Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

post-img

İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət və bölgəmizdə postmünaqişə səyləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iki ölkənin müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib. Nazir Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Azərbaycanın Ukrayna ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyini bildirib.

Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Dmitro Kuleba Azərbaycan və Ukrayna arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu istiqamətdə iki ölkənin liderləri arasında intensiv xarakter daşıyan təmasların rolunu vurğulayıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım məmnunluqla və minnətdarlıqla qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər