Arzu təzə, əməl təzə – hədəf də bəlli

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Yeni reallıqlar qarşımıza daha mühüm vəzifələr qoyur 

Doğrudur, geridə qalan otuz ildə də hamı bilirdi ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional inkişafı və ikitərəfli münasibətlərdəki tərəqqini ləngidir. 2020-ci ilin payızından sonra isə artıq bütün dünya bu həqiqəti qəbul edir. Hamı etiraf edir ki, Azərbaycan ərazilərinin işğalda saxlanılması nəinki Şimal – Cənub və Şərq – Qərb istiqamətli beynəlxalq iqtisadi layihələrin, hətta, ikitərəfli əməkdaşlıqlara aid olan lokal miqyaslı layihələrin icrasına da əngəl törədirdi. Ona görə də indi beynəlxalq aləmdəki mütərəqqi qüvvələr Azərbaycanın qazandığı uğurları alqışlamaqla yanaşı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlərin açıldığını da xatırladırlar. 

Bəs yeni reallıqlar bizim qarşımızda hansı üfüqləri açır?

Birinci: Azərbaycanın əsas məqsədlərindən biri beynəlxalq nəqliyyat – logistika mərkəzlərin­dən birinə çevrilməkdir. Doğrudur, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu istiqamətdə kifayət qədər sanballı addımlar atmışlar. Ancaq Zəngə­zur dəhlizi açılmadan həmin işlə­rin yarımçıq qaldığı da məlumdur. Həmin dəhlizin açılmasına isə öz himayədarları hesabına hege­monluq etmək istəyən Ermənis­tan mane olur. Odur ki, 44 gün­lük İkinci Qarabağ müharibəsinin nəticələri Zəngəzur dəhlizinin reallaşdırılmasına mühüm zəmin yaratmışdır. 

İkinci: Beynəlxalq aləmdə da­vam edən ictimai-siyasi proseslər çox ciddi şəkildə qütbləşmə ten­densiyasının yaranmasına səbəb olmuşdur. Əslində qütbləşmə­ni tənqid etmək istəmirik. Çünki Azərbaycanın özü də dünyada gedən qütbləşmələrin nəticələrini görüb. Yəni, İkinci Qarabağ mü­haribəsinin getdiyi günlərdə bə­dxahlarımız mötəbər beynəlxalq təşkilatlarda anti-Azərbaycan məzmunlu sənədlərin qəbul edil­məsinə çalışanda bizim də daxil olduğumuz qütbün – Qoşulmama Hərəkatının təmsilçiləri ölkəmizin maraqlarını ciddi şəkildə qorumuş və istəklərinə nail olmuşdular. Bu faktdır. 

O da faktdır ki, rəsmi Bakı­nın əsas məqsədlərindən biri də tarixi, siyasi, mədəni və mənəvi baxımdan tamamilə mütəşək­kil olan Türk dünyasının coğrafi baxımdan da birləşməsinə nail olmaqdır. Bu isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yollarının açılması ilə mümkündür. Bizim yaratdığımız yeni reallıqlar həmin məsələnin həllini də yaxın­laşdırır. Bir çox siyasi dairələr bu faktı Turan birliyinin yaradılması kimi qiymətləndirir və hürkürlər. Ancaq nə desələr, neyləsələr də, həmin həqiqətlə razılaşmalı ola­caqlar. Artıq bir çox bədxahlarımız etiraf edirlər ki, dünyanın siyası xəritəsində Turanın addım səsləri eşidilməkdədir. 

Yeri gəlmişkən, dövlət baş­çımız ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında xatırlatmışdır ki, Türk dünyası 200 milyondan çox insa­nın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi po­tensiala, enerji resurslarına, nəq­liyyat yollarına və müasir hərbi imkanlara malikdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bun­dan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transfor­masiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Üçüncü: Azərbaycanın qar­şısında duran əsas hədəflərdən biri də ölkəmizdən kənarda yaşa­yan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində lazımi addımlar atılmasıdır. Dövlət baş­çımız xatırladır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərin­dən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təş­kilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onla­rın assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çər­çivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Dördüncü: Azərbaycanın sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirlərindən təşvişə düşən Fransa rəhbərliyi dərhal bu məsələnin BMT sə­viyyəsində müzakirəyə çıxarıl­masına nail oldu. Həmin müza­kirələrdə çıxış edənlərin böyük əksəriyyəti “xristian klubu” təmsil­çisi kimi danışdı və açıq-açığına səlibçi mövqeyi nümayiş etdirdi. O zaman azərbaycanlı ekspert­lər “İlham Əliyevin İslam dünyası ilə əməkdaşlığı genişləndirmək siyasəti necə də uzaqgörənliklə atılmış addımlardır” – deyə məm­nunluq ifadə etdilər. Yəni Azər­baycanın qarşısında duran növ­bəti yeni hədəf İslam ölkələri ilə dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da geniş­ləndirilməsidir. 

Beşinci: Əsas hədəflərdən biri də ölkənin bütün ərazilərində suverenliyimizin təmin edilməsin­dən sonra Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın reinteqrasiyasına nail olmaqdır. Bəlkə də kimsə deyə bilər ki, ən əvvəl bu hədəf barədə söz açıl­malıydı. Doğrudur. Ancaq o da doğrudur ki, biz dəfələrlə demi­şik, kim Azərbaycan qanunları ilə yaşamaq istəyirsə, ölkəmizdəki digər azsaylı xalqların təmsilçiləri­nin istifadə etdiyi bütün hüquqlar­dan bəhrələnəcəklər. Kim Azər­baycan Bayrağı altında yaşamaq istəmirsə, ona yol açıqdır, istədiyi ölkəyə gedə bilər. Yəni biz kiməsə məcbur etməyəcəyik ki, gəl, Azər­baycan pasportu al, bizim qa­nunlarımıza tabe ol. Odur ki, bu istiqamətdəki fəaliyyətimizi hələki humanitar yardımlar göstərilməsi ilə davam etdiririk. 

Altıncı: Bu gün bizim əsas hədəflərimizdən biri də işğaldan azad edilmiş bütün ərazilərimizin ən müasir dünya standartları sə­viyyəsində bərpası və tamamilə yenidən qurulmasıdır. 

Dövlət başçımızın bu il iyulun 21-də “4-cü Sənaye İnqilabı döv­ründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində beynəlxalq beyin mərkəzlərinin və mətbuat təmsilçilərinin suallarını cavablan­dırarkən dediyi kimi, bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var: “Bu miq­yasda layihələri iki il yarım ərzin­də həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər geniş­miqyaslı işlər görüləcək, özü də böyük ərazidə – 10 min kvadrat­kilometri əhatə edən ərazidə dur­madan gecə-gündüz işlər gedir. Azərbaycan ictimaiyyəti də vaxtaşırı məlumatlandırılır, həm plan­lar haqqında, həm də görülmüş işlər haqqında. Şəhərlərin baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Şəhər­lərin bərpasının təməlqoyma mə­rasimini də mən keçmiş köçkün­lərlə birlikdə həyata keçirmişəm. Yəni, biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsunlar və buna doğru gedirik və gedəcəyik”.

Siyasət