İşçi Qrupu növbəti dəfə Laçında toplanıb

post-img

Laçında işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənilib, layihələrin icrası ilə bağlı mövcud imkanlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları geniş müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi – Zəfər yolu, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 32 faiz təşkil edir”.

Nazir müavini hazırda ümumi uzunluğu 1965,5 kilometr olan 16 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb. O, həmçinin Laçın şəhərinə əhalinin böyük qayıdışına başlanması ilə əlaqədar görülən işlərdən danışıb, işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Prezident Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçinin digər iştirakçılar çıxışlarında işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin həyata keçirilməsindən, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsindən danışıblar.

Son xəbərlər