Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində müzakirələr dünən “Xalq diplomatiyası” mövzusunda panellə davam edib.
ADA Universitetinin kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva düşərgə iştirakçılarına dövlətlərarası münasibətlərin inkişafında və münaqişələrin həllində xalq diplomatiyasının rolundan danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Düşərgədə növbəti panel “Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri” mövzusuna həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən müzakirədə Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Heydər Əliyevin mədəniyyət diplomatiyası”, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “Azərbaycanın Avropa Şurasına üzvlüyü ulu öndər Heydər Əliyevin siyasi mirasıdır” və Xarici İşlər Nazirliyinin linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev “Postmünaqişə dövründə yeni geosiyasi reallıqlar” mövzularında çıxış ediblər.
Debat şəklində davam edən panel zamanı düşərgə iştirakçıları xarici siyasət və geopolitika ilə bağlı onları maraqlandıran məsələlərə peşəkar diplomatların münasibətini öyrəniblər.
***
Diaspor gəncləri Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etirazlarını bildiriblər.
Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.
S.HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan

