Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, qardaş Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD)-ın AMEA nəzdində RSXM-ə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.
Bununla əlaqədar olaraq mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub.
Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir, eləcə də ərazidə digər texniki tamamlama işləri aparılır. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, RSXM tərəfindən Qarabağ iqtisadi rayonunda, eləcə də digər ətraf rayonlarda da 10 ədəd seysmik və geofiziki stansiyanın quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.