Bakı kosmik müzakirə orbitinə çıxır

post-img

Gələn həftə Bakı şəhəri daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi edəcək. Oktyabrın 2-6-da paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işləri tam başa çatdırılıb. Hazırlıq işləri Beynəlxalq Astronavtika Federasiyası tərəfindən yüksək qiymətləndirildiyindən qurumun icraçı direktoru Kristian Faytinger bir qədər əvvəl Bakının evsahibliyi edəcəyi konqresin heyrətamiz hadisə olacağını bəyan etmişdi. 

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) və Beynəlxalq Astro­navtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessi­ya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq me­dia qurumlarının təmsilçiləri iştirak edə­cəklər.

“Qlobal çağırışlar və imkanlar: kos­mosa şans verək” mövzusunda bey­nəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadilə­si üçün açıq platforma olacaq. Tədbir bütün qonaqlara və iştirakçılara kosmik sənayesinin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasi­yaları sahəsində tərəfdaşlıq və əmək­daşlıq yollarını müzakirə etmək imkanı verəcək.

Mötəbər beynəlxalq tədbir ərəfəsin­də Beynəlxalq Astronavtika Federasi­yasının partnyor təşkilatları tərəfindən paytaxtımızda kosmik sənayesinə dair bir sıra tədbir həyata keçirilir. Sentyab­rın 28-də öz işinə başlayan 21-ci Kos­mik Nəsil Konqresi də bu qəbildən olan tədbirlərdəndir. Xatırladaq ki, “Azərkos­mos”, Kosmik Nəsil Məşvərət Şurasının və Avropa Kosmik Siyasəti İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirə dünya­nın 50 ölkəsindən 150-dən çox iştirakçı qatılıb.

Konqresin açılış mərasimində çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının icraçı direktoru Valentina Luçetti bildirib ki, tədbir dünyanın yeni nəsil kosmik sə­naye mütəxəssisləri üçün katalizator ro­lunu vurğulamaq məqsədi daşıyır. İcraçı direktor “Bəşəriyyəti ruhlandırmaq, bir­ləşdirmək və dəstəkləmək üçün kosmik icma yaratmaq” mövzusu ilə kosmosun Yer üzündə tərəqqinin və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamağa və qlobal problemlə­rin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində, bütün dünyada so­sial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nü­mayiş etdirməyə çalışdıqlarını diqqətə çatdırıb. 

Kosmik Nəsil Konqresinin tələbələri və gənc mütəxəssisləri müxtəlif mədə­niyyətlər, iş təcrübələri ilə birləşdirmək, ünsiyyət, əməkdaşlıq və fikirlərini bö­lüşmək üçün bir platforma rolunu oyna­mağa xidmət etdiyini bildirən Valentina Luçetti daha sonra deyib ki, kosmik sek­torun təkamülü haqqında düşünərkən aydın olur ki, uzun müddətdir mövcud olan kosmik agentliklər dərin tarixi və mədəni əhəmiyyətə malik olan öz ölkələrinin kosmik təşəbbüslərinə rəh­bərlik etməkdə danılmaz rol oynayıblar. “Özəl sektorun kosmik fəaliyyətlərdə ar­tan iştirakı və kosmonavtika ilə məşğul olan yeni ölkələrin meydana çıxması ilə kosmik sektor hazırda yaxın onilliklər ər­zində qarşıya qoyulan məqsədlərə çat­maq üçün birlikdə işləməli olan müxtəlif iştirakçıların geniş və mürəkkəb ekosis­teminə çevrilir”,–deyə o əlavə edib. 

Yeri gəlmişkən, ölkəmiz 21-ci Kos­mik Nəsil Konqresində böyük nümayən­də heyəti ilə təmsil olunur. Dünyada sayı məhdud olan kosmik ölkələr arasında Azərbaycanın xüsusi yer tutduğunu bil­dirən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, Kos­mik Nəsil Məşvərət Şurası kosmosla və kosmik elmlə maraqlanan gənclərin bir araya gəldiyi mühüm platformadır.

Onun sözlərinə görə, üç gün davam edəcək konqresdə gənclərin kosmos sahəsində istər elmi, kosmik, startap­lar, kosmosda dövlət, özəl, o cümlədən elmi qurumların tərəfdaşlığı ilə bağlı müzakirələr aparılacaq. Tədbir iştirak­çıları arasında Azərbaycandan çoxsaylı gənclərin olduğunu vurğulayan S.Əsə­dov deyib ki, onlar dünyanın aparıcı universitetlərində kosmik sahədə təhsil alan yaşıdları ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq imkanı qazana­caqlar. Gənclərimizin həm təhsil, həm də biznes sahələrində gələcək karye­ralarını müzakirə edəcəklərini vurğu­layan “Azərkosmos” rəhbəri, həmçinin 21-ci Kosmik Nəsil Konqresinin Azər­baycanın kosmik sahədə yeni gənclərə və tələbələrə böyük dəstək olacağına ümidvar olduğunu bildirib. 

Kosmik Nəsil Məşvərət Şurasının həmsədri Antonino Salmeri isə Bakıda jurnalistlərə açıqlamasında qurumun hər il öz Kosmik Nəsil Konqresini ke­çirdiyini bildirib. O deyib ki, Kosmik Nə­sil Məşvərət Şurasının əsas məqsədi bəşəriyyət naminə kosmik sahənin öy­rənilməsi, təbliğ olunmasında gənclərin fikirlərini, səylərini təmsil etməkdir. “Bi­zim təşkilat gənclərdən ibarət dünyanın ən böyük şəbəkəsidir. Bizim qurum tələ­bələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir. Əsasən kosmik mövzuda, Ay səthinin araşdırılması, kosmik da­yanıqlılıq, iqlim dəyişikliyi kimi müxtəlif mövzularda araşdırmalara dəstək veri­rik. Biz BMT-nin kosmosun sülh naminə araşdırılması üzrə daimi komitənin üz­vüyük”, – deyə həmsədr əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Astronav­tika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Bey­nəlxalq Astronavtika Federasiyası milli cəmiyyətinin üzvlərindən birinin evsa­hibliyi etdiyi ənənəvi illik konqresdir. Beynəlxalq Astronavtika Federasiyası isə 1951-ci ildə yaradılmış qeyri-kom­mersiya, qeyri-hökumət təşkilatıdır. 

Bu mötəbər tədbir ilk dəfə 1950-ci il 30 sentyabr – 2 oktyabr tarixində Fran­sanın paytaxtı Paris şəhərində keçirilib. Sözügedən tədbirə ən çox evsahibliyi edən ölkə Amerika Birləşmiş Ştatla­rı olub. Ötən müddətdə keçirilmiş 73 tədbirin 6-sı məhz bu ölkədə baş tu­tub. Azərbaycan isə belə mötəbər təd­birə ikinci dəfə evsahibliyi edəcək. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, keçmiş SSRİ-nin yalnız bircə dəfə ev­sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresi də düz 50 il əvvəl – 1973-cü il 7-13 oktyabr tarixində məhz Bakı şəhərində keçirilib. Yarım əsrdən sonra Azərbaycan paytaxtının yenidən belə bir mötəbər beynəlxalq tədbirə evsahib­liyi edəcəyi isə, həqiqətən də, qürurve­ricidir. 

Mirbağır YAQUBZADƏ,
XQ

Son xəbərlər