“İlham Əliyev. İnkişaf – məqsədimizdir” – 130-cu kitab

post-img

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin iyul-sentyabr aylarını əhatə edir. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana və Tacikistana səfərlərinə, həmçinin ölkəmizə səfər etmiş Özbəkistan və Türkiyə prezidentləri ilə görüşlərinə dair materiallar toplanıb. Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı iki ölkənin liderləri, həmçinin Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, şəhərin baş planı ilə tanış olublar, habelə Şuşa şəhərinə səfər ediblər. Bütün bunlar haqqında informasiyalarla 130-cu kitabda tanış olmaq mümkündür.

2023-cü il sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri isə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi ilə əlamətdar olub. Kitaba Azərbaycan və Türkiyə prezident­lərinin bu mərasimdə iştirakına, habelə təkbətək görüşünə, sənədlərin imzalan­masına, qardaş ölkələrin liderlərinin mət­buata bəyanatlarla çıxışlarına, Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açı­lış mərasimində iştirakına dair informasi­yalar da daxil edilib. 

Ötən ilin sentyabr ayının ən mühüm hadisəsi isə Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri olub. Anti­terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Prezident İlham Əliyev bu tədbirlərin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciət edib. 

Sitat: – Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiter­ror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız-ad­landırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yox­dur. Biz onların ərazi bütövlüyünü tanıyı­rıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, həm onlardan, həm onların arxa­sında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avro­pada yerləşən “erməni cəfakeşlərindən” tələb edirdik - nə qədər uzaq dursalar bi­zim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmiz­dən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiya­laşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksin­lər bizdən, qoysunlar Cənubi Qafqaz ra­hat nəfəs alsın.

Azərbaycan Prezidentinin bu müra­ciətinin tam mətni 130-cu kitaba daxil edilib. 

Yeni nəşrdə dövlətimizin başçısının Çinin “China Media Group” media korpo­rasiyasına, Şuşada “Euronews” televizi­yasına müsahibələrinin mətnləri də veri­lib. 

Dövlətimizin başçısı avqust ayında, həmçinin Qazax, Şəmkir, Samux, Bərdə, Kəlbəcər və Laçında səfərdə olub, “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edib. Oxucu bu kitabda həmin səfərlərin materialları ilə də tanış ola bilər. 

“Azərnəşr” tərəfindən buraxılan 130-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

Son xəbərlər