“Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir” – ŞƏRH

post-img

“Ermənistan tərəfindən 30 ildir pozulmuş ərazi bütövlüyümüz məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa olundu. Onun başçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəmiz nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi və birliyi daha da möhkəmləndi. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vahid Vətən görmək arzusu gerçəkləşdi. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli mənsubiyyətinin qorunması, assimilyasiyaya uğramasının qarşısının alınması məsələlərini diqqət mərkəzində saxlayır”.

Bu fikirləri XQ-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib. 

Analitik qeyd edib ki, Azərbaycan müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursuna sadiqdir: “Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil edir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilir”.

M.Dəmirov fikrincə, bu gün Azərbaycan transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi, müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən, fəal aktor və regional güc kimi tanınır. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması, onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, Azərbaycanın bu cür nailiyyətləri rasional və praqmatik xarici siyasətin nəticəsidir.

“Cənubi Qafqazda və bütövlükdə regionda nəzərdə tutulan bütün meqa layihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan həyata keçirilirə bilməz. Coğrafi şəraitdən və siyasi sistemin xarakterindən asılı olmayaraq, burada liderlik fenomeni mühüm rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin edilmiş, gələcək inkişafın əsası qoyulmuşdur. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının Lideridir” , deyə M.Dəmirov fikirlərinə yekun vurub. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət