2003–2023-cü illər çoxəsrlik tariximizin qızıl dövrüdür

post-img

“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans

Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə Bakıda, “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyət­lərə və tarixi qələbələrə dair mə­ruzələr dinlənilib.

Konfransı açan Baş Nazir Əli Əsədov bildirib ki, Azərbay­canın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 20 illiyi tamam olur. Ötən dövrdə əldə olunan uğurları diqqətə çatdıran Əli Əsədov qeyd edib ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir”,–deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbayca­nın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nai­liyyətlərdən biridir. 

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisa­diyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büd­cəsinin xərcləri 30 dəfə artıb.

Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3 min 500 ma­natdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən, ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. 

Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı inkişaf təmin olu­nub. Birbaşa xarici borcun həcmi aza­laraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və bu, hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. 

Bu dövr ərzində sərmayələrin ümu­mi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Görül­müş məqsədyönlü tədbirlər nəticəsin­də son 20 ildə qeyri-neft ixracı 8 dəfə­dən çox artıb.

Ötən 20 ildə Azərbaycanda qey­ri-neft sektorunun davamlı inkişafını reallaşdırmaq, innovativ və yüksək tex­nologiyalara əsaslanan sənaye müəs­sisələrini qurmaq, bu sahədə sahibkar­lığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə yüz­lərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəl­lələri yaradılıb.

Baş Nazirin sözlərinə görə, görülən bütün bu işlər Azərbaycan məhsulla­rının ixrac coğrafiyasını genişləndir­mək imkanı verib, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altın­da xarici bazarlara çıxışını genişlən­dirib. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahə­sinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılıb. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

Əli Əsədov çıxışında Azərbaycan Prezidentinin gərgin fəaliyyəti nəticə­sində dünyanın enerji xəritəsində yeni mənzərə formalaşması məsələsinə də toxunub: “Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu öndər Heydər Əliye­vin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkan­lar qarşıya qoyulan genişmiqyaslı və­zifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı”. 

Baş Nazir daha sonra qeyd edib ki, 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdə­niz” yatağında ilk quyu istismara veril­di. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbay­canın böyük qaz ehtiyatlarına sahib ol­duğunu təsdiq etdi. Bununla da, Azər­baycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci il­dönümündə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu.

Ə.Əsədov, həmçinin Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardı­cıl səyləri ilə Bakı–Tbilisi–Ceyhan neft kəmərindən sonra, Bakı–Tbilisi–Ərzu­rum, TANAP, TAP kimi transmilli qaz arteriyalarının yarandığını, bununla da dünyanın enerji xəritəsində yeni mən­zərə formalaşdığını bildirib.

“2017-ci il sentyabrın 14-də Prezi­dent İlham Əliyevin şəxsi səyləri nəticə­sində Xəzər dənizinin Azərbaycan sek­torunda nəhəng Azəri–Çıraq–Günəşli neft yataqları blokunun 2050-ci ilə qə­dər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans–Ad­riatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi, – deyə Baş nazir vurğulayıb.

Sonra Prezident Administrasiya­sının rəhbəri Samir Nuriyev çıxışın­da qeyd edib ki, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilən cə­nab İlham Əliyev Ümummilli liderimizin siyasi irsini davam etdirərək və Ulu öndərin səyləri nəticəsində yaradılan möhkəm təmələ əsaslanaraq ötən 20 il ərzində dövlətimizi strateji hədəflərə doğru uğurla aparıb. Bu dövr ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilən nəticələr baxımından müstəsna önəm daşıyan və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifə­sinə çevrilib. 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003–2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb, əsrlərlə bölünmüş, ağır məhrumiyyət­lərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatın­da silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub. 

Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, hər zaman cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qaza­nıb, həm ölkə daxilində, həm də bey­nəlxalq aləmdə böyük nüfuz əldə edib.

Prezident İlham Əliyev ötən 20 il ərzində müəllifi Ulu öndər olan və cə­miyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirib, Azərbaycan xalqının, dünya azərbay­canlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi gerçək­ləşdirib.

