Murovdağdan Kəlbəcərə 14 kilometr tunel çəkilib

post-img

Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri olan 82 kilometr uzunluğa malik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu sürətlə tikilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər üzrə 56 kilometr, Kəlbəcər-İstisu üzrə isə 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 13-cü kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır.

Məlumatda, həmçinin qeyd edilir ki, bu hissədə dünyanın ən uzun avtomo­bil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 kilometr) inşası da da­vam etdirilir. İnfrastrukturun bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacağı nəzərdə tutulur. Eyni zamanda, müvafiq şəkildə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 min 713,1 metr, sağ his­səsi isə 11 min 691,9 metr (ümumi uzun­luğu 23 min 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə, ümumilikdə, 7 min 60 metr qazma və püskürtmə işləri, 4 min 160 metr isə kəmər betonu işləri ta­mamlanıb, sağ istiqamət üzrə isə ümumi­likdə 7 min 25 metr qazma və püskürtmə işləri, 1722 metr isə kəmər betonu əmə­liyyatları tamamlanıb. Bundan başqa, Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

561,2 metr uzunluğunda olan Tunel №1-də, 626,9 metr uzunluğunda olan Tu­nel №2-də və uzunluğu 947,9 metr təşkil edən Tunel №5-də artıq qazma, püskürt­mə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etdirilməkdədir.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun şəkildə inşa edi­lir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefi nəzərə alınaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaq­lı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uy­ğun 4 hərəkət zolağının inşası həyata ke­çirilir. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34,8 kilometr, III dərəcəli yolun ümumi uzunluğu isə 33 kilometr təşkil edir.

Layihə üzrə ümumi uzunluğu 2 min 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 min 600 metr olan 36 bağlan­tı yolunun tikintisi də icra olunmaqdadir.

Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Ümumi qazma işləri 66 faiz, dolğu işləri isə 69 faiz tamamlanıb. Həmin hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtü­yünün döşənməsi işləri icra olunur.

Yolun Kəlbəcər–İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlən­məsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun To­ğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazi­sindən keçir. Bu, sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qə­dər rahat gediş-gəlişini təmin edəcək.

XQ

Son xəbərlər