Tehran İrəvan üçün illüziya yaradır

post-img

Kənaniyə bəzi xatırlatmalar

Məlum olduğu kimi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, ölkəsi Zəngəzur dəhlizi layihəsini 2029-cu ilə qədər başa çatdırmağı nəzərdə tutur. Bilmək olmaz ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin söylədikləri birbaşa Ə.Uraloğlunun dediklərinə cavabdır, ya yox, amma hər bir halda, birincinin dilə gətirdikləri bu baxımdan qiymətləndirilməkdədir. Yəni, cavab təsiri bağışlamaqdadır. 

Beləliklə, N.Kənani vurğulayıb ki, İranın Cənubi Qafqazdakı vəziyyət və tranzit dəhlizləri ilə bağlı dəqiq mövqeyi var: “Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Biz vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geo­siyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin po­zulmasına əsas ola bilməz”. 

Aydındır ki, İran XİN-in sözçüsü Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibli­yindən danışır. Görəsən, nə üçün re­giondakı tranzit əlaqələrinin inkişafı, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı söz düşəndə məsələ məhz Ermənistanın ərazi bütövlüyünün pozulması konteks­tində dəyərləndirilir? Əlbəttə, biz Teh­ran üçün İrəvanın strateji əhəmiyyətini anlayırıq. Onu da bilirik ki, Ermənistan bu məsələni əlində son dərəcə vacib kart kimi saxlamaqdadır. 

Ancaq indi fərqli mənzərə var. Təsəvvür edin ki, Tehran geosiyasi də­yişikliklərin baş verməsindən ehtiyatla­nır. Ancaq ehtiyatlılıq naminə söykəndi­yi Ermənistan onun iradəsindən kənar hərəkət nümayiş etdirir ki, bunun özü də regionda geosiyasi dəyişiklik riskini artırır. Fikrimizin təsdiqi üçün erməni iqtidarının Qərblə yaxınlıq xəttini misal çəkə bilərik. Tam aydındır ki, bu xətt Rusiyanın Cənubi Qafqazdan sıxışdırıl­masını hədəf seçib. Amma hesab edək ki, Qərb istəyinə nail oldu. O zaman kimsə təminat verə bilərmi ki, növbə İrana çatmayacaq?

İkinci bir məqama diqqət yetirək. Bəli, Türkiyə Zəngəzur dəhlizinin real­laşmasında maraqlıdır. Ölkə məsələni Türk dünyasının birləşməsi anlamında görür. Əlbəttə, mənəvi tərəfləri ilə ya­naşı, məsələnin iqtisadi anlamı da var. Layihə reallaşacağı təqdirdə Türkiyənin tranzit əhəmiyyəti daha da güclənəcək. Ancaq onu da nəzərə alaq ki, bu təşəb­büs prinsip etibarilə Azərbaycana məx­susdur.

Ölkəmiz, ilk növbədə, digər əra­zilərimizin Naxçıvanla quru yoluna sahibliyini düşünür. Əlbəttə, Zəngəzur dəhlizi Orta dəhliz ideyasının tərkib hissəsi kimi də Bakı üçün cəlbedicidir. Yəni ki, hazırda İran Zəngəzur dəhlizi məsələsində qəti görünür. 

Ermənistan isə bu qətiyyəti Azər­baycana qarşı siyasi alətə çevirir. Belə­liklə, müqavimət qazanır. Müqavimət­dən isə Qərbi bölgəyə daxil etmək naminə bəhrələnir. Bu, Tehran üçün sərfəlidirmi? Əlbəttə, yox!

