Yelisey sarayının naqis imicli yeni baş naziri

post-img

Yaxud 34 yaşlı Qabriel Attalın siyasi olimpə sürətli yüksəlişi

Son üç ildə xarici siyasətdə tam uğursuzluq zolağına düşən, ölkə daxilində bitib-tükənməyən sosial kataklizmlərlə üzləşən Fransa hakimiyyətində kiminsə “günah keçisinə” çevriləcəyi labüd idi. Amma reallıq ondan ibarətdir ki, baş nazir Elizabet Bornun istefası ilə hakimiyyət böhranının aradan qalxacağını söyləmək sadəlövhlük olardı. Parisin siyasi isteblişmentində “yarpaq tökümü” mövsümünə start veriləcəyinin anonsu hələ bir il əvvəl verilmişdi. 

“Xanım Elizabet Born bu gün hökumət başçısı postun­dan istefa verməsi barədə ərizəni Fransa prezidentinə təq­dim edib və o, bunu qəbul edib”. Dünən Yelisey sarayının saytında yerləşdirilən rəsmi məlumatda belə qeyd olunub. Bəli, xanım baş nazirin istefasını qəbul edən dövlət başçı­sı ona səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirməyi də unutmayıb. 

Prezident Emmanuel Makron Elizabet Bornun baş nazir postundan istefa verməsindən sonra onun varisini yaxın gün­lərdə elan etməyi planlaşdırır. Yeni hökumətin başçısı qismin­də hazırkı təhsil və gənclər naziri Qabriel Attalın adı daha çox hallandırılırdı. Bunun siyasi amildən daha çox subyektiv sə­bəblərə bağlı olduğunu iddia edən politoloqlar az deyil. 

Təyinat “şəxsi keyfiyyətlərə” görədir

Fransanın yeni baş nazirinin kim olacağı barədə AFP agentliyi öz versiyasını irəli sürmüşdü. Nüfuzlu agentliyin açıqlamasında deyilirdi ki, əslində, xanım baş nazir Emma­nuel Makron ikinci müddət prezidentliyinin son üç ilinə yeni ideya və təşəbbüslərlə təkan vermək üçün Nazirlər Kabine­tində dəyişiklik etməyə hazırlaşdığı məqamda istefa verib. Emmanuel Makronun “pərdəarxası siyasi manevrlərinin” nəticəsi olaraq 34 yaşlı təhsil və gənclər naziri Qabriel At­tal xanım Bornun yerinə əsas favorit olaraq ortaya atılmışdı. Düzdür, ondan başqa baş nazir postunu tutmağa ehtimal olunan namizədlər arasında 37 yaşlı müdafiə naziri Sebast­yen Lekornü və 43 yaşlı keçmiş kənd təsərrüfatı naziri Jül­yen Denormandinin də adları hallanırdı. 

Hesab edirik ki, Sebastyan Lekornünün personası üzə­rində bir qədər dayanmağa ehtiyac var. İrəvana rəsmi səfər etmiş, Ermənistan müdafiə naziri Suren Papikyanla hər­bi-texniki əməkdaşlığa dair “bacılar müqaviləsini” imzalamış məhz Lekornü Ermənistana müasir silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirib. Rəsmi Parisin bir çox siyasiləri kimi, haylara xüsusi rəğbəti ilə seçilən Lekornü bu “şakərinə” görə heç də Attaldan geri qalmır. “Gənc və perspektivli” yeni baş nazir Qabriel Attal barədə ayrıca söz açmağımız gərəkir. 

EKSKLÜZİV DOSYE: Yeniyetməlik illərində məşhur müğənni Coys Conatanla “məhrəm münasibətlərdə” olduğu deyilən Qabriel Attar nazir kürsüsündə əyləşmə ərəfəsin­də isə Avroparlamentin deputatı Stefan Sejurne ilə rəsmi nikahda olması ilə gündəmə gəlmişdi. İctimaiyyət Attarın qeyri-ənənəvi cinsi orientasiyası barədə ilk dəfə 2018-ci ildə onun keçmiş sinif yoldaşı, hazırda siyasi fəal və hüquqşünas Xuan Brabkonun açıqlamasından sonra xəbər tutdu.

