Heydər Əliyev iki xalqın dostluğuna böyük əhəmiyyət verirdi
Azərbaycan 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyini bərpa etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşıyıb. Çünki həmin dövrdəki Azərbaycan rəhbərliklərinin xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçiliyi və bacarıqsızlığı cəmiyyətdə siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırdı, daxili çəkişmələr və separatçı meyillərin güclənməsi üçün zəmin yaratdı. Ölkəmiz xarici aləmdən tədric olunmuş, beynəlxalq mövqeyi zəif olan dövlətə çevrildi. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət gedə bilməzdi. Ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Uğursuz siyasət nəticəsində iqtisadiyyat çökmüş, dövlət qurumları, ictimai təsisatlar tənəzzülə uğramış, respublika idarəetmə qabiliyyətini itirmişdi.
Azərbaycanı bu çətin vəziyyətdən ümummilli lider Heydər Əliyev xilas etdi. O, 1993-cü ilin ortalarında hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan Respublikasının hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq normalara və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsinə, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı. Azərbaycanın dövlət siyasəti güclü iqtisadiyyata söykənən müstəqil və qüdrətli dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə arxalanan, fəal və aydın sosial siyasət yeridən unitar, demokratik dövlət qurulmasına, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına, mövqeyinin möhkəmləndirilməsinə yönəldildi.
Xarici siyasətinin əsasında, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin ərazi bütövlüyünə hörmət, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın yaradılması kimi prinsiplər dayanırdı. Bu prinsiplərə uyğun olaraq, dünya dövlətləri, o cümlədən Gürcüstanla əlaqələr genişləndi. Gürcüstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verdi. Qonşu dövlətlər arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılsa da, ilk dövrlərdə ölkələrimizin münasibətlərində bir sərinlik var idi. Bu dövr 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edirdi. Z.Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi digər millətlərə qarşı ayrı-seçkiliyi gücləndirmişdi. O zaman azərbaycanlıların durumu çox ağır idi, yaranan qeyri-müəyyənlikdə insanların çoxu köç etmək məcburiyyətində qaldı. Belə bir dönəmdə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Müstəqillik illərində onlar öz şəxsi dostluqlarını Azərbaycan–Gürcüstan dostluğuna çevirdilər.
Bundan başqa, hər iki ölkədə gedən proseslər, müstəqilliyin ilk illərində ərazi bütövlüyünün pozulması, separatizm halları, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər dövlətlərimiz arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardı. Bu, Azərbaycan və Gürcüstan dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb oldu. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin,1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verdi. İstər regional, istərsə də qlobal məsələlərdə hər iki dövlət həmişə eyni mövqedən çıxış etdi.
Prezident Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri isə iki tərəf arasında əlaqələrə yeni rəng qatdı. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqqında birgə bəyannamələr imzaladılar. Bu barədə Heydər Əliyev deyirdi: “Qafqaz qeyri-sabitlikdən, münaqişələrdən, bir çox millətlərarası toqquşmalardan və proseslərdən əziyyət çəkir. Ona görə də hər birimizin, xüsusən də Gürcüstan və Azərbaycan dövlət başçılarının vəzifəsi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açmaqdır”.
Hər iki xalqın qarşılıqlı təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, inkişaf və rifahı bu əməkdaşlığın əsas məqsədi idi. 1997-ci ilin fevralında Prezident Eduard Şevardnadzenin Bakıya səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılması isə ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı genişləndirdi. Ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrdə canlanma yarandı.
Hər iki liderin rəhbərliyi ilə ölkələrimiz arasında xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıldı və bu çox uğurlu təşəbbüs idi. BMT, Avropa Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində Azərbaycan və Gürcüstan bir-birinə dəstək verdi. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü məsələsində rəsmi Bakı birmənalı şəkildə Tbilisinin mövqeyini dəstəklədi. Qeyd edək ki, Gürcüstanın ərazi bütövlüyü Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib.
Gürcüstan da Azərbaycana qarşı eyni addımı atdı. Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində çox önəmli yer tuturdu. Bu baxımdan ümummilli liderin rəhbərliyi ilə respublikamız iştirakçısı olduğu bütün çoxtərəfli və ikitərəfli platformalardan Qarabağla bağlı haqlı mövqeyni dünyaya çatdırdı. BMT, İƏT, AŞPA, Aİ, NATO və digər mötəbər qurumlarda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını dəstəkləyən qətnamələr, bəyannamələr qəbul olundu, mövqe ortaya qoyuldu. Xüsusilə qeyd etməliyik ki, Gürcüstan hər zaman bu istiqamətdə Azərbaycanı dəstəklədi. Bunlar ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərdi, regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq yaratmaqla yanaşı, onların dünyada mövqeyini möhkəmləndirdi, iqtisadi inkişafa da təkan verdi.
İqtisadi əməkdaşlığın uğurlu nəticələri
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkələrimizin həyatında iqtisadi uğurların əsasını qoydu. Bu strategiya özündə xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsini birləşdirirdi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Əsrin müqaviləsi”) imzalandı. Bu müqavilənin imzalanmasından sonra Azərbaycan öz enerji təhlükəsizliyini təmin edərək, sonradan Gürcüstan və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış etməyə başladı.
