8 ayda ölkədə 70 milyard 372 milyon manatlıq ÜDM istehsal olunub
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən mükəmməl islahatlar konsepsiyası sayəsində ölkəmiz iqtisadi tərəqqiyə nail olub. Azərbaycan dünya birliyində mövqeyini köklü surətdə möhkəmləndirib, bununla da inkişaf etmiş güclü dövlətlər sırasında yer almağa zəmin yaradıb. Dövlətimizin başçısının yürütdüyü uğurlu, qətiyyətli siyasət, gerçəkləşdirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha uca zirvələrə qalxmasını reallaşdırıb.
Respublikamız bu gün 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsini yaşayır. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaq, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Bütün bu vəzifələr isə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz aydın ifadəsini tapıb. Məsələn, sənəddə 2026-cı ilin sonuna kimi iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşdırılması, xüsusilə prioritet sahələrdə artım templərinin sürətləndirilməsi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da gücləndirilməsi mühüm məqsədlər sırasında yer alıb.
Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə isə son 10 ildə gerçəkləşdirilən genişmiqyaslı islahatların uğurlu nəticələri əsaslı təsir göstərib. Belə ki, bu müddətdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi sayəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz ümumi daxili məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz yüksəlməsinə nail olunub.
Həyata keçirilən köklü struktur–institusional islahatlar nəticəsində millii qtisadiyyatın strukturu dəyişib, qeyri–neft sektorunun payı xeyli yüksəlib. 2012‒2021-ci illərdə qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ildə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı isə 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb.
ÜDM-lə bağlı yüksək dinamika bu ilin ötən aylarında da diqqət çəkib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin 8 ayında ölkədə 70 milyard 372 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ÜDM istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4 faiz artıb. ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət, 6,1 faizi nəqliyyat, 6 faizi kənd təsərrüfatı, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6 milyon 938 manata bərabər olub.
Yeri gəlmişkən, Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatında Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Həmin sənəddə bu il Azərbaycan iqtisadiyyatında artımın dünya ilə müqayisədə 1,1 faiz, Avropa və Mərkəzi Asiya (ECA) regionu ilə müqayisədə isə 2,7 faiz daha yüksək olacağı gözlənilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2022-ci ilin iyun ayı proqnozlarından faiz bəndi ilə müqayisədə Azərbaycan 2023-cü il üzrə bütövlükdə ECA regionunda real ÜDM-də müsbət artım göstərməsi proqnozlaşdırılan 4 ölkədən biridir.
Yuxarıda qeyd etdik ki, cari ilin yanvar–iyul aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,4 faiz artıb. Hesabat dövründə ÜDM-in artımını qeyri-neft-qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri-neft-qaz sektoru və qeyri-neft-qaz idxalı təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
Onu da qeyd edək ki, ekspertlər tərəfindən qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payının Azərbaycanın ən yaxın tarixində maksimuma çatacağı bildirilir. Məsələn, “Qazprombank”ın nümayəndəsi Gülnarə Xaydarşina Qarabağda yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempi saxlanılmaqla 2024-cü ilə qədər onun ÜDM-də payının 70 faizə yaxınlaşacağı vurğulayır. O, eyni zamanda, bu göstəricinin Azərbaycanın ən yeni tarixindəki maksimum səviyyəyə uyğun olacağını diqqətə çatdırır.
Bu məqamda onu da qeyd edək ki, 2026-cı ilə qədər Qarabağda layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18 faizi) sərmayə qoyulması planlaşdırılır, xarici investorlar (o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Böyük Britaniya və Rusiya) fəal şəkildə cəlb olunur.
İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına, habelə ixracına yönələn yeni sənaye və iqtisadi zonaların yaradılması istiqamətində həyata keçirilən uğurlu layihələr də ÜDM istehsalının artmasında önəmli rol oynayır.
Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq da böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.
Nihat ƏLİYEV,
iqtisadçı-ekspert
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal edildiyi halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın indiki həssas dövründə qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin ilk yarısında 6,5 faiz artıb. Ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.
Təbii ki, qeyri-neft sektorunun inkişafında şaxələndirmə siyasəti ilə yanaşı, ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu önəmli sənəd ənənəvi sənaye sahələri ilə yanaşı, iqtisadiyyatımız üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını da sürətləndirib. Nəticədə respublikamızın ixrac qabiliyyəti davamlı şəkildə güclənib, idxalı əvəz edən məhsulların istehsalının artırılması reallaşıb.
Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Məsələn, indiyədək mövcud sahədə 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac edilib. Cari ilin ilk yarısında isə 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb. Bugünədək sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i, yaxud 51,9 faizi istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb.
Onu da qeyd edək ki, hazırda sənaye zonaları və aqroparklarda iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaradılıb. Sənaye parklarında qeydə alınan hər bir rezident 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunub.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