Başqa bir məqamın üzərində da­yanaq. Məsələ burasındadır ki, Zən­gəzur dəhlizi ideyasını gündəmə gə­tirən Azərbaycan bu layihəni həm də Ermənistanın müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsinin vacibliyi ilə əsaslandır­maqdadır. Söhbət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından gedir. Daha konkret desək, bəyanatın 9-cu bəndinə riayət edilməməsindən. İran yazılmışları pozmağamı girişir? Düşünmürük. Hələ Qərblə yaxınlığı bir yana, İrana Rusiya və Türkiyə ilə dirənən, Azərbaycana qarşı barışmaz mövqe tutan Ermənistan lazımdır? Hər halda, hazırda Tehranın regiondakı maraq və mənafelərinin nəzərə alın­ması baxımından daha etibarlı plat­forma təklif edilib. Məsələn, “3+3” platforması. O platforma ki, Ermə­nistan orada, belə demək mümkünsə, candərdi iştirak edir. O platforma ki, regiona aidiyyatı olmayan aktorların bölgədəki təmsilçiliyinə qarşıdır. Axı, bu cür qoyuluş Tehranı məmnun edir. Yenə də sual olunur: Ermənistanın əra­zi bütövlüyü və suverenliyi Tehrana nə üçün lazımdır?

Maraqlıdır, hazırda İran və Qərbin Tehrana qarşı olan qüvvələrinin Ermə­nistanla bağlı eyni mövqedə dayan­dığına dair təəssürat var. Hər iki qütb Ermənistanın ərazi bütövlüyü və suve­renliyinin toxunulmazlığından söz açır. Sanki, Azərbaycan, Türkiyə və Rusiya təcavüz gerçəkləşdirmək istəyir, onu müdaifə edən Qərbdir, Qərbin jandar­meriyası isə İrandır. Hərçənd, Tehranı bu ampluada təsəvvürə gətirmək çox çətindir. Həm də ona görə çətindir ki, İslam respublikasının prinsipial baxışı var: Region region ölkələri üçündür. Ermənistan bu prinsipə sadiqdirmi? Yuxarıda da ərz etdik ki, İrəvanın sadiq qaldığı məsələlələr tamam başqadır. 

Ermənistan öz sadiqliyini göstər­mək üçün Qərbin bəzi dairələri tərəfin­dən ortaya atılmış Ermənistana təcavüz kartından geninə-boluna faydalanır. Zamanı ötürür, daxilini rüspərərəstlər­dən təmizləməyə çalışır. Əlbəttə ki, güc də toplayır. Gücü ona görə toplamır ki, özünü xarici təcavüzdən qorusun. O səbəbdən yığır ki, Azərbaycana qarşı avantürist planlarını reallaşdırsın. Bəs bu planlar İranın da marağında olduğu sabitlik üçün təhlükə deyilmi? Məgər Tehranın diplomatik dairələri durumu görmürlər?

***

Görəsən, İranda düşünürlərmi ki, Azərbaycan Zəngəzur dəhlizi ideya­sının Ermənistan tərəfindən boykot edilməsindən sonra Naxçıvana asan yolu İran ərazisindən keçirmək niyyə­tindədir? Buna qarşı ABŞ-dan gələn reaksiyalar Tehran rəsmilərini narahat etmirmi? Məsələyə qayıdacağıq. Hələ­lik isə onu bildirək ki, Prezident İlham Əliyev hələ 2022-ci ilin əvvəlində İra­nın şəhərsalma və yollar naziri Rüstəm Qasımini qəbul edərkən, regionda nəq­liyyat layihələrinin həyata keçirilməsi məsələsi müzakirə olunmuş və əsasən İran ərazisindən keçməklə, Şərqi Zən­gəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiyaların əhəmiyyəti qeyd edilmişdi. Tərəflər onu da bildirmiş­dilər ki, yeni dəhliz elektrikötürücü xətti də daxil olmaqla, mühüm bey­nəlxalq nəqliyyat kommunikasiyasına çevriləcək, Şimal-Cənub böyük nəq­liyyat dəhlizinin halqalarından biri olacaq. Bundan başqa “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikası­nın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası ara­sında yeni kommunikasiya bağlantı­larının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə 5 aprel 2022-ci il tarixli fərman da olmuşdu. 2023-cü ilin yarıdan çoxu İran və Azərbaycan arasında gərginlik­lə müşayiət olunsa da, ilin sonlarına doğru münasibətlərdə yumşalma qey­də alınmışdı.Nəhayət, sonda yenidən Naxçıvana gedən yolun İrandan keç­məsi məsələsi üzərində dayanılmışdı. Bunu ilk dəfə Azərbaycan Preziden­tinin köməkçisi, Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən ilin oktyabrında dilə gətirmişdi. 

