“Yaşıl” hidrogenə “yaşıl işıq!”

post-img

Yeni kəmərlər, yoxsa mövcud qaz marşrutları?

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hidrogen enerjisinin tədarükü ilə bağlı sınaqlara hazırlaşır. TAP AG konsorsiumunun məlumatına görə, sınaq işlərinə bu ay start veriləcək. Hazırda isə konsorsium tərəfindən boru kəməri ilə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki imkanın qiymətləndirilməsi həyata keçirilir. 

Məlumatda o da bildirilib ki, 2021-ci ildə keçirilən tədqiqatın yekunlarına görə, TAP-ın potensial olaraq hidrogen qarı­şığını nəql edə biləcəyi tam təsdiqlənib. “Obyektlərimizin sınaqdan keçirilməsinə bu ay başlayacağıq və boru kəmərinin dəniz hissəsi ilə ilk nəticələrin 2024-cü ilin ikinci rübünün əvvəlinə əldə olunacağını gözləyirik”, – deyə konsorsiumdan bildi­riblər.

Eyni zamanda, TAP AG-dən bildiriblər ki, qurumun məqsədi hidrogenin ilkin ola­raq təbii qazla qarışıq formasında nəqlini təmin etmək məqsədilə infrastrukturun in­kişafından ibarətdir. Konsorsiumda hesab edirlər ki, hidrogen konsentrasiyasının hidrogen enerjisinin istehsalı bazarın inki­şafına və müvafiq tələbə, eləcə də Avro­pa İttifaqı və üzv dövlətlər səviyyəsində normativ bazanın inkişafına uyğun olaraq tədricən artacaq. 

Yeri gəlmişkən, 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəf­ləyən Avropa ölkələri “yaşıl keçid” platfor­masının əsas istiqamətlərindən sayılan hidrogenin istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Hidrogen isə planetimizdə ən bol elementlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir. Qeyd edək ki, “yaşıl hidrogen” bərpaolunan enerjidən istifadə edilərək elektroliz nəticəsində əldə olu­nan enerji növüdür. 

Mütəxəssislərin dediyinə görə, hid­rogen istehsalında külək və günəş ener­jisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Eyni za­manda, hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcə­yin yanacağı” adlandırırlar. Məlum olduğu kimi, hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən, 1 faizi “yaşıl hidrogen”dir. Bununla belə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin mə­lumatına görə, 2050-ci ilə qədər enerji istehsalının 12 faizi hidrogenin payına düşəcək. 

Göründüyü kimi, hazırda bütün dün­yada hidrogenin istehsalı və istifadəsi ilə yanaşı, onun ixracı məsələsi də xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər bu ya­nacağın boru kəmərləri ilə nəqlini ən opti­mal variant hesab edirlər. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilmə­si ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur.

Artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına baş­lanılıb. Bu da təsadüfi deyil. Çünki 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təş­kilatının Mənzil–Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasının Paris Razılaşmasına imza atan 171 ölkədən biri də Azərbaycan Respub­likası olub. Eyni zamanda, alternativ və bərpaolunan enerji sahəsində yükək po­tensiala malik olan Azərbaycan, həm də Avropanın prioritet elan etdiyi “yaşıl ener­ji” platformasına qoşulan ilk ölkələrdəndir. Hazırda ölkəmiz bu məqsədlə Avropa Ko­missiyası ilə bir çox sahələri əhatə edən fəal enerji dialoqu aparır. Danışıqların mövzusuna isə təkcə təbii qaz deyil, həm də bərpaolunan enerji və “yaşıl hidrogen” daxildir. 

Qeyd edək ki, hazırda Azərbaycanın ixrac etdiyi “mavi yanacağ”ın 50 faizindən çoxu məhz Avropa ölkələrinin payına dü­şür. “Köhnə qitə” isə 2050-ci ilədək karbon emissiyalı yanacaq növündən tam imtina etməyi hədəfləyir. Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən “yaşıl hidrogen” istehsalına nail olmalıdır. Bunun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. “Yaşıl hidrogen” istehsalına gəldikdə isə, Azər­baycan özünün zəngin qaz ehtiyatları he­sabına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malik­dir. Azərbaycan Memarlıq və İnşaat Uni­versitetinin ekologiya kafedrasının mü­diri, professor Fəqan Əliyev Azərbaycan dövlətinin hidrogen enerjisinin istehsalına başlamaqla bağlı təşəbbüsünü olduqca təqdirəlayiq hesab edir. 

Hidrogen enerjisinin təmiz sudan, çay­lardan alındığını bildirən alimin sözlərinə görə, bu sahədə problem yalnız onu necə saxlamaqdan ibarətdir. F.Əliyevin fikrin­cə, hidrogen adi metalda qalmır, süzülüb gedir, amma nano təbəqə edilməklə onu saxlamaq və nəql etmək mümkündür.

Ötən müddətdə ölkəmizin hidrogen potensialının qiymətləndirilməsi sahəsin­də də müəyyən işlər görülüb. Bu baxım­dan Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Niderlandın tanın­mış “Advision” şirkəti Azərbaycanın hid­rogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Azərbaycan Respublikası Bərpa Olunan Enerji Mən­bələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin dediyinə görə, hesabatda çox müsbət fikirlər yer alıb. Eyni zaman­da, Dövlət Neft Şirkətində də bu sahədə müəyyən təhlillər aparılır. 

Bəs, Azərbaycan gələcəkdə istehsal edəcəyi hidrogeni dünya bazarlarına han­sı formada ixrac edə bilər? Neft Araşdır­maları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hidrogenin boru kəmərləri ilə nəqli ən optimal variant hesab olunur. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmər­lərinin çəkilməsi ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdi­rilməsini və yenidən qurulmasını nəzərdə tutur. 

Ekspert bu baxımdan Cənub Qaz Dəhlizinin seqmentləri sayılan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın kəmərlərinin yeni olduğundan metan nəqlindən hidrogenə çevrilmək üçün tex­niki və texnoloji baxımdan daha münasib hesab edir. Onun sözlərinə görə, 2035-2040-cı illərdə istər elmin, istərsə də qaz sənayesinin hidrogenin ötürülməsi ilə bağlı oturuşmuş bir baxışı olacaq. Bu za­man hidrogen istehsalçılara və istehlak­çılara, o cümlədən onu nəql edən qurum­lara daha sərfəli qiymətlərə başa gələcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat