Yeliseydən əsən yellər...

post-img

Bakıya qarşı “diplomatik savaş” açan Paris Cənubi Qafqazda nələrdən məhrum olacağının fərqində deyil 

Rəsmi Parisin son günlər Bakının ünvanına üfürdüyü və Yeliseydən əsən küləyin yaydığı xoşagəlməz “diplomatik hava” iki ölkə arasında siyasi atmosferi kifayət qədər ağırlaşdırıb. Emmanuel Makron administrasiyasının yarıtmaz xarisi siyasəti nəticəsində ikitərəfli münasibətlər, faktiki olaraq, diplomatik savaş həddinə çatıb. 

Azərbaycanın Parisdəki səfirli­yinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyi­lir ki, rəsmi Paris Fransanın Azər­baycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona non-grata” elan etməsi ilə bağlı qərarını nəzərə alıb. Yelisey sara­yı Azərbaycanın öz qərarını əsas­landırdığı iddiaları qəti şəkildə rədd edib. Fransa buna cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona non-grata” elan edib.

“Fransanın Azərbaycandakı sə­firliyinin iki diplomatik statusa malik əməkdaşını “persona non-grata” elan edilməzdən əvvəl Fransa səfir­liyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb”. Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dünən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Fransa tərəfi günahsız olduğuna əmin idisə, araşdırma apara bilərdi: “Amma onlar buna getmədilər. Səfir XİN-ə dəvət olundu, etirazımız ona bildirildi”. 

C.Bayramov onu da nəzərə çat­dırıb ki, ortaya heç bir əsas qoyma­yan rəsmi Paris tərəfindən səfir Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağ­lı qərar ona təqdim olunub: “Ancaq bizim atdığımız diplomatik addmla Fransanın addımı arasında böyük fərq var. Biz sübutlarla danışdıq”.

Xatırladaq ki, dekabrın 26-da Fran­sanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Xanım Anna Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təş­kil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona non-grata” elan olun­duğu səfirin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təq­dim olunub. 

Əvvəlcə Afrikada, ardınca Okeaniya­da mövqelərini itirməkdə olan, Cənubi Qafqazda isə maraqlarını təmin etmək imkanı tükənən rəsmi Paris, deyəsən, Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirmir. Əslində, o, bu­nunla özünü daha çıxılmaz vəziyyətə sa­lacağının fərqinə varmalı, Bakı ilə siyasi davranışında diplomatik etiketə riayət etməlidir. Emmanuel Makron iqtidarı indi onun qarşısında sülhə vasitəçilik adı al­tında on illərlə saymazcasına davrandığı 90-cı illərin zəif və köməksiz Azərbay­canın deyil, artıq bölgədə söz sahibinə çevrilən, həmin “qoca qitə”nin böyük güclərinin yaxından əməkdaşlıq etdiyi və faydasını gördüyü Azərbaycanın dayan­dığını anlamalıdır. İkitərəfli münasibətlə­rin normal məcrada saxlanması Bakıdan daha çox Yelisey rejiminin xeyrinədir.

Bu günlərdə Britaniyanın “Financial Times” nəşri Fransa prezidenti Emmanu­el Makronun hakimiyyətinin zəifləmə sə­bəblərinə həsr olunmuş analitik məqalə dərc edib. Kifayət qədər maraqlı tezis və fikirlərin yer aldığı məqalədə bu ölkədə vəziyyətin gərgin, Makronun isə bunun qarşısını almaq iqtidarında olmadığı vur­ğulanır. 

Nissa Universitetinin professoru Vin­sent Martini apardığı fərdi araşdırmaların yekununda bu qənaətə gəlib ki, Makro­nun ölkəni idaəretmə üsulu özünü tükən­dirib və o, parlamentin və əhalinin istə­yinə qətiyyən uyğun gəlmir. 

