Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı açıqlamasında bildirib:
– Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində bu gün növbəti dəfə kütləvi məzarlıq aşkarlanıb. Aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb.
Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub.
Açıqlamanın davamında bildirilir ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə də təsdiqlənib: “Ümumilikdə, azad edilmiş ərazilərimizdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxıb, 500-ə yaxın insan qalıqları tapılıb. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir”.
“Xalq qəzeti”

