Azərbaycan–Türkiyə hüquqi əlaqələri genişlənir

post-img

Oktyabrın 17-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq özünü doğma Vətə­nindəki kimi hiss etdiyini, səfərin Ulu öndərin yubiley ilinə və Türkiyə Cüm­huriyyətinin 100-cü ildönümü ərəfəsinə təsadüf etdiyini bildirib, xalqlarımızın vahid millət olaraq bir-birini daim dəstəklədiyini qeyd edərək Qarabağ zəfəri və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə bağlı təbrikini ifadə edib, sevincini bölüşüb.

Söhbət zamanı Azərbaycan və Tür­kiyənin həm ikitərəfli, həm beynəlxalq qu­rumlar, o cümlədən Türk Dövlətləri Təş­kilatı çərçivəsində səmərəli əməkdaşlığı, dövlətlərimizin başçılarının səyləri sayə­sində Türk dünyasının getdikcə inkişaf etdiyi bildirilib.

F.Məmmədov bu əlaqələrin hüquqi sahəni də əhatə etdiyini, artıq Ədliyyə akademiyalarının türk şəbəkəsinin tə­sis olunduğunu qeyd edib, cari ayın əvvəlində Ankarada Türk Dünyası No­tariuslar Birliyinin yaradılması ilə bağlı tədbirdə iştirakını və həmkarı Y.Tunc ilə məhsuldar görüşünü xatırladıb, Türk dünyasının mədəniyyət paytaxtı olan Şu­şada keçiriləcək türk dövlətlərin ali məh­kəmələrinin təsis konfransının əhəmiyyə­tinə toxunub.

M.Akarça ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə ciddi irəliləyişə nail olunduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin türk dünyasına yeni bir güvən və ortaq əməkdaşlıq imkanı yaratdığını söyləyib. Şuşada keçiriləcək konfransda Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələrinin Birliyinin yaradılmasının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyini söyləyib.

XQ

Son xəbərlər