Professor müqayisə aparır: “Təsəv­vür edək ki, indi 2027-ci ilin baharıdır. Yelisey sarayının həyətində uzun, qır­mızı xalça sərilib. Prezident səlahiyyət­lərinin təhvil verilməsi ilə bağlı təntənəli mərasim keçirilir. Ultrasağçı populist si­yasətçi və Makronun rəqibi Marin Le Pen seçkilərdə qalib gəlib. Bu, Fransa üçün “siyasi zəlzələyə” bərabər hadisə sayıla bilərdi. Amma artıq bu perspektiv heç kəsə qeyri-real, uydurma kimi görünmür”.

Yəni, fransız professor demək istə­yir ki, Makronun prezidentliyi dövründə ölkənin siyasi həyatında yaşanan katak­lizmlər vətəndaşları hətta belə pessimist gələcəyə də normal yanaşmasına səbəb olub. 

* * * 

“Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən “persona non-grata” elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt üzrə digər hər hansı izahat yolverilməzdir”. Bu sözləri Fransanın məlum diplomatik “jestini” şərh edərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov hesab edir ki, Fransa­nın Bakıdakı səfirliyinin himayəsi altında fəaliyyət göstərən agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqan­ları tərəfindən çökdürülməsi bu ölkənin 30 illik işğala və separatizmə dəstə­yi fonunda regionda etimadını itirməsi deməkdir: “Rəsmi Parisin başlatdığı “so­yuq müharibə”də Bakıya rüsvayçı forma­da məğlub olub. Vətən müharibəsində və antiterror tədbirlərində hərb meydanında itirilən mövqelərin ardınca istər BMT Təh­lükəsizlik Şurası, istər digər platformalar­da anti-Azərbaycan cəhdlərinin puça çıx­masından sonra da çirkin əməllərindən əl çəkməyən Fransanın ölkəmizdəki səfirli­yinin 2 əməkdaşı məhz pozuculuq fəaliy­yətinə, daha dəqiqi, diplomatik statusa uyğun olmayan və “Diplomatik Əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllə­rinə görə Azərbaycan tərəfindən “arzu­olunmaz şəxslər” elan edilərək ölkədən qovulub.

Casus diplomatların fəaliyyəti ilə bağlı Azərbaycanın əlində təkzibedilməz dəlillərin olduğunu nəzərə çatdıran depu­tat soruşur: “Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransa­dakı səfirliyinin əməkdaşlarının əməllə­rində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan aləmə car çəkərdi. Bu mənada, Fransanın cari həmləsi cavab xatirinə atılan ucuz qisasçılıq addımıdır. Paris beynəlxalq hüquqla daban-daba­na zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərgin­ləşdirir. Biz, təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasi­bətlərin bu həddə çatması bizim seçimi­miz deyil”.

* * * 

Bəli, Bakı ölkələrarası münasibətlə­rin indiki durumunu arzulamazdı. Fəqət Azərbaycan Fransanın çeşidli beynəlxalq platformalarda ermənipərəst, yəni ədalət­siz və ikiüzlü siyasətinə çox dözməli oldu. Bəlkə Makron administrasiyası indi də davam etdirdiyi anti-Azərbaycan avantü­rası ilə özünüifşaya doğru gedir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin qə­naətinə görə, sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Fransa, Avropanın digər ölkələri Azərbaycana ikili standartlarla yanaşırlar: “Fransa Azərbaycana qarşı diplomatik müharibə aparır. Paris əvvəlcə BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı təklif irəli sürdü və uğursuz oldu. Məndə olan məlumata görə, bu ilin payız ayla­rında bu məsələni yenidən qaldırmaq istəyir”. 

F.Şəfiyev deyib ki, Bakı ilə Paris ara­sında müəyyən əlaqələr mövcuddur. Mərkəz rəhbəri bəzi fransız siyasiləri ölkə rəhbərliyinin Azərbaycanla bağlı mövqe­yini dəstəkləmir: “Belə getsə, Fransa ilə münasibətlərdə heç bir müsbət irəliləyiş olmayacaq. Amma, Azərbaycan və Qər­bin münasibətləri hər iki tərəf üçün fay­dalıdır. Bununla belə, ortada keçilməz qırmızı xətlər var. Yəni, hər kəs dərk et­məlidir ki, ərazi bütövlüyü, suverenlik heç vaxt Azərbaycanın kompromis predmeti ola bilməz. Bizim Fransa ilə normal iqti­sadi-ticari əlaqələrimiz var, amma siyasi və diplomatik müstəvidə gərginlik yara­dan məhz Parisin özüdür. Həm də bu ölkənin Ermənistanla hərbi-texniki əmək­daşlığı bizi narahat edir. Əgər Fransa Ermənistanı silahlandırırsa, bunu kimə qarşı edir?!”.

