Paşinyan odla su arasında

post-img

Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi görüşündə baş nazir Nikol Paşinyanın iştirakı Ermənistan daxilində yeni müzakirələrə yol açıb. Bəzi erməni siyasi ekspertlər, politoloqlar N.Paşinyanın görüşdə iştirakını lokal xarakterli antiterror tədbirlərindən ötən üç ay ərzində İrəvanın Rusiya ilə bağlı yürütdüyü “boykot siyasəti”nin başa çatmasının nümunəsi kimi qiymətləndirərək onu tənqid ediblər.

Paşinyanı tənqid edənlər, əsasən, Qərbmeyilli şəxslərdir. Onlar Rusiya və Ermənistanın münasibətlərinin pis­ləşməsində maraqlıdırlar. Bütün fəa­liyyətləri də buna köklənib. Doğrudur, Paşinyan özü də həmin düşərgənin təmsilçisidir. Onu “Sorosun yetirməsi” adlandıranlar haqsız deyillər.

Paşinyan hökumətinin əksər üzvlə­ri qərbpərəstlərdən təşkil olunub. Xarici işlər naziri Ararat Mirzoyan vaxtilə əlinə plakat götürərək Rusiya əleyhinə keçi­rilən aksiyada ön sırada addımlayırdı. Parlamentin sədri Alen Simonyan da on­ların fəal nümayəndəsidir. Ancaq müxa­lifətçilik edərkən Rusiya ilə bağlı müxtəlif tənqidi fikirlər söyləyənlər 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənis­tanın böyük ölçüdə asılı olduğu dövlətlə bağlı mövqelərində korrektələr etməli ol­dular.

Azərbaycanın lokal xarakterli anti­terror tədbirlərinə Rusiyanın münasibə­tindən narazı qalan Paşinyan Moskvaya qarşı çıxmağa cəhdlər etdi. Nikol oktyab­rın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasına, noyabrın 23-də isə KTMT dövlət başçılarının Zirvə görü­şü hesab olunan Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına qatılmadı. Ancaq qeyd etdiyimiz kimi, Ermənistanın asılı olduğu Rusiya qarşısında duruş gətirə bilməyəcəyi aydın idi. Yuxarı Lars sər­həd nəzarət-buraxılış məntəqəsində Er­mənistana məxsus yük avtomobillərinin Rusiyaya daxil olması ilə bağlı problemin yaşanması heç də təsadüfi deyildi. Bütün bunlar rəsmi İrəvanı geri çəkilməyə məc­bur etdi. Əslində, Ermənistanın dövlətçi­lik maraqları da bunu tələb edirdi.

Ermənistanın dövlətçilik maraqları həm də Azərbaycanla sülh sazişinin im­zalanmasını tələb edir. Regionda davam­lı sülhün əldə olunmasından, nəqliyyat kommunikasiyalarının açılmasından ya­rarlanan həm də Ermənistan olacaq. İrə­vanda bunu yaxşı anlayırlar. Hər halda, Ermənistan baş nazirinin kommunikasi­yaların açılmasını nəzərdə tutan “Sülhün kəsişməsi” layihəsi ilə çıxış etməsi bun­dan xəbər verir. Ancaq İrəvanda danış­dıqları sözün məsuliyyətini anlamayan bəzi siyasətbazlar N.Paşinyana qarşı çıxır, sülh sazişinin imzalanması pro­sesinə hər vasitə ilə, necə deyərlər, pəl vurmağa çalışırlar. Onların bununla əlin­də alətə çevrildikləri Qərb dairələrinin si­farişlərini icra etdikləri sirr deyil. Məqsəd sülh prosesinə mane olmaq, sazişin imzalanmasını ləngitmək, bununla da özünü, erməni xalqının canıyananı kimi göstərən Fransanın timsalında Qərbdən olan aktorların geosiyasi maraqlarına xidmət etməkdir.