Əvvəlcə Azərbaycan nefti xarici bazara yalnız Bakı–Novorossiysk neft kəmərləri ilə çıxarıldı. Sonradan Bakı–Supsa kəməri gündəmə gəldi. Bunun da səbəbləri vardı. İstisna edilmirdi ki, gələcəkdə Rusiya Bakı–Novorossiysk kəmərindən Azərbaycana təzyiq kimi istifadə edə bilərdi. İkincisi, Şimali Qafqazda gərginlik vardı, döyüşlər gedirdi. Üçüncü tərəfdən, Şimal marşrutu ilə Azərbaycan neftinin nəqli zamanı ona daha keyfiyyətsiz Rusiya nefti qarışırdı.
Neft marşrutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyev davamlı təzyiqlərə baxmayaraq, müdrik və uzaqgörən qərar qəbul etdi.
1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. Bu barədə Ümummilli lider deyirdi: “1997-ci ilin noyabrında biz "Çıraq" yatağından ilk nefti çıxardıq və onu Bakı–Novorossiysk neft kəməri ilə nəql etməyə başladıq. Bu neft kəməri Rusiya Federasiyası ilə Azərbaycan arasında imzalanmış müqavilə əsasında xüsusi olaraq, bunun üçün çəkilmişdi. Lakin biz hələ onda, neftin dünya bazarlarına ixracı marşrutlarını planlaşdırdığımız vaxtlarda Qərb marşrutu üzrə alternativ neft kəmərinə malik olmağı lazım bildik. Açığını deyim ki, bu, bəzi dairələrdə, bəzi ölkələrdə böyük narazılıqla, etirazla qarşılandı. Amma biz öz istədiyimizə nail olduq – Gürcüstan ilə Azərbaycan arasında saziş imzalayaraq Bakı–Supsa neft kəmərini layihələşdirməyə başladıq və boru kəmərinin praktiki surətdə inşası üçün işləri təşkil etdik”.
Beləliklə, Heydər Əliyevin böyük əzmkarlığı nəticəsində ikinci neft kəməri də istismara verildi. 1999-cu il aprelin 17-də Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı–Supsa neft kəmərinin və terminalının təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verdi. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azeri light" markası ilə dünya bazarına çıxarılması və neft nəqlinin ucuz başa gəlməsi idi. Xatırladaq ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67, Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlirdi.
Bakı–Supsa neft kəməri Gürcüstan ilə Azərbaycan arasında dostluğa, əməkdaşlığa parlaq misaldır. Heydər Əliyev deyirdi: “Biz bu dostluğu qoruyur və yeni şəraitdə inkişaf etdirir, genişləndiririk. Bütün bu işlər, indiki halda Bakı–Supsa neft kəməri Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfədir... Qafqaz ölkələri ilə regionumuzu əhatə edən ölkələr arasında ən yaxşı və mehriban münasibətlər yaratmalıyıq. Bununla əlaqədar Bakı – Supsa neft kəməri regionumuzda sabitliyin, sülhün böyük amilidir”.
Şübhəsiz ki, Bakı–Supsa neft kəmərinin Gürcüstan üçün də siyasi, sosial- iqtisadi əhəmiyyəti vardı. Çünki Gürcüstan tranzit ölkə kimi böyük gəlir əldə etməklə yanaşı, yeni iş yerlərinin açılması ilə işsizliyin qismən aradan qaldırılmasını təmin edir, siyasi mövqeyini möhkəmləndirirdi.
Gələcəyə hesablanmış siyasət
Xarici şirkətlərlə birlikdə hasil olunan neft və qazın ixracını təmin etmək üçün isə çoxvariantlı boru nəqliyyat infrastrukturuna ehtiyac vardı. Çünki neft hasilatı artırdı. “Çıraq” platformasından neft çıxarıldıqdan sonra, qarşıda "Azəri", "Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı–Novorossiysk və Bakı–Supsa ixrac sistemlərinin yenidən qurulmasına baxmayaraq, onların gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, Bakı–Tbilisi –Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi. Bu barədə Heydər Əliyev deyirdi: “İndi Bakı–Tbilisi–Ceyhan magistralının növbəsi gəlib çatıb. Bizi çox maneələr gözləyir. Bəziləri düşünür ki, bu magistral məqsədəuyğun deyildir, digərlərinin fikrincə, ona ehtiyac yoxdur, üçüncülər isə ümumiyyətlə hədə-qorxu gəlirlər. Amma mən inanıram ki, bu layihə də həyata keçiriləcək, çünki təkcə Azərbaycan sektorundakı olduqca böyük neft ehtiyatları var. Mən hələ Qazaxıstan və Türkmənistanın ehtiyatlarını demirəm”.