“France-Presse” özünün Yelisey sarayındakı mənbəyinə istinadla yazırdı ki, hazırkı gənclər və təhsil naziri Qabriel Attal baş nazirliyə ən optimal namizəddir. Hərçənd onun tə­yinatı Bornun istefasından dərhal sonra elan olunmasa da, AFP prezidentin yaxın ətrafına istinadla bu missiyanın məhz 34 yaşlı gənclər nazirinə həvalə ediləcəyini bildirmişdi. 

Dünən günün ikinci yarısında Fransanın yeni baş na­zirinin adı bəlli olub. Verilən proqnozlar özünü doğruldub. Prezident Emmanuel Makron gənclər və təhsil naziri Qabriel Attalın Fransanın Baş naziri təyin edilməsi barədə qərar im­zalayıb.

Attalın boynuna düşən “missiya”

İqtidar komandasına “yeni nəfəs” verməyə çalışan Makrondan narazı sosial təbəqələr arasında pensiyaçılar, miqrantlar, əcnəbi tələbələr, etnik ayrı-seçkiliyə məruz qa­lanlar və digərləri yer alırlar. Fransa tarixinə ən gənc və evli homoseksual baş nazir kimi düşəcək Qabriel Attalı bunlar­dan daha ciddi problemlərin həlli gözləyir. Attalın tərcüme­yi-halında cinsi azlığa mənsubluğu ilə yanaşı, milli-dini mən­şə etibarı ilə maraq doğuran çalarlar var. 1989-cu il martın 16-da Paris yaxınlığındakı Klamar şəhərində dünyaya gələn Attalın atası vəkil İv Attal tunisli yəhudi ailəsində tərbiyə alıb. Pravoslav xristian olan anası Mari de Kurise isə Fransaya Odessadan köçmüş ağ mühacir ailəsinin üzvü olub. 

Paris Siyasi Elmlər İnstitutunun məzunu olan Qabriel Attalın siyasi olimpə yolu Sosialist Partiyasının sıraların­dan başlayıb. O, səkkiz il bundan əvvəl Makronun yaratdığı “Marş-Respublika” hərəkatının iştirakçısına və gələcək döv­lət başçısının yaxın silahdaşına çevrilib. Üç il əvvəl isə ona yeni kabinetdə təhsil və gənclər naziri kürsüsü həvalə edi­lib. Yerli politoloqların proqnozlarına görə, yeni baş nazirin qarşısında duran əsas vəzifə iqtidardakı İntibah Partiyasının Avropa Parlamentinə cari ilin iyununda keçiriləcək seçkilərdə uğurunu təmin etməkdir. 

Amma yeni baş nazirin boynuna yuxarıda sadaladıqla­rımızdan daha önəmli missiya qoyulub. Bu missiya siyasi reputasiyası ciddi zədələnmiş, daxili və xarici arenada eti­bardan düşmüş Makron iqtidarının nüfuzunu özünə qaytar­maqda prezidentə yardım etməkdir. Qabriel Attalın bu “tarixi missiya”nın öhdəsindən nə dərəcədə gələ biləcəyini yaxın aylarda görəcəyik. İndidən məlum olan isə budur ki, intibah­çılar özlərinin siyasi olimpdən eniş dövrünü yaşamaqdadır­lar. İndiki mərhələdə aparılan kadr dəyişiklikləri bir növ can üstə olan xəstəyə “müvəqqəti ağrıkəsici” iynənin vurulması­dır. Görünür, bunu yaxşı anlayan Makron iqtidarı üçün daha vacib məsələ inyeksiyanı maraqlı oriyentasiyalı “loğman” tərəfindən yeridilməsidir... 

İmran BƏDİRXANLI
XQ

Siyasət