“Neft Daşları” qəzetinin 55 illiyi ilə bağlı bu ilin əvvəlində Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantıda Şuranın İdarə Heyətinin üzvlərinin “Neft Daşları” qəsəbəsinə səfəri ilə bağlı təşəbbüs səslənmişdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin təklifə həssas münasibət göstərib və səfər bu günlərdə gerçəkləşib.
AMŞ İdarə Heyətinin üzvlərini dünyanın səkkizinci möcüzəsi sayılan qəsəbədə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Asim Bağırov, müəssisəsinin rəhbər şəxsləri, “Neft Daşları” qəzetinin işçiləri qarşılayıblar. Qonaqlar əvvəlcə “Neft Daşları”nın keçmiş və indiki mənzərəsini əks etdirən fotostendlə və qəsəbənin məlumat lövhəsi ilə tanış olublar.
Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra jurnalistlərə ümummilli liderin şərəfinə yaradılmış muzeydə onun “Neft Daşları” ilə bağlılığını əks etdirən materiallar barədə məlumat verilib. Qəsəbə ilə tanışlığın davamında “Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 17 neftçinin və Xəzərdə həyatını itirmiş neftçilərin xatirə kompleksləri ziyarət edilib. “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış Qəhrəman Neftçilər abidəsi, dünyada açıq dənizdə qazılmış ilk quyu ilə tanışlıq da “dəmir ada” barədə təəssüratı zənginləşdirib.
Heydər Əliyev muzeyində neftçilərlə keçirilən görüşdə “Neft Daşları”nın Azərbaycanın neft sənayesində oynadığı rol, neftçilərin fədakar əməyini salnamələşdirən “Neft Daşları” qəzetinin 55 illik fəaliyyəti diqqət mərkəzində oliub. Görüşdə, eyni zamanda, “Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Ayrı-ayrı çıxışlarda səfərin təşkilinə göstərdiyi dəstəyə görə Dövlət Neft Şirkəti rəhbərliyinə təşəkkür ifadə olunub.
“Xalq qəzeti”