Var️danyanı həbs edən Azərbaycan, söyülən isə Ermənistandır
Ermənilərin və ermənipərəstlərin “DQR”-in keçmiş “dövlət naziri”, milyarder Ruben Vardanyanın Azərbaycanın Laçın nəzarət-buraxılış məntəqəsində həbsi (onlar bunu oğurlanma kimi hallandırırlar) ilə bağlı maraqlı, bir çox hallarda gülüş doğuran reaksiyaları yayılmaqdadır. Rusiyanın məlum rəsmi təbliğatçılarının səhifələrinə nəzər yetirmək kifayətdir ki, “Vardanyan ajiotajı”nın miqyası və xarakteri barədə aydın təsəvvür yaransın.
Əvvəlcə diqqəti cəlb edən medial-spektral təmayül ondan ibarətdir ki, paylaşımlarda Vardanyanın keçən il Rusiya pasportundan imtina edərək, yaşamaq üçün “Dağlıq Qarabağa” getmək qərarını özünün verdiyi qeyd olunur. Sərvəti milyard dollarla ölçülən bu erməni əsilli rusiyalı “iş adamının” qərarının motivləri barədə məşhur Marqonun (Marqarita Simonyan) gəldiyi gənaətə diqqət yetirək:
“On illər ərzində özünə böyük kapital toplayan, xaricdə nüfuzlu və zəngin dostlara malik, müxtəlif festivallarda gur alqışlara “qonaq edilən” Vardanyanın həyatında erməni xalqının milli maraqlarından savayı maraqlı heç nə qalmamışdı...” – yazan Simonyanı bundan daha çox Rubenin Rusiya vətəndaşlığından imtinası hiddətləndirir. Hə də, əgər belə etməsəydi, indi Marqonun qulluğunda canla-başla durduğu siyasi Kreml “yerli milyarderini” darda qoymazdı.
Simonyanın yaxın rəfiqələrindən biri, Tina Kandelaki “X”-də belə yazır: “Dostlar, mənim yaxın dostumu, Dağlıq Qarabağın (?) sabiq dövlət naziri (?) Ruben Vardanyanı Azərbaycan hərbçiləri həbs ediblər. İndi Vardanyanın həyat yoldaşı onunla birlikdə dua etməyimi xahiş edir”. Tanrıya dua etmək məsələsinə qarışa bilmərik, amma bu paylaşıma yazılan şərhlərdə və reaksiyalarda əsl bayram əhval-ruhiyyəsi hiss olunmaqdadır.
* * *
Qabrielyanov soyadlı birisinin məlum hadisəyə münasibəti isə, yəqin, erməniəsilli izləyiciləri “dərin düşüncələrə” qərq edib: “Ruben Vardanyanı həbs ediblər, Samvel Babayanı isə böyük məmnuniyyətlə buraxıblar. Paşinyanın dövləti cinayətkar olduğunu və İlham Əliyevin çaldığına oynadığını göstərmək üçün sizə daha hansı sübutlar lazımdır?”. O, şərhinin sonunda Vardanyanla yanaşı, Babayanın da həbs olunmadığına görə “qanının qaraldığını” vurğulayır.
Həbs hadisəsi ətrafında “dərin və hərtərəfli təhlil” aparan Rıbar belə bir məntiqi nəticəyə gəlir ki, ümumiyyətlə, Vardanyanın birmənalı şəkildə rusiyapərəst mövqedə dayandığı barədə danışmağa dəyməz. Onun fikrincə, “Bakıda kimsə Vardanı oğurlamaqla (?) (həbs etməklə - red.) hadisə ilə bağlı Moskvanın mümkün reaksiyasına ciddi ümidlər bəsləyib və bu, özlüyündə daha çox nümayişkaranə şəkildə peysərə vurulan silləyə bənzəyir. “Amma yeri gəlmişkən onu da yada salaq ki, formal olaraq Azərbaycan Rusiya tərəfinə heç nə irəli sürə bilməz. Ona görə ki, il yarımdır ki, Ruben Vardanyan Rusiya vətəndaşı deyil. Hə, böyük ehtimalla son nəticədə Vardanyanı buraxacaqlar. Burada Azərbaycan hakimiyyəti üçün əsas və vacib məsələ yerli əhaliyə və beynəlxalq ictimaiyyətə onu göstərməkdir ki, Artsaxın (?) bütün keçmiş funksionerləri, statuslarından asılı olmayaraq, məsuliyyətə cəlb ediləcəklər”, – Rıbar yazıb. Əlbəttə, maraqlı olduğu qədər də yanlış ehtimaldır. Bakının “həbs səhnələrini daxilə və xaricə nümayiş etdirməyə” ehtiyacı yoxdur. Azərbaycan sadəcə onun ərazisində onun qanunlarına zid fəaliyyət göstərən ünsürlərin layiq olduqları cəzaya çatmalarında maraqlıdır. Həmin ünsürlərin hansı ölkəyə, hansı dairələrə mənsub olmalarından asılı olmayaraq. Və törədilən cinayətə görə cəzada baiskarın statusu nəzərə alınmır. Vəssalam!
Karnauxov Vardanyanın saxlanması ilə bağlı Paşinyanın ünvanına təhqirlər yağdıran naməlum “erməni donuzunun” qeydlərini paylaşıb.
Solovyev Simonyanın yazdığını profilində yerləşdirməklə kifayətlənib. Yəni, necə deyərlər, ağrımayan başına dəsmal bağlamaq istəməyib.
Bütün bu paylaşımlarda, şərhlərdə diqqəti ən çox çəkən bilirsiniz nədir? “Qanunsuz sərhəd postunda” erməni biznesmeni “oğurlayan” Azərbaycanın ünvanına senzuradan kənar bir kəlmənin belə olmaması. Buna heç bir platformada rast gəlmədik! Mətnlərin hamısı ya quruca xəbərdən, ya da Ermənistanın ünvanına hətta yazılması mümkün olmayan təhqiramiz ifadələrdən ibarətdir.
Kremlə yaxın media “carçılarının” bir qismi susur. Bu isə o deməkdir ki, “Ermənistanın ünvanına yeni ittihamlar yağdırmaq üçün düzgün tezislər üzrə təlimat” hələ dövriyəyə daxil olmayıb. Deməli, “Vardanyan media-tamaşası”nın ikinci hissəsi irəlidədir.
İ.HƏSƏNQALA
XQ