Ölkə rəhbəri ötən prezidentlik fəa­liyyəti dövründə Azərbaycanın müda­fiəsini gücləndirməyi də diqqət mərkə­zində saxlayıb. Dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli çəki­sinə xüsusi önəm verib. Bu, ölkəmizin müharibə şəraitində yaşaması, ərazi­mizin 20 faizdən çox hissəsinin işğal altında olması ilə bağlı olub. Bütün bu qayğı və diqqət nəticəsində müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş ha­zırlığı yüksək olan peşəkar və modern ordusu yaradılıb. Bu ordunun dinamik inkişaf meyillərini isə məhz ölkənin uğurlu daxili və xarici siyasəti, eyni za­manda, dünyada artan nüfuzu şərtlən­dirib. 

Məhz 44 günlük Vətən mühari­bəsində qazanılan tarixi Zəfər Azər­baycan Prezidenti İlham Əliyevin rəh­bərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün is­tiqamətlərdə əldə olunan böyük uğur­ların, güclü dövləti xarakterizə edən bütün komponentlərin və qeyd etdiyim kimi, qüdrətli silahlı qüvvələrin forma­laşmasının məntiqi nəticəsi idi.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bu gün ölkəmizin müasir tarixinin qısa bir kəsiyində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz müstəqil dövlətini qu­rub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbayca­nımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

Samir Nuriyev çıxışında Ermə­nistan rəhbərliyinin, eləcə də Qara­bağdakı hərbi xunta başçılarının nə vaxtsa Azərbaycanın təkcə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada deyil, həm də Xankəndi, Ağdərə, Xocalı və Xo­cavənddə nəzarəti bərpa edəcəyinə, xalqımıza qarşı cinayətlər törədən separatçıların isə Azərbaycan məh­kəməsi qarşısında cavab verməli ola­caqlarına belə ehtimal etmədiklərini də diqqətə çatdırıb. 

Prezident Administrasiyasının rəh­bəri çıxışında daha sonra 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticə­sində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindəki bütün tör–töküntülərini, hərbi infrastrukturunu sıradan çıxar­dığını, hərbi xuntanı ağ bayraq qal­dırmağa məcbur etdiyini vurğuladı və bundan sonra separatçıların özlərini buraxmaq barədə qərar qəbul etmək­dən başqa çıxış yolları qalmadığını bildirdi. 

Prezident, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə Azər­baycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qar­şısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 

Prezident Administrasiyasının rəhbəri bildirilib ki, dövlətimizin baş­çısının rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub. 2003–2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dol­lardan 78,7 milyard dollara yüksəlib. 2003–2023-cü illərdə dövlət büdcəsi­nin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyu­ta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003–2022-ci illərdə ölkə iqtisadiyyatına ya­tırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq sə­viyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib.

“Bütün bu əldə edilən uğurlara görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olub, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayıb”, – deyə S.Nu­riyev əlavə edib.

Daha sonra konfransda Baş nazi­rin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, Xarici İşlər naziri Ceyhun Bayramov, Kons­titusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyə­tinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin sədri Bahar Muradova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sa­hil Babayev və Elm və Təhsil naziri Emin Əmrullayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezi­denti seçilmiş İlham Əliyev Ümummilli liderimizin siyasi irsini davam etdirərək və Ulu öndərin səyləri nəticəsində ya­radılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Bunun nəticəsində Azər­baycan regionun ən inkişaf etmiş iqti­sadiyyatına malik olmaqla yanaşı, həm də söz və nüfuz sahibinə çevrilib.

Diqqətə çatdırılıb ki, ötən illərdə ölkəmizdə 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Komp­leksi tikilib və ya təmir olunub. Dövlət başçısının tapşırığına əsasən, Nax­çıvanın sosial-iqtisadi inkişafına dair proqramın və strateji layihələrin icrası­na başlanılıb ki, bu da muxtar respubli­kada rifahın yüksəlməsinə, biznes fəa­liyyətinin genişlənməsinə münbit şərait yaradacaq.

Çıxışlarda Prezident İlham Əliye­vin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından danışılıb, onların təqaüdünün ötən dövrdə 6 dəfə artırıl­dığı qeyd olunub. Həmçinin şəhid hər­bçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib. Bildirilib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə ge­nişlənib. Son 3 ildə bu qəbildən onlar şəxslərə 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev təhvil verilib. Müha­ribə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib. O cümlədən, 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edi­lib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən, 458 yüksək texnologiyalı protez) təqdim olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nə­ticəsi olaraq ötən 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu döv­rdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Sonda Azərbaycan Televiziyası (AzTV) tərəfindən hazırlanan və Pre­zident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyət­lərə həsr olunan sənədli film nümayiş etdirilib.

XQ







Son xəbərlər