Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır sentyabrın 9-da saat 14:30 radələrində Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, hazırda həmin yük maşını Samur–Bakı, Bakı–Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.
***
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam–Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar.
XQ xəbər verir ki, bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam–Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da həmin yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.