Əlbəttə ki, tanınmış politoloqun dilə gətirdiyi ritorik sualdır. Makron Fransası Ermənistanı məhz Azərbaycana qarşı si­lahlandırdığını heç gizlətmir də. 

Evian-Le Ba şəhər merinin ermənipərəst qərarı 

Bu, artıq Yelisey sarayının Bakıya qarşı genişmiqyaslı, total “diplomatik sa­vaşa” başlamasının təzahürüdür. Artıq savaş iki ölkə arasında humanitar sahəni də əhatə etməkdədir. İsmayıllı Rayon İcra Hakimiyyəti maraqlı bəyanat yayıb. Bə­yanatda deyilir ki, 2015-ci ilin may ayın­da İsmayıllı və Fransanın Evian-Le Ba şəhərləri arasında Dostluq və Əməkdaş­lıq Xartiyası imzalanıb. Məqsəd iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdir­mək, mədəniyyət, turizm kimi sahələrdə yaxından əməkdaşlıq etməkdən ibarət idi. Bu istiqamətdə praktiki addımlar atıl­mış, əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”­nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidba­nu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib. Təəs­süf ki, “Qardaşlaşmış şəhərlər” humanist ideyasını Fransa tərəfi siyasiləşdirərək, Vətən müharibəsindən sonra Ermənis­tana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırıb. 

Bəyanatda qeyd olunur ki, 2023-cü il dekabrın 18-də Evian Şəhər Bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsas­sız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan bağı” qeyd edilən ya­zıların silindiyini elan edib. Buna cavab olaraq Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian Şəhər Bələdiyyə Şu­rasının “Azərbaycan bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına eti­raz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası qüvvə­dən düşmüş hesab edilib.

Bundan sonra İsmayıllı şəhər mərkə­zi parkı məşhur Azərbaycan şairi Xurşid­banu Natəvanın adını daşıyacaq. 

* * * 

Bəs, Paris Bakı ilə bilərəkdən gərgin­ləşdirməyə çalışdığı münasibətlərin nə ilə nəticələnə biləcəyini, onun Azərbaycan­da, bütövlükdə Cənubi Qafqazda nələr­dən məhrum olacağını hesablayıbmı? Hansı tərəfin daha çox itirəcəyini nəzərə alıbmı? Hesabı özü aparsın. Amma bu diplomatik qarşıdurmanın aqibətinin heç də Fransanın xeyrinə bitməyəcəyi indi­dən gün kimi aydındır. 

Əgər Parisin günahı ucbatından baş­lanan bu “savaş” Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin ta­mamilə kəsilməsi kimi neqativ sonluğa gətirib çıxaracaqsa, bunun günahkarı yalnız rəsmi Paris, Emmanuel Makron administrasiyası olacaq. Yazımızın əvvə­lində analitik məqaləsinə istinad etdiyimiz “Financial Times” qəzeti Fransa dövlət başçısının xarakterik cizgilərini keçmiş müttəfiqlərindən birinin dilindən belə təs­vir edir: “Fransa prezidentinin sabah han­sı addımı atacağı barədə heç kəsin dəqiq təsəvvürü yoxdur. Bu qətiyyətsiz, çılğın, ətrafından və özündən xoflu, tənha vəziy­yətindəki adamdan nə desəniz gözləmək mümkündür”.

Yelisey sarayından əsən küləyin səmtini, doğrudan da, ipinin üstünə odun yığmaq olmayan çılğın və tənha birisi müəyyənləşdirirsə, onda bu küləyin son­da onun özünü hara aparıb çıxaracağını uzaqdan seyr etmək daha məntiqli ol­mazmı? 

İmran BƏDİRXANLI
XQ







Siyasət