Doğrudan da bu kəmərin tikintisinə ciddi maneələr oldu. Kəmərin doldurulması üçün neftin az olduğu barədə Rusiya və İrandan müxtəlif fikirlər səsləndirildi. Bu, azmış kimi, Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə qarşı 9 fevral 1998-ci ildə sui-qəsd törədildi. 1998-ci ilin oktyabrında isə prezident Eduard Şevardnadze hökumətinə qarşı podpolkovnik Akaki Eliavanın rəhbərliyi ilə qiyam qaldırıldı. Bunların arxasında neft kəmərinin Gürcüstan ərazisindən keçməsini istəməyən qüvvələr dayanırdı. Bunu həmin dövrdə Gürcüstan Prezidenti olmuş Eduard Şevardnadze mətbuata verdiyi müsahibədə də təsdiqləyirdi. “Əlbəttə, biz hər üçümüz (Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri) olduqca həmrəy, həmahəng bir iş qurmuşduq. Hər hansı bir iş barədə Süleyman Dəmirəl soruşardı ki, bununla bağlı Əliyev nə düşünür, Şevardnadze nə düşünür. Biz üçümüz də bir-birimizin rəyini mütləq öyrənirdik.
İstəyirəm ki, layihələr məsələsinə qayıdaq. Artıq təsdiq olundu ki, Xəzər dənizində külli miqdarda neft və qaz ehtiyatları var. Türkiyə maraqlı idi ki, bu ehtiyatlar Qərbə–Avropaya Azərbaycan–Gürcüstan–Türkiyə vasitəsilə çıxsın. Eyni zamanda Rusiya maraqlı idi ki, bu ehtiyatların ötürülməsi üçün şimal marşrutu təsdiq olunsun.” E. Şevardnadze əlavə edir ki, məlum olduğu kimi, o zaman mənə qarşı sui-qəsd təşkil edildi. Səhəri gün Svanetiyada tədbir keçirirdim. Bir də dedilər ki, Boris Yeltsin məni telefonla arayır. O, məni sağ qalmağım münasibətilə təbrik etdi və dedi: “Amma bir məsələni də qeyd etmək istəyirəm: Siz Xəzər dənizinin neft və qaz məsələlərindən əl çəkməlisiniz”. Mən Yeltsinə cavabımda dedim: “Təəssüflər olsun ki, Gürcüstanın nə nefti var, nə də qazı. Neft də, qaz da Azərbaycanındır. Neftin-qazın hansı istiqamətdə axıdılması məsələsi də onun işidir... Mən əminəm ki, Heydər Əliyevə də bir dəfə deyil, bir neçə dəfə belə zənglər olmuşdu ki, neft və qaz şimal marşrutu ilə nəql olunsun. Amma o, əlindən gələni etdi, məhz Qərb marşrutu qələbə çaldı. Bu məsələdə Amerikanın o zamankı Prezidenti Bill Klintonun da çox böyük yardımları oldu. Biz Cenevrədə əsas müqaviləyə imza atanda görün kimlər iştirak edirdi: Heydər Əliyev (əsas təşəbbüskar və əsərin müəllifi kimi), Bill Klinton, Süleyman Dəmirəl və mən. Neft kəmərinin istiqaməti strateji baxımdan çox önəmlidir, əlbəttə, böyük əhəmiyyət kəsb edir. Amma tariflər məsələsi də olduqca əhəmiyyətli idi. Elə tariflər ola bilərdi ki, dövlət uda, elə tariflər ola bilərdi ki, uduza bilərdi. Məhz Heydər Əliyevə görə elə tariflər tətbiq edildi ki, Gürcüstan yalnız uda bilərdi.
Məhz Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində layihə uğurla reallaşdı. Bu, hər iki dövlətə – həm Azərbaycana, həm də Gürcüstana böyük uğurlar gətirdi. Ən əvvəl, Qərb neft kəməri (BTC) bütün dünyaya göstərdi ki, suveren dövlətlər kimi Azərbaycan və Gürcüstan, heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatırlar. Bu, çox böyük siyasi əhəmiyyət kəsb edir, imkanları nümayiş etdirir və bunu təsdiqləyir ki, hərbi münaqişələrlə əlaqədar Azərbaycanda və Gürcüstanda, bütövlükdə, Qafqazda vəziyyətin ağır olmasına baxmayaraq, onlar müstəqil dövlətlərdir, yaşayır, yaradır, uğurlar qazanır, planlarını həyata keçirirlər. Bu, ən başlıcasıdır! Bundan başqa, Milli Neft Strategiyası Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyinin möhkəmlənməsinə, çoxmilyardlı xarici investisiya axınına, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı.
Neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, bu əməliyyatlarda müasir texnika və texnologiyanın tətbiqi nəticəsində isə 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. 2001-ci il sentyabrın 29-da Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair” Azərbaycan və Gürcüstan respublikaları arasında saziş imzalandı.
Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirildi. Bakı–Tbilisi–Ceyhan neft boru və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri istismara verildi. Nəticədə, Azərbaycan Gürcüstanla əməkdaşlığı sayəsində enerji, neft və qaz potensialının şaxələndirilməsi məsələlərini tam şəkildə həll edə bildi. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələ idi.
Bundan başqa, Azərbaycan hər zaman, qardaş Gürcüstanın üzləşdiyi çətinliklərin həll olunmasında qətiyyətli və cəsarətli siyasət nümayiş etdirir.
Azər SÜLEYMANOV,
Gürcüstan parlamentinin sabiq deputatı


