Kiçik ölkənin böyük diplomatiya örnəyi

post-img

İkinci Dünya müharibəsi başa çatandan sonra xəritələrin yenidən cızılması məsələsi ortaya çıxmış və bu zaman mütərəqqi düşüncəli siyasətçilər öncə diplomatik gedişlərə üstünlük verilməsini təqdir etmişdilər. Təbii ki, bu, bəşəri dəyərlərin qorunması baxımından müsbət qiymətləndirilirdi. Ancaq həmin faktdan yüz illər əvvəl yazılmış türk tarixinin möhtəşəm kitabı olan “Oğuznamə”də belə bir deyim var idi: “ Dilinlə ( sözlə) görə biləcəyin işi qolunla ( qılıncla) görmə”. 

Biz məmnunuq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, daha dəqiq desək, 1993-cü ilin yayından etibarən dövlətimiz bütün məsələlərin həllində öncə diplomati­yaya üstünlük vermişdir. Bu düşüncə tərzi həm ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin əbədiləşdiril­məsi başda olmaqla çoxsaylı uğurlara imza atmasına, həm də Prezident İl­ham Əliyevin ölkəmizin ərazi bütövlü­yünün və suverenliyinin bərpasına nail olmasına zəmin yaratmışdır. Dövlət başçımız dəfələrlə xatırlatmışdır ki, bi­zim nailiyyətlərimiz məhz düşünülmüş, tarixin çoxsaylı nümunələrindən dərs alaraq ərsəyə gətirilmiş diplomatiyanın nəticəsidir. 

Bir sözlə, 2024-cü ilin ilk iş günlə­rində mətbuatdan oxuduq ki, otuz illik işğal dövründə İrəvanı tək buraxmaq istəməyən siyasi dairələr indi…geriçə­kilmə fazasına keçiblər. Ermənistan Azərbaycanla təkbaşına qaldı. Maraq­lıdır, nə üçün? Çünki Azərbaycan Pre­zidentinin siyasi diplomatik gedişləri Ermənistana himayədarlıq edənlərin bütün addımlarını bloklayır. Nə ABŞ, nə bəzi Avropa ölkələri, nə də Ermənis­tanın digər havadarları Azərbaycanı öz yolundan döndərmək üçün variant tapa bilmirlər. Hamı görür ki, rəsmi Bakının bütün addımları beynəlxalq hüquq prin­siplərinə tam cavab verir.

Biz son zamanlar “Azərbaycan etibarlı tərəfdaşdır” (İtaliya), “Bakının sınaqlardan çıxmış dostluğunu alqış­layırıq” (Çin) “İlham Əliyev Cənubi Qafqaza sülh gətirilməsi üçün yorul­madan çalışır” (Gürcüstan), “Moskva Azərbaycanın müstəqilliyə sədaqətini həmişə etiraf etmişdir” ( usiya), “Biz Avropanın enerji təhlükəsizliyinin tə­minatında fəal iştirak edən Azərbay­canla bundan sonra da əməkdaşlığı davam etdirəcəyik” (ABŞ)… kimi bə­yanatları tez-tez eşidirik. 

Ancaq mən siyasətçi və dövlət xa­dimlərinin bu qənaətləri ilə yanaşı, xa­ricdəki sadə insanların Prezidentimiz və dövlətimiz haqqında səsləndirdikləri fikirləri də təqdir edirəm. Onlardan iki­sini yada salmaq istəyirəm. Məsələn, ötən ilin son günlərində – dekabrın 30-da Azərbaycan Prezidentinə göndə­rilən bir məktubda oxudum: “Keçən il ərzində baş verən bir çox əhəmiyyətli hadisələrlə bağlı Sizi təbrik etmək istər­dim. Ötən il Siz regionda sülhün bərqə­rar olması və bölgədəki bütün xalqların təhlükəsiz yaşaması və öz dövlətlərinin uzunmüddətli sabit inkişafına diqqət yetirmələri üçün çox iş görmüsünüz. Bu prosesə rəhbərlik etdiyiniz üçün Sizə səmimi ehtiramımı bildirmək istə­yirəm.

Oleq Budanov, Moskva, Rusiya”.

İkinci qiymətləndirməni isə ötən ilin noyabrında, Belarusda olarkən ali məktəb müəllimi Konstantin İvaçkodan eşitdim: “Siz inciməyin, Azərbaycan kiçik ölkədir. Amma fəxr edin ki, bu kişik ölkə müstəqillik illərində böyük diplomatiya nümunəsi yaradıb. Elə ona görə də dostlarınız çoxdur”. 

Bəli, danılmaz faktdır ki, Azər­baycanın son bir neçə ildə qazandığı möhtəşəm uğurların təməlində müd­rik siyasət və mükəmməl diplomatiya dayanır. Elə Cənubi Qafqazdakı sülh prosesinin davamı baxımından, yeganə variant kimi Azərbaycan və Ermənistan arasında birbaşa – ikitərəfli təmaslara zərurət yaranması da diplomatiyamızın kəsərinin göstəricisidir.

Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli ma­raqlara söykənən xarici siyasəti ilə re­gional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addım­lar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regi­onal inteqrasiyaya xidmət edən əmək­daşlıq formatları Cənubi Qafqazda sa­bitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüs­lərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlən­məsinə dəyərli töhfələr verir.

Təbii ki, geridə qalan illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azər­baycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət baş­çısı İlham Əliyevin yürütdüyü ölkəmi­zin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin prin­sipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.

Bu zaman daha bir faktı, həm də xüsusilə vurğulamaq zərurəti var. Belə ki, Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prin­siplərini, xüsusilə BMT Nizamnamə­sinin 51-ci maddəsini rəhbər tutmuş, öz ərazilərini azad etmək hüququndan yararlanaraq uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçir­mişdir. Nəticədə ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etmişdir. Bu isə bizim beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərar və qət­namələrinə göstərdiyimiz ehtiram kimi qiymətləndirilməlidir. 

Xatırlatmaq istədiyimiz başqa bir məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev dövlətimizin siyasəti­ni və diplomatiyamızın məqsədlərini daim dünya ictimaiyyətinə çatdırır. O, dəfələrlə təkrar edib ki, bizim siyasəti­miz hamı üçün açıqdır və kimdənsə heç nəyi gizlətmirik. Dünya ictimaiyyəti cənab Prezidentin həmin qənaətinin təsdiqini 44 günlük İkinci Qarabağ mü­haribəsinin gedişində də gördü. Dövlət başçımız Vətən müharibəsi ərəfəsində və gedişində 30-dan çox xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervı Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria No­vosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzə­rində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavab­ları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edirdi.

Bəli, dünya xəritəsinə baxanda Azərbaycan kiçik ölkədir. Ancaq müa­sir dünya siyasətinə nəzər salanda hamı etiraf edir ki, Azərbaycan həqiqətən mükəmməl diplomatiya nümunəsi ya­ratmışdır. 

İttifaq MİRZƏBƏYLİ



Siyasət