Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin bildirdiyinə görə, perspektivdə tekstil fabriklərində, ümumilikdə, 4 min iş yeri yaradılacaq.
Beləliklə, işsizlik səbəbindən vaxtilə Naxçıvandan Türkiyəyə köçmək məcburiyyətində qalan və xüsusilə tekstil sahəsində işləyən minlərlə insan öz doğma yurdlarına qaytarılacaq və işlə təmin olunacaq.
Bununla yanaşı, yaxın günlərdə fəaliyyətə başlayacaq yeni duz istehsalı müəssisəsində 66, Şərur Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq yağ istehsalı zavodunda isə 100-ə yaxın yeni iş yeri yaradılacaq. Kəngərli rayonunun ərazisində Avropanın qabaqcıl şirkətləri günəş panellərinin istehsalını həyata keçirəcək müəssisə quracaq.
Nazir onu da qeyd edib ki, Türkiyə ilə sərhəd bölgədə–Şərur və Sədərək rayonları ərazisində yeni sənaye parkı salınacaq. Bütün bunlar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
“Xalq qəzeti”