Belələrindən biri sabiq prezident Le­von Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresi adlanan si­yasi partiyanın sədr müavini Levon Zura­byandır. O, bugünlərdə verdiyi müsahibə zamanı deyib: “Paşinyan əmin idi ki, Qərb Azərbaycanı Ermənistan üçün əlveriş­li şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər. O, əvvəldən bilirdi ki, əks-təqdirdə Qarabağdan imtina etməli olacaq. Yəni, Paşinyan Qarabağdan imti­na edir, bunun nəticəsində Rusiyanın Er­mənistanda mövqeyi zəifləyir və nüfuzu kəskin şəkildə aşağı düşür, buna cavab olaraq Qərb İrəvana dəstək verir. Qərb isə Paşinyana yalnız siyasi-diplomatik dəstək verdi, planın həyata keçirilməsinə gəldikdə məlum oldu ki, Qərbin çox ciddi məhdudiyyətləri və sərhədi var. Beləliklə, Paşinyan Qərbin Azərbaycana təsir edə biləcəyi düşüncəsinə dalaraq, birtərəfli qaydada Qarabağı qurban verdi”.

Zurabyan əlavə edib ki, Paşinyan Qərbin Ukrayna məsələsində olduğu kimi, Qarabağ məsələsində də birləşə­cəyi və Rusiyanı diz çökdürəcəyi təbli­ğatına inanıb: “Buna inanaraq, o, Qərbə arxalandı, Rusiyanı zəif, geri çəkilən biri kimi qəbul etdi. Sonra reallıqla təbliğatın düz mütənasib gəlmədiyi aşkar olanda, Rusiyanın hələ diz çökmədiyini, əksinə, təşəbbüsü öz əlinə aldığını anlayanda vəziyyəti düzəltməyə çalışır. Onun de­kabrın 26-da Sankt-Peterburqa gedişi də bunun göstəricisidir. Bu gün artıq əksər siyasi mərkəzlər Ukraynanın məğlubiy­yətinin qaçılmaz olduğundan danışırlar”.

Erməni siyasi şərhçi Ruben Markar­yan isə deyib: “Gözlənildiyi kimi, Paşin­yan Putinin yanına qonaq getdi. Əvvəlcə, Avrasiya İqtisadi İttifaqının Zirvə görüşü başladı və Nikol “Aİİ iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdır” dedi. O, bunu Qərb tərəfdaşlarının yanın­da özünə bəraət qazandırmaq üçün etdi. Avrasiya İqtisadi İttifaqının sammitin­dən sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi MDB dövlət başçı­larının qeyri-rəsmi görüşü başladı. Prezi­dent İlham Əliyevi zəfər qazanmış dövlət başçısı kimi mehribanlıqla qarşıladılar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya son səfəri zamanı Pre­zident İlham Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmişdi. Nə yaxşı ki, liderlər bunu Paşin­yanın yanında etməyə başlamadılar”.

Göründüyü kimi, N.Paşinyanın Sankt-Peterburqa getməklə, guya, Ru­siyaya əyildiyini iddia edən təkcə müxa­lifətdəki Milli Konqres Partiyası deyil, digər siyasi qüvvələrdən də oxşar fikirlər səsləndirilir. Onlar Nikolu siyasi səbat­sızlıqda, qətiyyətsizlikdə və Hayastanın maraqlarını qurban verməkdə ittiham et­məkdən çəkinmirlər. Halbuki, Ermənistan daxilində bu cür düşünən müxtəlif siyasi qüvvələr Azərbaycanla sülh sazişinin im­zalanmasına imkan verməməklə, əslin­də, öz ölkələrinin milli maraqlarına çıxmış olurlar.

Paşinyanın son siyasi gedişlərinə ru­siyalı ekspertlər də münasibət bildiriblər. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun di­rektoru, politoloq Sergey Markovun fikrin­cə, Paşinyan Sankt-Peterburqa gəlməklə Qərbə Ermənistanın hələ tam Qərbin olmadığını göstərmək istəyib: “Ermənis­tan mətbuatı yazır ki, Putin Paşinyandan münasibətlərin gərginləşməsinə aydınlıq gətirməsini istəyib. Düşünürəm ki, Putin münasibətlərin pisləşməsinin səbəbləri­ni yaxşı bilir. Bu səbəblər Ermənistanın Rusiyadan Azərbaycanla münaqişədə onun tərəfini tutmasını tələb etməsi və Paşinyanın Rusiyadan üz çevirərək Qər­bə – Moskvanın düşmənləri olan Fransa və ABŞ-a doğru getməsi ilə bağlıdır. Pa­şinyan bunu çoxdan arzulayırdı. Məncə, əslində, bu sammitdə Putin Paşinyanın Rusiyadan nə qədər uzağa getməyə ha­zır olduğunu öyrənmək istəyib. Paşinyan isə Ermənistanın bu addımı atacağı təq­dirdə, Rusiyanın ona nə qədər sərt cavab verə biləcəyini dəqiqləşdirmək istəyir. Lakin hələ ki, Paşinyanın nə etmək istə­diyi tam anlaşılan deyil. Ya da ki, o, bu yolla Rusiyanı şantaj etmək istəyir. Digər tərəfdən də Paşinyan Sankt-Peterburqa gəlməklə Qərbə göstərmək istəyir ki, Er­mənistan hələ tam Qərbin deyil. Bunun baş verməsi üçün Qərb çox çalışmalı, Ermənistanı daha çox dəstəkləməlidir”.

