Prezidentin köməkçisi yanğın yerinə və zəhərlənənlərə baş çəkib

post-img

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev və Baş prokuror Kamran Əliyev Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerində olublar. Rəsmi şəxslərə yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat verilib.

Sonra Anar Ələkbərov, Teymur Mu­sayev və Kamran Əliyev yanğın zama­nı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərə baş çəkiblər.

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə məlumatı

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq, Fövqə­ladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaydığı birgə məlumat­da deyilir.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayo­nu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının əlaqəli və operativ fəaliyyəti nəticəsində Mərkəz­də olan şəxslər təxliyə olunub.

Baş Prokurorluğun rəhbər vəzifə­li şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri hə­yata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin toksiko­logiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müa­licə üçün evə buraxılmaları nəzərdə tutulub.

Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin yenidoğulmuşların inten­siv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İs­tintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydaları­nı pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) mad­dələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez­liklə sağalmasını arzulayırıq”, - birgə məlumatda qeyd edilib.

Kamran Əliyev: İstintaq ölkə rəhbərliyinin nəzarətindədir 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Pe­rinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir.

Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib. 

“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanı­lıb.

Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək", - deyə K.Əliyev bildirib.

FHN: Yanğın qısa müddətdə söndürülüb 

Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsinə 20 texnika və 90 nəfər cəlb edilib və baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Dövlət Yanğın­dan Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

DİN: Polis hadisə yerinə səfərbər edilib

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əmək­daşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görü­lüb.

DİN-in mətbuat xidmətindən bildiri­lib ki, ərazi tam mühafizəyə götürülmək­lə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfin­dən hadisə yeri mühafizə edilir.

60 uşaq 6 tibb müəssisəsinə köçürülüb 

Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı TƏBİB tərəfindən xəstələrin dərhal təx­liyəsinə başlanılıb. 60 uşaq TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin uşaqların yanıq xəsarəti və ya tüstüdən boğulma diaq­nozları yoxdur.

Bunu TƏBİB-in icraçı direktoru­nun müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib.

"Respublika Perinatal Mərkəzi üçüncü səviyyəli doğum tibb müəs­sisəsidir. Buradakı uşaqlar ya vaxtın­dan əvvəl doğulanlardır, ya da öncə­dən yanaşı gedən patologiyaları olan uşaqlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma faktı baş verməyib. Hazırda vəziyyətləri stabildir... Xəstələrin və­ziyyəti tam nəzarətdədir. İstər dərman preparatları, istər avadanlıq, istərsə də onların qidalanması baxımından heç bir problemimiz yoxdur və müalicələri davam edir".

XQ











Son xəbərlər