İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink ilə görüşüb.
Nazirlikdən XQ-yə bildirilib ki, görüşdə bankla əlaqələrin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.
XQ