Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi şəhidinin cəsədi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

post-img

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində şəhid olmuş Həsənov Rəhman Əhliman oğlunun cəsədinin tapılması və ekshumasiya edilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlara münasibət bildirib. 

Komissiyanın məlumatında bildirilib: “Mətbuat nümayəndələrinin çoxsaylı sualları nəzərə alınaraq, Birinci Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb. Məlum olub ki, Həsənov Rəhman Əhliman oğlu 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olub və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonunun Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmayıb. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həssas xarakter daşıdığını nəzərə alaraq, itkin düşmüş şəxslər mövzusunda yoxlanılmamış məlumatların yayılmamasını xahiş edir”.

“Xalq qəzeti”

 

Son xəbərlər