ABŞ-da məxfi sənədləri yayan hərbçi tutulub

post-img

ABŞ-ın Federal Təhqiqat Bürosu Massaçusetsdə Milli Qvardiyanın hərbçisini Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilərək həbs edib. Ədliyyə naziri Merrik Harland bəyan edib ki, 21 yaşlı Cek Teyşeyr milli müdafiə ilə bağlı məxfi informasiyaları yaymaqda şübhəli kimi həbs edilib. Xəbəri “Euronews” verib.

Məlumata görə, sənədləri yayan kiçik onlayn oyun qrupunun rəhbəri 21 yaşlı Cek Teyşeyr olub. Həbsdən sonra onun evində axtarış aparılıb. Onu 10 il həbs cəzası gözləyir. 

Teyşeyr Massaçusetsdə Milli Qvardi­yanın kəşfiyyat qanadında xidmət edib. O, silahlara, videooyunlara həvəsi olan təxminən 20-30 nəfərin bir araya gəldiyi “Thug Shaker Central” adlı özəl internet qrupunun kuratoru olub. Qrup üzvləri sızan sənədlərin sırf məlumat xarakteri daşıdığını, onların çoxunun Ukraynadakı münaqişə ilə bağlı olduğunu qeyd edib­lər.

Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, məxfi sənədlərin sızması qəs­dən törədilmiş cinayətdir: “Vurğulamaq istəyirəm ki, bu, mövcud prosedurların pozulması ilə qəsdən törədilmiş cinayət əməlidir”.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəş­fiyyat İdarəsinin rəisi Kirill Budanov isə deyib ki, məxfi sənədlərin geniş miqyas­da sızmasından yalnız Rusiya qazanır. “Araşdırmadan sonra biz yekun cavabı alacağıq. Bizim ABŞ-ın müvafiq xidmət­ləri ilə əlaqələrimiz var. İlk saatlardan danışıqlara başladıq. Ukrayna-ABŞ mü­nasibətlərinə xələl gətirəcək heç bir risk yoxdur. Məlumat sızması müharibənin gedişatına böyük təsir göstərə bilməz. Problem varsa, həll ediləcək. Problem yoxdursa, daha yaxşı... Bu, hücum əmə­liyyatlarının real nəticələrinə təsir edə bil­məz. Yaxın gələcəkdə əks-hücumun nə­ticələrini hamı görəcək və hiss edəcək”.

Xatırladaq ki, sızmış sənədlərdən ABŞ-ın BMT-nin Baş katibi Antonio Quterreşi də izlədiyi məlum olub. Sənəd­lərdən görünür ki, baş katib taxıl söv­dələşməsini qoruyub saxlamaq üçün Rusiyanın maraqlarını nəzərə alıb və Av­ropa Komissiyasının başçısı Ursula fon der Lyayenin Ukrayna üçün çoxlu silah istehsal etmək zərurəti ilə bağlı çağırışını başa düşmədiyini bildirib.

ABŞ-ın fikrincə, bu addımlar Ukray­nadakı hərəkətlərinə görə Rusiyanın mə­suliyyətə cəlb edilməsi ilə bağlı səyləri pozub.

“Xalq qəzeti”

Son xəbərlər