Ombudsman: Ermənistan tərəfindən nifrət zəminində törədilən əməllər azərbaycanofobiya siyasətinin bariz təzahürüdür

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Səbinə Əliyeva Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Azərbaycan Dövlət Bayrağının yandırılmasına münasibət bildirib.

Bu barədə AZƏRTAC-a ombudsman Aparatından məlumat verilib.

Məlumatda deyilir: “Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır və azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən təxribat kimi qiymətləndirirəm.

Hesab edirəm ki, beynəlxalq səviyyəli idman yarışının təşkilatçısı qismində çıxış edən Ermənistan həmin yarışın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək belə bir hadisənin baş verməsinə şərait yaratdığına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.

Ermənistan tərəfindən nifrət zəminində törədilən bu və digər əməllər azərbaycanofobiya siyasətinin bariz təzahürüdür.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq müvafiq beynəlxalq təşkilatları, xüsusilə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını və Beynəlxalq Olimpiya Komitəsini törədilmiş bu vandalizm aktına ciddi reaksiya verməyə, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu əməlin törədilməsinə imkan yaratmış təşkilatçı dövlətə qarşı mövcud beynəlxalq qaydalara müvafiq olaraq qəti tədbirlər görməyə çağırıram”.

Son xəbərlər