XİN illik hesabatını verdi

post-img

Dekabrın 28-də Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Tədbirdə 2023-cü il ərzində xarici ölkələr­lə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, ölkəmizin iqtisadi, humanitar diplomatiya və beynəlxalq yardım fəaliyyətləri, postmünaqişə dövründə göstərilən diplomatik səylər, Azərbaycan vətən­daşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, xarici siyasətin informasiya təminatı ilə bağlı təşkil olunan tədbirlər, analitik iş və kadr məsələləri ilə bağlı geniş məlumat verilib.

Nazir Ceyhun Bayramov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi 2023-cü ilin onun banisi olduğu, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xa­rici siyasətimiz üçün uğurlu və zəngin keçdiyini bildirib.

İl ərzində qonşu dövlətlər, o cümlədən Asi­ya, Avropa, Amerika və Afrika ölkələri ilə təmas­ların intensivləşdiyi, bu istiqamətdə 44 ölkə ilə müxtəlif sahələr üzrə 161 sənədin imzalandığı, 25 dövlət ilə siyasi məsləhətləşmələrin keçiril­diyi diqqətə çatdırılıb. 2023-cü il ərzində ölkə­mizin Qoşulmama Hərəkatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA), İqtisadi Əməkdaşlıq Təşkilatına uğur­la sədrlik etdiyi, habelə digər regional və bey­nəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirdiyi bildirilib.

Növbəti il üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çər­çivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransına (COP-29) ev sa­hibliyi üçün Azərbaycanın namizədliyi­nin təsdiq olunduğu xüsusi qeyd edilib.

İqtisadi diplomatiya sahəsi üzrə cari ildə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və tranzit daşımalarında oynadığı rolun artdığı bildirilib.

Humanitar diplomatiya istiqaməti üzrə mina təhdidi, itkin düşmüş şəxslə­rin taleyinin aydınlaşdırılması istiqamə­tində işlərin görüldüyü diqqətə çatdırı­lıb.

Beynəlxalq inkişafa yardım sahə­sində il ərzində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ, Ukrayna ət­rafındakı vəziyyətlə əlaqədar ölkəmiz tərəfindən göstərilən humanitar yardım­lar, ölkəmizin beynəlxalq yardım proq­ramları barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Postmünaqişə dövründə Azərbay­can ilə Ermənistan arasında normallaş­ma prosesi, sülh gündəliyinin irəlilədil­məsi, habelə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısının alınması məqsədilə tərəfimizdən əməli addımların atıldığı vurğulanıb.

Təmasların dinamikasına baxmaya­raq, Ermənistanın öhdəliklərindən bo­yun qaçırmaqla danışıqların imitasiyası ilə məşğul olmasının prosesdə irəlilə­yişə mane olduğu diqqətə çatdırılıb.

Bununla belə, sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror təd­birləri nəticəsində Ermənistanın əra­zilərimizdəki qeyri-qanuni hərbi möv­cudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilmə­si istiqamətində tarixi imkanın yarandığı bildirilib.

Nazir Ceyhun Bayramov 2023-cü ildə də Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi mə­suliyyətinin təsbit edilməsi istiqamətin­də işlərin davam etdirildiyini deyib.

İl ərzində vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, xarici ölkələrdə hərbi münaqişə, təbii fəlakət və digər böhran halları ilə əlaqədar təxliyəsi, habelə onlara göstərilən kon­sulluq xidmətlərinin inkişaf etdirilməsi istiqamətində əməli addımların atıldığı qeyd edilib.

“Heydər Əliyev İli” çərçivəsində Xa­rici İşlər Nazirliyi, o cümlədən 80-dən çox diplomatik nümayəndəliyimiz tərə­findən müxtəlif tədbirlərin keçirildiyi vur­ğulanıb.

İştirakçılara, həmçinin Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə görülən iş­lər və XİN-də həyata keçirilən müsabiqə prosesi barədə ətraflı məlumat verilib.

Son xəbərlər