Sankt-Peterburqda fəaliyyət göstərən Müasir Dövlət İnkişafı İnstitutunun direk­toru, siyasi texnoloq Dmitri Solonnikov isə hesab edir ki, MDB sammitindən sonra Ermənistanın Qərbyönümlü siyasi kursu dəyişməyəcək: “Paşinyan hesab edir ki, Ermənistanın Avrasiya inteqrasiya prose­sində iştirakı siyasi və ya geosiyasi yox, iqtisadi faktordur. Bu, təbii ki, onun dü­şüncəsidir. O ki qaldı, Paşinyanın sammit çərçivəsində Azərbaycan və Rusiya pre­zidentləri ilə ayrı-ayrılıqda təmaslarına, bu, müsbət haldır. Anlaşılandır ki, Ermə­nistanın son zamanlar nümayiş etdirdiyi davranışlar postsovet məkanında inteq­rasiya prosesinin bir çox iştirakçılarını na­rahat edirdi. Ona görə də liderlərin şəxsi təmasları bu cəhətdən çox vacib idi. Lakin bu təmaslarla bağlı hansısa sensasiyalı bəyanatı gözləməyə dəyməz”.

Rusiyalı ekspertlərin fikrincə, MDB sammitindən sonra da İrəvanın Avropa İttifaqı və ABŞ-la yaxınlaşması prosesi dayanmayacaq. Bununla belə, Rusiyada hesab edirlər ki, Ermənistan MDB və Av­rasiya məkanındakı mövcud əməkdaşlıq­ların verdiyi iqtisadi üstünlüklərdən sona qədər yararlanmağa çalışacaq. Çünki rəsmi İrəvan Qərbin ona vəd etdiyi iqti­sadi imkanların Ermənistanı rifah bəxş edəcəyinə hələ inanmır.

İlyas HÜSEYNOV, 
politoloq

– Ermənistanın bəzi siyasi partiyalarının və ekspertlərinin Paşinyanın MDB dövlət başçıla­rının qeyri-rəsmi görüşündə işti­rakına reaksiyası anlaşılan deyil. Onlar doğru-dürüst şərhlər ver­mək əvəzinə, müxtəlif siyasi qüv­vələrin maraqlarının xidmətçisinə çevrildiklərini nümayiş etdirirlər. Proseslərin əsas mahiyyətini bir kənara qoyaraq diqqəti ikin­ci, üçüncü dərəcəli məsələlərə yönəldirlər. Belə məsələlərdən biri Ermənistan baş nazirinin Sankt-Peterburqda Azərbaycan Prezidenti ilə ayaqüstü təması­dır. Bu, normal etiket qaydası­dır. Əgər yaxın vaxtlara qədər iki ölkəni bir-birindən ayıran prob­lem, yəni ərazi münaqişəsi möv­cud deyilsə, Azərbaycan və Er­mənistan rəhbərləri niyə əl verib görüşməsinlər?!

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, Azərbaycan və Ermənistan artıq bir-birinə qarşı duran tərəf deyillər. Hər iki ölkə sülh danı­şıqlarını yekunlaşdırmağa, ortaq sənədə, sülh müqaviləsi bağla­mağa tam hazır olduqlarını bəyan ediblər.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasar­yan da təsdiqləyib ki, Paşinyan və İlham Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. Bu mənada düşünürəm ki, Ermənistanda müxtəlif siyasi qüvvələr və eks­pertlər prosesə mane olmağa çalışsalar da uğursuzluğa düçar olacaqlar.

Səxavət HƏMİD
XQ



Siyasət