Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. Müvafiq qurumların, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları həmin ərazidə zəruri təhqiqat aparıblar.
Son 2 həftədə aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. 1993–1995-ci illərdə Şuşa həbsxanasında ermənilərin işgəncələrinə məruz qalmış Həbib Kazımov bildirib ki, Şuşa şəhərindəki həbsxanada aşkar edilən kütləvi məzarlıqdakı skeletlər işgəncələrlə öldürülən əsirlərə aiddir:
– O zaman əsirləri aparır və geri gətirmirdilər. İndi bilirik ki, həmin əsirləri öldürüb buradakı məzarlıqda basdırıblar. Əsirlərə çox əzablar verirdilər. Bizi dəmirlə, odunla döyürdülər. Şəxsən məni də dəfələrlə döyərək koma vəziyyətinə salıblar. Öldürdükləri əsirləri donuzlara yedirdirdilər. Bir dəfə əsirlərdən birini asmışdılar. Donuzlar onun cəsədini ağızları çatan yerə qədər yemişdilər. Əsirlərin üzərinə it salırdılar.
Başı müsibətlər çəkmiş soydaşımız 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunan zaman başından yaralanaraq huşsuz halda əsir düşüb. Şuşa həbsxanasına gətirilən Həbib burada olmazın işgəncələrin, qeyri-insani davranışların şahidi olub: “Əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Hər bir vəhşiliyin şahidi olmuşam. 30 il keçməsinə baxmayaraq, əsirlikdəki əzabları, işgəncələri unuda bilmirəm”.
Türkiyə Respublikasından gəlmiş bir qrup media nümayəndəsi Şuşa şəhərində olublar. Onlar erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Şuşa şəhərindəki həbsxanada azərbaycanlıları kütləvi basdırdıqları məzarlığa baş çəkiblər.
Xatırladaq ki, bu ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanmışdı. İşğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Kəlbəcərin Başlıbel kəndlərində və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.
“Xalq qəzeti”

