Ən yüksək rütbəli şəhid həkim

post-img

Bu gün Qarabağın işğaldan azad edilməsindən, torpaqlarımızda gedən abadlıq, quruculuq işlərindən qürurla söz açırıq. Köçkünlərin ata-baba yurdlarına qayıtmasını böyük sevinclə dəstəkləyirik. Bu günləri xalqımıza yaşadan şəhidləri və qaziləri isə əsla unutmuruq. Şükür edirik ki, şəhidlərimizin ruhu bu gün şaddır, qazilərimiz hər cür diqqət və qayğı ilə əhatə olunublar. Kəlbəcərdə, Laçında, Şuşada... bayrağımız dalğalanır, ordumuz güclüdür və üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban verən hər bir şəhidin ruhu qarşısında ehtiramla baş əyirik!

Vətən müharibəsində kimisi silahı ilə vuruşub, kimisi də yaralılara yar­dım edib həyata qaytararaq özü şə­hidlik məqamına yüksəlib. Şəhid pol­kovnik-leytenant, Azərbaycanın hərb tarixində və həmçinin Vətən müharibəsi tarixində canını qurban verən ən yük­sək rütbəli tibb xidməti qulluqçusu Ra­sim Abdullayev kimi.

Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcərin Milli kən­dində doğulmuşdu. Orta məktəbi də, Azərbaycan Tibb Universitetini də yük­sək səviyyədə başa vurmuşdu... 

O, 2000-ci ildə könüllü olaraq Azər­baycan Silahlı Qüvvələrinin tibb xid­mətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlayır. İlk xidmətini 2000-ci ildə Əhmədbəyli hospitalında keçir. 2005–2016-ci illərdə Mərkəzi Hərbi Poliklinikada terapiya şöbəsinin, daha sonra Gəncədə yerləşən hərbi poliklini­kanın rəisi olur. O, 2016-cı ilin Aprel dö­yüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərir. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunur. 2020-ci ilin əv­vəllərində Rasim Abdullayev son vəzifə­sinə – Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində tibb bölüyünün komandiri təyin olunur və Vətən müharibəsi başla­yana qədər bu vəzifəni icra edir.

Vətən müharibəsində Rasim cəbhəyə getməyə onun daha çox haqqı olduğunu deyirdi. Çünki təbiətin gözəl, axar-baxarlı guşələrindən olan doğma yurdu vandal ermənilər tərəfindən işğal olunmuşdu. Yurd yanğısı onun ürəyin­də erməniyə qarşı elə nifrət oyatmışdı ki, “qarşıma çıxanı əllərimlə boğaram” – deyirdi. 

Vətən savaşında döyüşçü kimi yox, hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərib. O, yeni azad edilən, təhlükə­li və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tib­bi yardım göstərməkdən çəkinməyib. Güllə yağışı altında yaralılarımızı təh­lükəsiz mövqelərə çəkərək tibbi yardım göstərməyi bacarıb.

O, Vətən müharibəsinin son günlə­rində komandanlıq tərəfindən növbəti tapşırıq alır: Şuşa istiqamətində ağır yaralı zabitlərə təcili tibbi yardım göstə­rilməlidir! Rasim cəld lazım olan tibbi lə­vazimatlar və preparatlarla dolu çantanı çiyninə alıb tapşırığı yerinə yetirməyə tələsir. Həmin gün o, yaralılara son tibbi yardımını edir. Xocalının Çanaqçı kən­dində, aldığı yaralardan həlak olur...

Yeri gəlmişkən qeyd edək ki, Rasim Abdullayev şeir yazmağı çox sevərmiş. Onun 100-dən çox şeiri qalıb. Kədər, həsrət hiss olunan, şəhidimizin ruhuna ehtiram ifadə edən “Tələsmə” şeirindən bir bəndi xatırlayaq:

Bu da yol ayrıcı, bu da son vida…

İndi günəş soyuyacaq, tələsmə!

Ayrılıq gələcək əlində qılınc,

Bizi qana boyayacaq, tələsmə!..

Həmin gün 2020-ci il noyabrın 10-da gəldi və o, Vətənə iki – Miryaqub və İslam adlı oğullarını əmanət edərək cənnətə köçdü. Şəhid polkovnik-leyte­nant II Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi torpağa tapşırıldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliy­yatlarına qatıldığı və hərbi hissə qar­şısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Rasim Abdullayev “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edi­lib.

Qeyd edək ki, Rasim Abdullayev xid­mət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Si­lahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, həmçinin 3-cü dərəcəli “Qüsursuz xid­mətə görə”, 2-ci dərəcəli “Qüsursuz xid­mətə görə” medalları ilə də təltif olunub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat