Makron Avropada böyük təcrid qarşısında

post-img

Fransa prezidenti Emmanuel Makron Çinə səfərdən qayıtdıqdan sonra verdiyi bir sıra bəyanatlar avropalı siyasilər tərəfindən ciddi narazılıqla qarşılanıb. Hələ də bəzi ölkələrdə Makronun fikirləri tənqid atəşinə tutulmaqdadır. Xüsusilə onun nüvə silahının sahib ölkələrin ərazisindən kənar ölkələrdə yerləşdirilməsinin yolverilməzliyi (bu fikirlər Rusiyaya ünvanlanmış olsa da, əslində ABŞ-a da toxunur) və Avropanın ABŞ-dan asılılığı barədəki fikirləri kəskin reaksiya doğurub. 

Makron Çin səfərindən sonra “Les Echos” qəzetinə müsahibəsində Avropa­nın müstəqil siyasət yürütməli olduğunu demişdi: “Avropa son illərdə ABŞ-dan çox asılı vəziyyətə düşüb, lakin o strateji muxtariyyətini gücləndirməlidir...” Makro­nun Avropanın ABŞ-dan strateji müstəqil­lik qazanması və Tayvan böhranına qa­rışmamasının vacibliyi barədəki sözləri Avropada süngü ilə qarşılanıb. Dünən Almaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot Fransa prezidentinin bu fikirlərin bədəlini ağır ödəyəcəyini bildirib.

Rot birmənalı şəkildə bəyan edib ki, Makronun açıqlaması ilə razılaşmır. Çünki onun ABŞ-a qarşı səsləndirdiyi it­tihamların heç bir əsası yoxdur: “Bu, çox narahatedicidir. Makron bunun bədəlini ağır ödəyəcək. Bəyanatları ilə birlik və komanda ruhunun lazım olduğu bir vaxt­da Avropanı parçalamaqla hədələyir. Bu, əlbəttə, beynəlxalq tərəfdaşlarımızı qı­cıqlandırır”.

Rotun sözlərinə görə, Vaşinqton da Makronun fikirlərindən narazı qalıb. Belə ki, onun iddiaları vahid Avropanın təməl­lərinin sarsıdılmasına yönəlib. Xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində Makrona qarşı böyük reaksiya yaranıb. Çünki bu ölkələr təhlükəsizliklərinin təmi­natı məsələsində Almaniya və Fransadan çox ABŞ-a güvənirlər. Amma Makronun ritorikası bu ölkələri Avropa İttifaqından siyasi cəhətcə uzaqlaşdırmağa xidmət edir.

Qeyd edək ki, bir qədər əvvəl Alma­niyanın müdafiə naziri Boris Pistorius da Fransa prezidentini tənqid etmiş, Avro­panın ABŞ-ın subyekti olması iddiasını “uğursuz tapıntı” adlandırmışdı.

Ümumiyyətlə, Makronun son illərdə həyata keçirdiyi siyasət, demək olar ki, bütün istiqamətlərdə uğursuzluqla nəti­cələnir. Onun bir neçə aydan bəri geniş etirazlara səbəb olmuş pensiya islahatla­rı ilə bağlı hazırladığı qanun layihəsi də bu sıradandır. Dünən Fransanın Moskva­dakı səfirliyinə içərisində sümüklər olan bağlama göndərilməsi də, şübhəsiz ki, Makronun siyasətinə etiraz əlaməti he­sab edilməlidir. Kiçik heyvan və ya quşa aid olan sümüklərin nə məqsədlə göndə­rildiyi məlum olmasa da, hər halda, Fran­saya qarşı mesaj olduğu birmənalıdır.

Ölkədəki pensiya islahatları ilə bağlı geniş kütlələri əhatə edən aksiyalar isə daha böyük söhbətin mövzusudur. Ma­raqlıdır ki, Fransada pensiya islahatına qarşı etiraz edən nümayişçilər müba­rizədən əl çəkmək fikrində deyillər və bu mübarizədə ölkənin həmkarlar təşkiları da onlarla birgədir. Nümayişçilər hər dəfə toplaşanda növbəti aksiyanın anonsunu verməyi və bu barədə Makron hökumə­tini xəbərdar etməyi də unutmurlar. Yəni mübarizə davam edəcək...

Aprelin 13-də ölkənin 300-dən çox şəhər və qəsəbəsində keçirilmiş aksi­yalar da kifayət qədər kütləvi oldu. Bu, sayca 12-ci aksiya idi. Etirazlara əsasən təhsil, nəqliyyat və energetika işçiləri qo­şulublar. Həmkarlar ittifaqları 1,5 milyon, Daxili İşlər Nazirliyi isə 380 min etirazçı­nın nümayişlərdə iştirak etdiyini bildirib.

Paytaxt Parisdə isə, Həmkarlar İt­tifaqlarının məlumatına görə, 400 min insanın, polisin məlumatına görə isə, 42 min etirazçının nümayiş keçirdiyi bildirilib. Nümayişçilər Opera meydanından Basti­liya meydanına doğru irəliləyiblər. Kons­titusiya Məhkəməsinin binası qarşısına toplaşan nümayişçilər qurumun pensiya islahatlarının taleyinə aydınlıq gətirəcəyi­ni gözləyiblər. Lakin cavab almayan küt­lə binanın önünə zibil qalaqları töküblər. Konstitusiya Məhkəməsi özünün qərarını aprelin 14-də elan edəcəyini bildirib.

Etirazçılar isə hökumətin pensiya sahəsindəki dəyişikləri ləğv etməsi tələ­bini səsləndiriblər. Hökumətin rəsmi nü­mayəndəsi Olivye Veran bildirib ki, Fran­sa hökuməti ölkədə gərginliyi azaltmaq istəyir. Görünür, Makron “iki ayağını bir başmağa soxub” inadlaşmaqdan çəkin­mək qərarına gəlib.

Daxili işlər naziri Jerald Dermanen Parisin polis departamentinə aprelin 15-nə qədər Konstitusiya Məhkəməsi­nin qarşısında nümayişə toplaşmağın qadağan edilməsi barədə göstəriş ve­rib. Ərazidə toplaşanlar polis tərəfindən dağıdılıb, 2240 nəfər yoxlanılıb. Onlarca nümayişçi polis tərəfindən saxlanılaraq dindirilib. Toqquşmalar nəticəsində nü­mayişçilər və polislər arasında yarala­nanlar olub.

Bordo, Lion, Renn kimi şəhərlərdə də nümayişçilərlə polis arasında toqquş­ma qeydə alınıb. Məlumata görə, Lionda “Actu Lyon” saytının jurnalisti yaralanıb.

Həmkarlar İttifaqları may ayında daha böyük etiraz aksiyasının keçirilə­cəyi barədə xəbərdarlıq edib.

Tural İSMAYILOV,
Politoloq

Fransada Emmanuel Makron hakimiyyətə gəldikdən sonra ölkənin bütün siyasi münasibət­lər sistemi ancaq dağıdıcılığa və xaosa köklənib. Ümumiyyətlə, Makronun hakimiyyəti Fransa ta­rixinin bəlkə də ən pis siyasi döv­rü kimi xarakterizə edilə bilər. Bu, təkcə Fransanın xarici siyasət məsələləri ilə bağlı deyil, eyni za­manda, daxili siyasətlə bağlı da çox ciddi problemlər mövcuddur. 

Emmanuel Makronun birmə­nalı olaraq Ermənistanı dəstək­ləyən siyasət həyata keçirməsi, Avropa İttifaqı daxilində bölücü funksiya icra etməsi ittifaqın par­çalanmasına səbəb olur. Böyük Britaniyanın “Brexit” qərarı ver­məsindən sonra Makronun açıq şəkildə Londona qarşı demarş siyasəti yürütməsi, Çin səfərin­dən sonra Tayvan mövzusunda ABŞ-a qarşı açıq demarş etmə­si, eləcə də Vaşinqtonu Avropa­nın işlərinə qarışmaqda ittiham etməsi Avropa-ABŞ münasibət­ləri baxımından da vəziyyətin gərginləşməsinə səbəb olur. Bu gərginliyi yaradan da, heç şübhə­siz, Makronun həyata keçirdiyi siyasətdir. 

Eyni zamanda, Fransanın daxili siyasətində atılan yanlış addımlar, xüsusilə pensiya isla­hatları adını almış qanun layihəsi xalqın kütləvi etirazlarına səbəb olub. Bu gün Makron xalqın səsi­ni eşidərək, islahatlar həyata ke­çirmək əvəzinə, daha da dağıdıcı və xaotik addımlar atır. Bu, isə ölkədə vəziyyətin daha da gər­ginləşməsinə səbəb olur.

Ümumiyyətlə, Makron hər zaman aldığı siyasi qərarlarda sabitlikdən kənar addımları ilə tanınıb. Bu isə onun idarəetmə sistemindəki naşılığı və qey­ri-peşəkarlığı ilə bağlıdır. Eyni zamanda, Fransa tarixinin bir çox dövrlərində irqçilik və radikal siyasəti üzündən problemlərlə qarşılaşanda hər zaman geriyə addımlar atıb. Bu da həm Fran­sanın tarixi missiyası və siyasəti, həm də Makronun özünün şəxsi keyfiyyətsizlikləri baxımından la­büd və adi bir prosesdir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”



Siyasət