Topalhəsənli kənd sakini Nəcəf Yusubov leysanın yaratdığı güclü selin əraziyə hücum çəkərək yaratdığı dəhşətdən işlədiyi çayxananın dağılması timsalında söz açdı:
– Bu, sel deyildi, göydən yerə enən bir bəla idi. Qarşısına çıxan hər şeyi bürüb-büküb əzir, parçalayırdı. Mənim 57 yaşım var, hələ belə dəhşət görməmişdim. Məndən yaşlı insanlar da danışırlar ki, buna bənzər faciə Topalhəsənlidə 66 il qabaq, 1957-ci ildə olub.
– Bu dəfə hər şey birdən baş verdi. Axşam saat 8-ə işləyirdi. Selin qurbanı olan 2 nəfər də burada çay içirdi, söhbət edirdik. Özü də onları ilk dəfə idi ki, çayçıda görürdüm, təsadüfən gəlmişdilər. Birdən hay-küy qopdu. Tələsik hamımız bayıra qaçdıq. Baxdım ki, Kərəmli tərəfdən elə bir sel gəlir ki, onu sözlə ifadə etmək mümkün deyil. “Qaçın, sel gəlir”,– deyə qışqırdım. Həmin 2 nəfər isə özünü itirdi, çaş-baş qaldılar, həyacanlandılar. Nə qədər desəm də yanlarındakı dəmir çərçivədən yapışa bilmədilər və sel onları apardı. İş yerimin bu vəziyyətə düşməsi məni o qədər ağrıtmır, onu yenidən quracağam. Amma 2 nəfərin həyatını geri qaytarmaq mümkün olmayacaq.
Göygöl Rayon İcra hakimiyyəti Topalhəsənli İƏD nümayəndəsi Cavid Əliyev isə hadisəni belə şərh etdi:
– Sel saat 8-ə 15 dəqiqə işləmiş kəndi ağuşuna alıb. Yuxarıda olan Aşağı Zurnabad, Kərəmli, Şəhriyar kəndləri tərəfdən gələn sel Topalhəsənlidə daha çox fəsad törədib. Bu yerlərdə istifadə olunmayan göllərin daşması bizi belə bir faciə ilə üzləşdirdi. Rayon fövqalədə hallar komissiyasının üzvləri, bütün xidmət təşkilatlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının, mülki-müdafiə qərargahının işçiləri, məsul şəxslər dərhal hadisə yerinə gəldilər. Göygöl – Topalhəsənli magistral yolu bağlanmışdı, nəqliyyatın hərəkəti dayanmışdı. Çox keçmədi ki, yol təmizləndi, hərəkət bərpa olundu.
Öyrəndik ki, bir saata yaxın davam edən sel qaz, elektik dayaqlarına, yollara ciddi ziyan vurub. Operativ müdaxilə, kənd sakinlərinin fədakarlığı, daha çox ziyan çəkən evlərə, obyekt yiyələrinə, fərdi nəqliyyat sahiblərinə kömək nəticəsində vəziyyət nisbətən nizama salınıb. Bəzi yaşlı insanlara və uşaqlara psixoloji, mənəvi dəstək göstərilməsi, vəziyyətin tam nəzarət alınması üçün zəruri tədbirlər görülüb. Selin qurbanı olmuş 1954-cü ildə anadan olmuş Muxtar Hüseynovun və 22 yaşlı İbrahim Qurbanovun meyidləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.
Müvafiq komissiya adamlara və təsərrüfatlara dəymiş ziyanı dəqiqləşdirilir, əhaliyə yardımlar davam edir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Göygöl rayonu