Gəncə Dövlət Dram Teatrı İstanbulda

post-img

Oktyabrın 14-də İstanbulda Azərbaycanın Gəncə Dövlət Dram Teatrının təqdimatında Ejen İoneskonun “Kral ölür” adlı absurd komediyası oynanılıb.

Tamaşa İstanbulda keçirilən V Beynəlxalq Maltepe Teatr Festivalı çərçivəsində nümayiş olunub.

Əsərdə hadisələr Beranje krallığında birinci Beranjenin sarayında baş verir. Günlərin birində kral bir neçə saatdan sonra öləcəyini öyrənir. Ölümün adi sözlə, iki-üç kəlmə ilə çatdırılması Beranje üçün gülməli və qeyri-təbii təsir bağışlayır. Lakin zaman keçdikcə kral vəziyyətin ciddiləşdiyini, ətrafındakı insanların onu taleyi ilə baş-başa buraxdıqlarını anlayıb məyus olur. Bu məyusluq o qədər güclü olur ki, bir az əvvəl “ölmərəm” deyib hayqıran Beranje ölümə öz xoşu ilə razılıq verir.

Tamaşanın quruluşçu rejissoru S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir.

Əsas rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov iştirak edirlər.

Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikaranın təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna olmaqla 22 ölkədən 200-ə yaxın teatr işçisi iştirak edir. Beş gün davam edən festivalda ümumilikdə 20 səhnə əsəri oynanılır.

Azərbaycanı tədbirdə aktyorlarımızla yanaşı, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov və festivalın beynəlxalq münsiflər heyətinin tərkibində Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir.

“Kral ölür” tamaşasının festival çərçivəsində İstanbulda ilk təqdimatı oktyabrın 12-də reallaşıb.

Mədəniyyət