İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, qurum yanvar–iyul aylarında 1295 layihənin maliyyələşdirilməsinə 64,8 milyon manat kredit verib. Həmin güzəştli kreditlər hesabına 937 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.
Sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması vacib şərtlərdir. Ona görə də daim sahibkarların hamisi kimi qətiyyətli qərarlar qəbul edən dövlətimizin başçısının müvafiq tapşırığı əsasında həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır, dövlət strukturları, ayrı-ayrı nazirliklər fəaliyyətlərində bu məqama mühüm önəm verirlər.
“Xalq qəzeti”