Daha sonra Prezident İlham Əliyev ötən il dekabrın 6-da ADA Universi­tetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumun­dakı çıxışında məsələyə tam aydınlıq gətirmişdi. Dövlətimizin başçısı ölkə­mizin mövqeyini, kifayət qədər, geniş tərzdə ifadə edərək, Naxçıvana yolun Azərbaycan üçün əhəmiyyətinə ətraflı aydınlıq gətirmişdi. Onun üzərində da­yandığı xüsus bundan ibarət idi ki, res­publikamız Ermənistanın ərazi bütöv­lüyü və suverenliyinə hörmətlə yanaşır. Amma Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslan­malıdır: “Bizim onların suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir”. 

İran rəsmilərinin, o cümlədən ölkə­ni XİN rəsmisi N.Kənaninin diqqətinə o da çatdırılmalıdır ki, hazırda Teh­ranın bəyənmədiyi ABŞ cəbhəsində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı barədə söz açılarkən, bununla paralel şəkildə Naxçıvana yolun İran İslam Respub­likasından keçməsinə qarşı da demarş halı yaşanmaqdadır. Yəni, prinsip etibarilə Zəngəzur dəhlizi məntiqinə qarşı çıxan Birləşmiş Ştatlar Tehrana əks münasibət ortaya qoymaqdadır və Azərbaycan Prezidenti haqqında söz açdığımız forumda bu məsələyə də açıq və sərt tərzdə toxunmuşdu: “Əs­lində, sizə deyə bilərəm ki, Brüsseldə Aİ Prezidenti Mişel tərəfindən təşkil olunmuş görüşdə müzakirə etdiyimiz məsələlərdən biri Rusiya-Kalininqrad dəmir yolu xətti kimi təcrübənin istifa­dəsi idi. Bir sözlə, hər şey mümkündür, sadəcə, Ermənistan istəmir. Onlar bizi bu qütbdən məhrum etmək istədilər və indi isə başa düşdülər ki, bu, bizə heç lazım deyil! Onda onlar şikayət­lənməyə başladılar və hətta biz ABŞ Dövlət Departamentinin rəsmilərindən çox müəmmalı məlum bəyanatı eşitdik ki, Birləşmiş Ştatlar əgər yol Ermənis­tandan keçməsə, buna imkan verməyə­cəklər?! Onda mən nə deyə bilərəm? Sadəcə deyə bilərəm ki, bu nədir? Biz bunu üç ildir ki, Ermənistan vasitəsilə etmək istəyirdik. Əgər siz istəyirsiniz ki, yol Ermənistandan keçsin və onda öz yeni erməni dostlarınıza bunu söy­ləyin! Axı siz bizim İranla münasibət­lərimizə necə müdaxilə edə bilərsiniz? Deyirsiniz ki, siz yolun çəkilməsinə im­kan verməyəcəksiniz. Nə edəcəksiniz? Bombardman edəcəksiniz, nə edəcək­siniz?! Əslində, bu cür məsuliyyətsiz bəyanatlar onları söyləyənlərə heç bir fayda gətirmir və əlbəttə ki, regionda sabitliyi və proqnozlaşdırmanı, o cüm­lədən bağlantı layihələrini ciddi şəkildə sual altına qoyur”. 

Göründüyü kimi, Prezident İlham Əliyev vəziyyəti tam təfsilatı ilə izah edib. Bütün bunlardan sonra N.Kəna­ninin açıqlamasına bənzər açıqlamalar Ermənistan üçün illüziya yaradır. Hər halda, İran rəsmilərinin bunu nəzərə al­maları şərtdir. Nə edək, ümid bəsləyək ki, belə də olacaq. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət