Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresində “Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib.
Plenar iclasda çıxış edənlər bildiriblər ki, Səudiyyə Ərəbistanı elmə verdiyi töhfələri genişləndirmək üçün müxtəlif missiyaları yerinə yetirmək məqsədi daşıyan və bu yaxınlarda başlatdığı davamlı İnsan Kosmos Uçuş proqramının bir hissəsi olaraq, Səudiyyə Kosmik Agentliyi on günlük bir missiya üçün Beynəlxalq Kosmik Stansiyaya ilk ərəb qadın da daxil olmaqla astronavtlar göndərib.
Diqqətə çatdırılıb ki, astronavtlar Krallıqda tələbələrlə 3 interaktiv təhsil maarifləndirici eksperimentdə mikroqravitasiya mühitində 11 tədqiqat təcrübəsi həyata keçirib, insan tədqiqatı, hüceyrə elmləri və bulud toxumçuluğuna yönəlmiş eksperimentlərin ümumi sayını 14-ə çatdırıblar.
Müzakirə zamanı 12 mindən çox səudiyyəli tələbənin kosmos elmləri və onun Yerdəki həyatı yaxşılaşdırmaq potensialı haqqında anlayışlarını artırmaq üçün Beynəlxalq Kosmik Stansiyanın eksperimentlərində fəal iştirak etdikləri bildirilib.
***
Dünən 74-cü Beynəlxalq Astronavtika Konqresində "Çin Kosmik Stansiyası qlobal kosmosun kəşfiyyatından faydalanır" adlı plenar iclas keçirilib.
Tədbir Beynəlxalq Kosmik Agentliyin Asiya üzrə ofisinin direktoru Linqi Zu moderatorluğu ilə keçirilib.
İclasda Çinin Tiangong Kosmik Stansiyasının uğurlarından danışılıb. Bunun insanların kosmos haqqında düşüncələrində yeni bir mərhələ açacağı qeyd edilib.
Paneldə Çin Kosmik Stansiyasının müxtəlif aspektləri, o cümlədən, ümumi sxemi, tikinti prosesi, texniki göstəriciləri, kosmik elm və tədqiqat obyektlərinə baxışı müzakirə edilib. Çinin açıqlıq və paylaşma inkişaf konsepsiyasına sadiq qalmağa davam edəcəyi və kosmosdan dinc istifadəyə sadiq olan ölkələr və regionlarla daha çox və daha dərin praqmatik əməkdaşlıq edəcəyi vurğulanıb.
***
Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ADA Universitetinin tələbələri ilə astronavtlar arasında görüş keçirilib.
Tədbirin açılışında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil meneceri İmran Muxtarov tərəfindən tələbələrə müvafiq qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə keçirilən 74-cüBeynəlxalq Astronavtika Konqresi və “Beynəlxalq astronavtlar proqramı” haqqında ətraflı məlumat verilib.
Gənclərlə interaktiv sual-cavab formatında aparılan görüşdə ABŞ-lı as-tronavtlar John-David Bartoe, Ronald J.Garan, Russell L.Schveickart, rumıniyalı astronavt Dumitru-Dorin Prunariu və BƏƏ-li astronavt Hazzaa Al-Mansoori kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını tələbələrlə bölüşüb və sualları cavablandırıblar.
Qeyd edək ki, Bakıda keçiriləcək konqres çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar təşkil edilib. Konqresdə kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri qurmaq imkanları yaradılıb. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır.
Nəzərə çatdırılıb ki, konqresin tərkib hissəsi “Beynəlxalq astronavtlar proqramı” “Kosmos və Sağlamlıq”, “Kosmos və İnklüsivlik”, “Kosmos və STEAM”, “Astronavtların həyat və fəaliyyətinə həsr olunmuş brifinqlər” silsiləsindən ibarət olub, müxtəlif ali təhsil müəssisələri, elm tədqiqat institutları və gənclər mərkəzlərində məktəblilər, tələbələr, şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər də daxil olmaqla 3 mindən çox Azərbaycan gəncinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutur. Xatırladaq ki, gənclər arasında kosmos elminin tərənnümü, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqi proqramın əsas məqsədlərindəndir.

