Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüşüb.
Nazir Ceyhun Bayramov təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Görüləcək birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülhün və sabitliyin əhəmiyyətini vurğulayıblar. Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izlədiyi bildirilib.
Tərəflər, eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planları bölüşüblər.
XQ