaxşılaşdırılması istiqamətində yük­sək göstəricilər əldə edilir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat